Muəllif:

Güneydən yeni-yeni həbs xəbərləri

Güney Azərbaycanda ictimai-mədəni fəallara qarşı həbs formasında basqılar adi hal almışdır. Fərqli düşünənlərə zindan qapıları göstərilir. Son xəbərlərə görə, Təbrizdə tanınmış azərbaycanlı fəal həbs edilib. Cavid Nəzminin yaşadığı ünvana basqın edən məxfi polis əməkdaşları onun evində axtarış aparıblar. Ona aid kitablar və başqa şəxsi əşyalar müsadirə edilib, özü isə həbs olunub. Onun harada saxlanılması ilə bağlı bilgi verilmir.
Sarab şəhərinin inqilab məhkəməsi azərbaycanlı fəal Hamid Məlikabadini 6 ay həbs cəzasına məhkum edib. Hakim Xatiri bu milli-mədəni fəalı «sistemin əleyhinə təbliğatda» ittiham edib. Sarab Azad Universitetinin öyrəncisi olan Hamid Məlikabadi ötən il iyulun 29-da ETTELAAT məmurları tərəfindən öz ata evində tutulub. O, Babək Bəqayi ilə birlikdə Sarabın məxfi polis idarəsində bir neçə gün saxlanıb və işgəncələr altında sorğu-suala tutulub. Sonra isə Sarab prokurorunun göstərişi əsasında məxfi polisin Təbriz təcridxanasına köçürülüb. Sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılıb.
Məlikabadinin tutulması Sarab şəhərinin milli-mədəni fəallarına qarşı təzyiqlər sırasında baş verib. Hazırda Sarabda həbs olunmuş 10 nəfər azərbaycanlı ictimai-fəalın məhkəməsi gedir.
Başqa bir ictimai fəal — Oxtay Vəlizadə və Mehdi Kuxianın həbs edildiyi gündən bir ay keçməsinə baxmayaraq, hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılırlar. Ailəsi onların taleyi ilə bağlı məhkəmə orqanlarına müraciət etsə də, qaneedici cavab əldə edə bilməyiblər. Oxtay və Mehdi bir ay olar tutulublar, bir həftə Təbriz təcridxanasında mənəvi işgəncələr altında saxlanıldıqdan sonra Marağa şəhər zindanına köçürülüb. Onlar hələ də bu zindanda qeyri-müəyyən vəziyyətdə saxlanılırlar.
Məhəmməd Xətibinin taleyinə aydınlıq gəlib — onu məxfi polis idarəsindən Təbrizin mərkəzi zindanına köçürüblər. İndi zindanın qarantin bölməsində saxlanılır. Xətibi yanvarın 8-də öz ata evindən çıxarkən məxfi polis əməkdaşları tərəfindən tutulmuşdur. Xətibi bundan öncə də dəfələrlə tutulub və ağır təzyiqlərə məruz qalıb.
Son günlər KİV mənsublarına qarşı hücumlar da artıb və bu hadisələr Qərbdə rezonans doğurub. «Human Rayts Votç» beynəlxalq təşkilatı bununla bağlı bəyanat yayaraq, son günlər tutulan jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edib. «Media forum» saytının məlumatına görə, «Human Rayts Votç»un Orta Şərq üzrə rəhbəri Sara Li Vitson jurnalistlərə açıqlamasında deyib ki, İran Məhkəmə Sistemi ya tutulan jurnalistlərə qarşı irəli sürülən ittihamları möhkəm dəlil-sübutlarla ortaya qoymalı, ya da onları dərhal sərbəst buraxmalıdır. Sara Li Vitson əlavə edib ki, prokurorlar jurnalistlərin xarici ölkələrin mediası və ya hansısa müxalif siyasi bir cərəyanla əlaqə saxlamasının hansı dəlillərə görə cinayət sayılması haqda izahat verməyiblər:
«İran hakimiyyəti bu kimi əməlləri ilə bu ilin iyununda ölkədə keçiriləcək prezident seçkisi ərəfəsində jurnalistləri qorxutmaqla onları susdurmağa çalışır».
Bəlli olduğu kimi, məxfi polis yanvarın 27-də «Etimad», «Bahar», Şərq», «Arman» qəzetlərinin, «Asiman» həftəlik nəşrinin, eləcə də «İLNA» xəbər agentliyi redaksiyalarına qəfil hücuma keçərək yoxlama aparmağa başlayıblar. Yoxlamalardan sonra həmin redaksiyalarda işləyən 10 jurnalist (Əli Əkbər Müntəcəbi, Cavad Dəliri, Sasan Ağayi, Nəsrin Təxəyyüri, Mütəhhirə Şəfiyi, Nərgiz Cudəki, Emili Əmrai, Puriya Aləmi, Pejman Musəvi və Səba Azərpeyk) tutularaq bilinməz istiqamətə aparılıblar. Jurnalistlərin kompüterləri, CD-ləri, əlyazmaları və bir sıra şəxsi əşyaları götürülüb. Bundan başqa, yanvarın 26-da Süleyman Məhəmmədi və Milad Fədai Əsl, yanvarın 28-də isə Hüseyn Yağçı və Keyvan Mehreqan kimi jurnalistlər həbs edilmişlər.
Tutulan jurnalistlərdən yalnız Mütəhhirə Şəfiyi iki gün saxlandıqdan sonra mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb.
Xatırladaq ki, İranın İnsan Haqları Fəallarının yaydığı məlumata görə, son bir ayda bu ölkədə 49 nəfər edam edilib.
Son bilgilərə görə, həbs edilmiş jurnalistlər BBC ilə əməkdaşlıqda ittiham olunurlar. «Həbs edilmiş jurnalistlərin Böyük Britaniyanın BBC telekanalı ilə əməkdaşlıq etdiyinə dair əlimizdə faktlar var». APA-nın «əl-Ərəbiyyə» telekanalına istinadən məlumatına görə, bu barədə ETTELAAT-ın son günlərdə həbs edilmiş jurnalistlərlə bağlı yaydığı bəyanatda yazılıb.
Nazirlikdən bildirilib ki, psixoloji təsirə malik olan BBC İranda qarşıdurmalar yaratmağa çalışır: «Həbs edilənlərdən bəziləri BBC ilə bilməyərəkdən əməkdaşlıq edib. Ona görə də belələri sərbəst buraxılacaq. Xarici kütləvi informasiya vasitələri ilə əməkdaşlıq ittihamı ilə başqa jurnalistlərin də həbs ediləcəyi ehtimal olunur».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 340