Muəllif:

Gürcüstan-Türkiyə münasibətləri gərginləşib

«Təəssüf ki, Türkiyə ilə münasibətlər çox ciddi şəkildə gərginləşib». APA-nın «Qruziya Onlayn»a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili dünənki brifinqdə bəyan edib.
Xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstan birgə Bakı-Tbilisi-Kars dəmiryol layihəsini həyata keçirir. Bu beynəlxalq əhəmiyyətli dəmiryol magistralı gələn ilin əvvəlinədək istifadəyə verilməli, hamıya, o cümlədən Gürcüstanın özünə böyük faydalar gətirməlidir. «Gürcü arzusu» koalisiyası hakimiyyətə gəldikdən sonra isə bu layihənin Gürcüstana fayda gətirməyəcəyi barədə gözlənilməz və təəccüblü fikirlər səsləndirilməyə başladı, lakin sonradan layihənin gerçəkləşməsinə heç bir təhlükə olmadığı bəyan edildi. Bu bəyanatın ilk tənqidçisi prezident Saakaşvili oldu.
«Bilirsiniz ki, hal-hazırda Türkiyə ilə münasibətlər çox ciddi şəkildə gərginləşib. Bu, çox şeydə özünü hiss etdirir, Türkiyə artıq bir çox sərmayə qoyuluşlarını dayandırıb. Türkiyə Gürcüstanın NATO-ya inteqrasiya məsələsində əsas tərəfdaş qismində çıxış edir. Türkiyə ilə münasibətlərdə problemlər yaranarsa, Gürcüstan NATO-ya daxil olmağa tarixi şansını itirmiş olur. Bundan başqa, Azərbaycan da Gürcüstanın strateji müttəfiqidir. Bu səbəbdən bütün qonşularla ciddi məsləhətləşmələr aparmadan müəyyən məsələlərin tələm-tələsik şəkildə irəli sürülməsi yolverilməzdir. İnanıram ki, bu, düşünülməmiş bəyanat olub, əks halda biz çox ciddi hadisə ilə üzləşmişik», deyə ölkə başçısı qeyd edib.
Əgər xatırlayırıqsa, Bidzina İvanişvili iş başına keçən kimi çox həssas mövzu olan Abxaziya dəmiryolunu gündəmə daşıdı. Tezliklə bu mövzu da tormozlandı. Prezident Mixail Saakaşvili dünənki brifinqdə baş nazir Bidzina İvanişvilinin Abxaziyadan keçməklə Rusiya ilə dəmir yolunun bərpa imkanları bəyanatından narahat olduğunu da dilə gətirmişdir. Prezident qeyd edib ki, bu bəyanatda narahatlıq doğuran bir neçə məqam var:
«İlk olaraq, bəyanatda geosiyasi-strateji maraqlar nəzərə alınmır. Abxaziyadan keçən dəmiryol əvvəllər də Gürcüstanı Rusiyadan keçməklə Avropaya birləşdirirdi. İndi bu yol çox köhnəlib. Əvvəllər bizim başqa dəmiryolumuz yox idi. Rusiya indiyədək bu yolu bağlı saxlayır və biz Azərbaycan ilə yeni, sürətli və müasir xətt olan Kars-Axalkalaki dəmiryolunu çəkirik. Bu gün Gürcüstan üçün bu dəmiryol magistralının bərpa edilməsinə ehtiyac yoxdur».
Gürcüstan prezidentinin sözlərinə görə, bu dəmiryolun istifadəyə verilməsi Rusiyaya ona görə sərf edir ki, Axalkalaki dəmiryolu Transsibir dəmiryolu ilə rəqabətə girir. «Bu dəmiryolu Çin və Orta Asiyadan başlayaraq Avropa istiqamətinə yük daşıyır və bizim dəmiryol Rusiya üçün təhlükə yaradır. İkincisi odur ki, Rusiya bu yolu açmaqla Abxaziyanın işğalını faktiki olaraq qanuniləşdirmək istəyir. Bugünkü şəraitə görə, «Rusiya Dəmir yolları» Abxaziya dəmiryol sahəsini mənimsəyib və Ermənistan dəmiryoluna müqavilə əsasında sahib olub. Buna görə, Abxaziyanın işğalı qanuniləşdirilir. Bu layihəyə cəmiyyətin xəbəri olmadan baxılması konteksti millət əleyhinə, dövlətçilik əleyhinə, Gürcüstan əleyhinə fəaliyyətdir. Bu, Gürcüstanın müstəqilliyini və gələcəyini sarsıdır və Gürcüstan torpaqlarını işğal edənin maraqlarına xidmət edir», — deyə prezident Saakaşvili vurğulamışdır.
Gürcüstan prezidenti qeyd edib ki, Gürcüstan Ermənistan ilə yaxşı münasibətlər qurmaq istəyir. Deyir:
«Biz Ermənistanın yüklərini Gürcüstan ərazisindən buraxmaq üçün çox işlər görmüşük. Biz bunun üçün Potidə Lazika limanının tikintisi ideyasını Ermənistan istiqamətinə yüklərin göndərilməsi üçün irəli sürmüşük. Bu məqsədlə biz Lars buraxılış məntəqəsini də açdıq. Biz heç zaman Ermənistanı təcrid etmək istəməmişik. Biri var Ermənistanla yaxşı münasibətlər qurasan, bir də var işğalçının strateji planını yerinə yetirəsən».
Xarici işlər naziri Mayya Pancikidzenin Azərbaycanın ərazi bütövlüyü barədə məlum bəyanatı və bunun ardınca baş nazir Bidzina İvanişvilinin İrəvandakı açıqlamalarının cümlə quruluşu da Bakıda təəccüb və heyrət doğurmuşdur. Çünki rəsmi Bakı indiyədək Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə və tam açıqlığı ilə ifadə etmişdir. Təbii ki, strateji tərəfdaşından və qonşusundan da adekvat münasibət gözləməkdə haqlıdır. APA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa bu münasibət barədə fikir bildirmişdir:
«Gürcüstanın baş naziri Bidzini İvanişvilinin Ermənistan rəsmiləri ilə görüşdə Azərbaycanın ərazi bütövlüyü məsələsini vurğulamadan problemin dinc yolla həllini dilə gətirməsi, eləcə də bu ölkənin Xarici İşlər Nazirinin ötən həftə Litvada verdiyi açıqlamada «məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyi» ifadəsini işlətmədiyini bildirməsi Azərbaycanın xarici siyasətində bəzi məqamların korrektə edilməsi zərurətini yaradır».
Fazil Mustafanın fikrincə, bu kimi açıqlamalar rəsmi Gürcüstanın Azərbaycanın ərazi bütövlüyü sözünü dilə gətirməklə erməniləri qıcıqlandırmaqdan çəkinməyə üstünlük verdiyini göstərir:
«Azərbaycan tərəfi də Abxaziya və Cənubi Osetiya münaqişəsinin Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həlli barədə indiyədək səsləndirdiyi rəsmi mövqedən imtina edərək, Rusiyanı qıcıqlandırma siyasətindən əl çəkməlidir. Fikrimizcə, bütün platformalarda Gürcüstanın ərazi bütövlüyü məsələsinə qeyri-müəyyən yanaşma ortaya qoyulmalıdır. Rəsmi Tiflis tərəfindən verilən son açıqlamalar Azərbaycana yönəlik ənənəvi xarici siyasət kursundan imtina kimi qiymətləndirilməli, buna qarşı tərəfimizdən adekvat addımlar atılmalıdır».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 241