Muəllif:

Heydər Əliyev Azərbaycançılıq ideologiyasının strateqi kimi

Dünyanın siyasi səhnəsində dövlətlərin uzunömürlü olması ilk növbədə onun ərazisində yaşayan bütün xalqları öz ətrafında birləşdirməyi bacaran və möhkəm təməllər üzərində qurulan siyasi ideologiyasının olmasından asılıdır. Hələ min illər əvvəl Azərbaycan amili bu ərazidə yaşayan bütün xalqlar üçün birləşidirici bir məfhuma çevrilmişdi. XVI əsrdə Azərbaycanın böyük hökmdarı və qüdrətli dövlət xadimi Şah İsmayıl Xətai tərəfindən Azərbaycan türkcəsinin dövlət dili səviyyəsinə qaldırılması burada yaşayan xalqların Azərbaycan ətrafında daha sıx birləşməsində önəmli faktora çevrildi.
Tarixi dönəmlərdə bu ideyanın inkişaf etdirilməsinə zərurət getdikcə daha da gücləndirildi. Bunun ən tarixi nümunəsi XX əsrin əvvəllərində gerçəkləşdirildi. Belə ki, 1918-ci ildə qurulan və Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə azərbaycançılıq ideologiyası daha da inkişaf etdirildi. Təsadüfi deyil ki, azərbaycançılıq ideologiyası həm də birləşdirici bir məfhum hesab olunur. Bu da ondan irəli gəlir ki, azərbaycançılıq ideyası ətrafında, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkədəki bütün insanlar birləşib. Azərbaycanda yaşayan bütün xalqlar azərbaycançılıq ideyasını birləşdirici, vəhdət yaradıcı bir ideya kimi qəbul edirlər. Azərbaycançılıq ideyasının fundamental əsaslarından birini də məhz bu faktor təşkil edir. Bu baxımdan azərbaycançılıq ideyası, demək olar ki, əhalinin bütün spektrini əhatə edir.
Tədqiqatçı alim, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə milli ideologiya tipi kimi azərbaycançılığın aşağıdakı şərtlərini aşağıdakı kimi bölür: maarifçilik yolu ilə inandırma, tarixi əsaslandırma, təşkilatlandırma, istiqamətləndirmə və yenini yaratma. Onun mülahizələrinə görə, azərbaycançılığın tərkib hissələri bunlardır:
— Məfkurəçilik (ülgüçülük), yəni sosioloji aspekt
— İstiqlalçılıq (kökə qayıdış azadlığın tarixən mənimsənilməsi)
— İttihadçılıq (birlikçilik).
Onun üç bağlantısı var:
a)vətəndaşlıq; b)gendaşlıq; c)dindaşlıq;
— Türkçülük (milli ideya kimi);
— İslamçılıq (ümmətçilik formasında) — Şərqdə ümmətçilik dövlət yaratmaq qüdrətinə malikdir.
— Ünsiyyətçilik. Vahid dillə (Azərbaycan türkcəsi) və mədəniyyətlə vəhdət.
Əslində azərbaycançılıq ideologiyasının çox qədim tarixi kökləri vardır. Tarixin qədim dövrlərindən başlamış müasir günümüzə qədər Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini, polietnik zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası təşəkkül tapmışdır. Azərbaycan tarixən çoxmillətli ölkə, milli və dini tolerantlığın bərqərar olduğu məkan kimi tanınmış və bu üstün cəhətlər azərbaycançılıq məfkurəsinin əsasını təşkil etmişdir. Xalqımızın böyük mütəfəkkirlərinin, dövlət adamlarının, ictimai xadimlərinin fəaliyyətində bu ideya təkmilləşdirilərək tarixi zərurət forması əldə etdi.
XX əsrin 80-ci illərinin sonlarında Azərbaycanda başlayan milli-azadlıq mücadiləsi və bu müstəvidə yaşadığımız faciələr həm ölkə daxilində, həm də xaricdə yaşayan soydaşlarımızın vahid ideya ətrafında birləşdirilməsi və onların imkanlarından istifadə edilməsini taleyüklü bir məsələ kimi ortaya çıxardı. Bu məsuliyyətli və taleyüklü məsələnin həllini öz üzərinə götürən görkəmli dövlət xadimi Heydər Əliyev qısa müddətdə tarixiliklə müasirliyin tam vəhdətinə nail oldu. O, bu müstəvidə dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsinin, Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm daşıdığını uzaqgörənliklə müəyyən etdi. Həmin dövrdə Heydər Əliyev tərəfindən irəli sürülən azərbaycançılıq ideyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil etməyə başladı.
