Muəllif:

Həbs olunmaqdansa, cərimə yaxşı imiş

İcazəsiz aksiya təşkilatçılarına və iştirakçılarına qarşı tətbiq olunan cərimələrin məbləğinin artırılması ilə bağlı İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklər bu ilin yanvar ayından qüvvəyə mindiyi üçün o tarixdən sonra keçirilən bütün icazəsiz aksiyalara, mitinqlərə şamil olunur. Əsgər ölümü ilə bağlı gənclərin keçirdiyi son aksiya da bunlardan biridir. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gənclərin əsgər ölümü ilə bağlı keçirdikləri aksiyada saxlanan şəxslərə tətbiq olunan cərimələrin məbləğinin yüksək olmasına münasibət bildirərkən deyib.
Ə. Hüseynli qeyd edib ki, qanuna edilən dəyişikliyin müəllifi və komitə kifayət qədər haqlıdır: “Çünki cərimə sanksiyalarının tətbiqi icazəsiz mitinqlərdən və piketlərdən sonra baş verən həbslərin qarşısını almış oldu. Faktiki olaraq iqtisadi sanksiyalar həbslərin və bu həbslərdən sonra yaranan problemlərin qarşısını aldı. Bu baxımdan, bu dəyişikliklərdən sonra qanun əvvəlkindən daha mütərəqqidir, daha humanistdir və hər iki tərəfdə həbslərlə bağlı yaranan narahatlığı aradan qaldırmış oldu. Elə dəyişikliyi də zəruri edən amillərdən biri bu problem idi. Çünki indiyə qədər icazəsiz piketlərdən, mitinqlərdən sonra az və ya çox müddətə həbslər olurdu ki, bu da problemlər yaradırdı”.
Komitə sədri vurğulayıb ki, demokratik cəmiyyətdə fikir və söz azadlığının ifadəsi, sərbəst toplaşmaq hüququnun həyata keçirilməsi və s. zamanı tətbiq olunan cəza adekvat olmalıdır: “Burada həbslərin həyata keçirilməsi etik prinsiplərə, insan hüquqları sahəsində götürdüyümüz öhdəliklə ziddiyyət təşkil edirdi. Sərbəst toplaşma ilə bağlı da bu problem son dövrlərə qədər yaşanırdı: qanunvericilikdə icazəsiz aksiyanın qarşısını almaq üçün cəza olaraq ancaq həbs nəzərdə tutulurdu. İndi isə artıq bu qanun iqtisadi sanksiyaları nəzərdə tutur. Buna görə də hesab edirəm ki, bu baxımdan tətbiq olunan iqtisadi sanksiyalar daha düzgündür, daha demokratikdir”.
Gənclərin aksiyadan sonra cərimələrlə bağlı keçirdikləri “5 qəpikdən toplama” aksiyasına da münasibət bildirən Ə. Hüseynli bunu onların qanuna hörmətlə yanaşması kimi dəyərləndirib: “Gənclər Azərbaycanın radikal müxalifətinin əvvəllər keçirdiyi aksiyalardan fərqli olaraq qanuna hörmətlə yanaşırlar, cəriməni ödəmək üçün belə bir aksiya keçirirlər. Formasından asılı olmayaraq, o pulu yığmaq üçün toplaşırlar. Bu onların qanuna hörmətindən irəli gəlir. Bu da o deməkdir ki, qanunun effektliliyi, profilaktik nəticəsi artıq özünü göstərir. Yəni, gələn dəfə aksiya keçirən zaman artıq onlar bunu razılaşdırmaq barədə düşünəcəklər və əminəm ki, bizim gənclər məhz bunu edəcəklər”.
Komitə sədri əsgər ölümünə etiraz məqsədilə aksiya keçirilməsinə də münasibət bildirib: “Bu onların hüququdur. Mənim şəxsi baxışım isə ondan ibarətdir ki, baş vermiş hadisə ilə bağlı dövlət orqanlarının gördüyü tədbir kifayət qədər adekvat idi. Müdafiə Nazirliyi öz səlahiyyətləri çərçivəsində tədbir görür: kiməsə şiddətli töhmət verilir, kimsə işdən azad olunur və sair. Hüquq mühafizə sistemi isə öz səlahiyyətləri çərçivəsində növbəti tədbirlər görür: cinayət işi başlayır, hətta həbs-qətimkan tədbiri seçir. Bir sözlə, dövlət artıq kifayət qədər adekvat tədbir görür. Əgər aksiya bu məsələni ictimailəşdirməkdən ibarət idisə, bu, yanlış düşüncədir. Onsuz da məsələ kifayət qədər ictimailəşdi. Yox, əgər bu aksiya həyata keçirilən tədbirlərdən narazılıq əlaməti idisə, mən bununla razı deyiləm. Çünki sadaladığım kimi, artıq lazımı qurumlar tərəfindən lazımi tədbirlər görülür və insanlar bunun hüquqi nəticələrini gözləməlidirlər”.
Ə. Hüseynli əsgər ölümünün hamını narahat etdiyini də vurğulayıb: “Kim istəyər ki, ordusunda əsgər ölsün?! Heç kim! Bu, elə mövzudur ki, bu barədə cəmiyyətimizdə fikir ayrılığı yoxdur. Amma o da məlumdur ki, belə hallar təəssüf ki, baş verir. Tək Azərbaycanda yox, bütün ölkələrin ordusunda hətta sülh şəraitində baş verir bu cür hallar. İstənilən halda heç kim arzulamaz ki, ordusunda əsgəri, istənilən vətəndaşı ölsün”.
Qeyd edək ki, “Əsgər ölümünə son!” şüarı ilə yanvarın 12-də keçirilən aksiyada saxlanan bir qrup şəxs ötən ilin sonunda Azərbaycanda İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən 300-600 manat arasında cərimələniblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 123