Heydər Əliyev azərbaycançılıq ideologiyasını Azərbaycan dövlətinin ana xətlərindən birinə çevirərkən ilk növbədə tarix boyu əldə edilmiş zəngin təcrübədən məharətlə və uzaqgörən bir strateq kimi istifadə etdi. Bu baxımdan Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir. Məhz azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu. Çünki azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsidir. Bu istiqamətdə də Heydər Əliyev Azərbaycan dilinin, tarixinin ədəbiyyat və mədəniyyətinin yeni — azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və startegiyasını formalaşdırdı. Onun 2001-ci il iyun ayının 18-də imzaladığı «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında», həmçinin 9 avqust 2001-ci il avqust ayının 9-da imzaladığı «Azərbaycan əlifbası və Azərbaycan dili Gününün təsis edilməsi haqqında» Fərmanı böyük tarixi-siyasi əhəmiyyətə malikdir.
Heydər Əliyev öz çıxışlarında bir vacib məqamı hər zaman diqqətə çatdırıb ki, Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir və biz bunu qoruyub saxlamalı, dünyaya ən yüksək səviyyədə təbliğ etməliyik:»Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib».
Azərbaycançılıq ideologiyası, bir tərəfdən, Azərbaycan türklərinin ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içində yaşamaq istəyinin bariz göstəricisidirsə, digər yandan, Azərbaycanın türk dünyasının ayrılmaz parçası olduğunun təsdiqidir. Odur ki, azərbaycançılığı realist milli inkişaf modeli olaraq qəbul edən Azərbaycan türk dövlətləri arasında da bəlağət və pafosdan uzaq, səmimi və qarşılıqlı faydalı tərəfdaşlıqdan yana olduğunu daima nümayiş etdirir. Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların dağınıq halda yaşamaması, onların diaspor fəaliyyəti göstərməsi üçün milli həmrəyliyin vacib olduğunu bildirdi. O, həm də yaxşı dərk edirdi ki, milli həmrəyliyin möhkəmlənməsi üçün azərbaycançılılıq ideologiyası zəruridir. Məhz bu ideologiyanın təbliği nəticəsində Azərbaycanı hansı səbəbdən tərk etmələrindən asılı olmayaraq xaricdə yaşayan soydaşlarımız arasında milli həmrəylik yarandı və onlar ümummilli maraqlar naminə birlikdə fəaliyyət göstərməyə başladılar. Bunun nəticəsində də soydaşlarımız arasında azərbaycançılıq ideologiyası milli həmrəyliyin konsepsiyasına çevrildi. Prezident xarici dövlətlərə ilk səfərlərindən başlayaraq getdiyi hər bir ölkədə yaşayan həmvətənlərimizlə — oradakı azərbaycanlı icmasının böyük və ya kiçikliyindən asılı olamayaraq — görüşlər keçirir, onların problemləri, qayğıları ilə maraqlanır, tövsiyələrini verirdi. Azərbaycan diasporunun yeni mərhələdə inkişaf tezislərini də məhz böyük öndərin həmin görüş və çıxışlarda söylədiyi fikirlər, müddəalar təşkil etmişdir. Özü də bu hər zaman şüarçılıqdan uzaq, reallığı əks etdirən, zərurətdən doğan fikir və müddəalar olub. Bu baxımdan Heydər Əliyevin 2001-ci ilin noyabrında Bakıda Dünya azərbaycanlılarının I qurultayında bəyan etdiyi tezislər əslində azərbaycançılığın, Azərbaycan təəssübkeşliyinin ən lakonik ifadəsi idi: «Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı yaşatmalıyıq».
Heydər Əliyevin azərbaycançılıq ideologiyasında tarixiliklə müasirliyin nəzəri vəhdəti əsas yer tutur. Azərbaycançılığın ümummilli ideologiya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Bu ideologiya Azərbaycan dövlətinə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik əlamətlər əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər olmuşdur. Bunu onun Dünya Azərbaycanlılarının Qurultayındakı nitqi (10 noyabr, 2001-ci il) də sübut edir. Heydər Əliyevin qurultaydakı çıxışı azərbaycançılığın tarixi proqram sənədi hesab edilir. Heydər Əliyev qurultaydakı çıxışında demişdir: «Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi, həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı — Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq».

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 3520