Muəllif:

Əsgər ölümü siyasi gündəmi silkələdi

Bu gün saat 16.00-da Fəvvarələr meydanında Azərbaycan ordusunda qeyri-döyüş şəraitində əsgər ölümlərinin artması və xüsusilə də bu günlərdə əsgər Ceyhun Qubadovun zorakılıq nəticəsində öldürülməsinə etiraz olaraq aksiya gözlənilir. Facebook sosial şəbəkəsində elan olunmuş aksiyaya 12 min nəfərdən çox istifadəçi qoşulacağını bəyan edib. DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, Bakı Şəhər İH ilə razılaşdırılmamış istənilən aksiya qanunsuz olduğundan onun qarşısı polis tərəfindən alınacaq.
Söhbət iki ay öncə hərbi xidmətə çağırılan və bir neçə gün öncə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə həyatına son qoyulmuş, 1994-cü il doğumlu Ceyhun Zaman oğlu Qubadovdan gedir. Mətbuatda yayılan ilkin məlumatlara görə, əsgər postda olarkən keçinib. İlkin ehtimala görə, Ceyhun Qubadov ürək tutmasından vəfat edib. MN mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyərək bildirmişdi ki, əsgər gecə saat 00.35 radələrində qəflətən keçinib.
Amma az keçmədi mərhum əsgərin anası Samirə Qubadova onun meyitiinin fotolarını və videolarını ictimaiyyətə açıqladı və bunlardan göründü ki, əsgər ciddi zorakılığa məruz qalıb. Bundan sonra gənclər təşkilatları, siyasi partiyalar ardıcıl bəyanatlar yaymağa başladılar, sosial şəbəkələrdə mitinqin günü elan olundu.
Rəsmi strukturlar nə deyir?
İctimaiyyətdə etiraz dalğasının güclənməsinin ardınca MN və Hərbi Prokurorluq bəyanat yaydılar. Bəyanatda bildirildi ki, N saylı hərbi hissədə həqiqi hərbi xidmətə çağırılmış Ceyhun Zaman oğlu Qubadovun 7 yanvar 2013-cü il tarixdə ölümü ilə əlaqədar Hərbi Prokurorluqda CM 342.2-ci (Qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın gedişi xüsusi nəzarətə götürülüb. MN və Hərbi Prokurorluğun rəhbər əməkdaşları müvafiq araşdırmalar aparılması məqsədi ilə bölgəyə ezam olunub. Cinayət işi üzrə istintaq-əməliyyat qrupu tərəfindən qısa müddət ərzində tam, hərtərəfli istintaq aparılmaqla təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması təmin olunacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək.
MN mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-nın sualına cavab olaraq deyib ki, əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı istintaq prosesi aparılması ilə əlaqədar cəmiyyət məlumatlandırılıb:
«Əlbəttə, bu, çox ağır itkidir. Respublika Hərbi Prokurorluğu ilə birgə bəyanatımızda da bu qeyd olunub. Ancaq nə etməliyik ki, bu cür amansız təsadüflərdən bəzən qaçmaq olmur. Müdafiə Nazirliyi bununla bağlı Ceyhunun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir».
Sabiroğlu deyib ki, ölüm hadisəsi ilə bağlı müdafiə nazirinin göstərişi ilə qurumun müvafiq strukturları tərəfindən Qubadovun xidmət etdiyi hərbi hissədə dərhal araşdırmalara başlanılıb:
«Respublika Hərbi Prokurorluğunda da öz növbəsində ölüm faktı üzrə cinayət işi qaldırılıb, hazırda istintaq gedir. Ölümə səbəb olan vəziyyətin tam dəqiqləşdirilməsi üçün nazirlik Hərbi Prokurorluqla birgə hərtərəfli araşdırmaları davam etdirir. Nəticə barədə ictimaiyyət bilgiləndiriləcək».
Sabiroğlu onu da qeyd edib ki, əsgər Qubadovun ölümü ilə bağlı səslənən döyülmə iddiaları üzərində də ciddi araşdırmalar aparılır:
«Nazirliyin rəhbərliyi bu məsələyə xüsusilə diqqət yetirir. Təqsirkarların məsuliyyətə cəlb ediləcəyinə kimsənin şübhəsi olmasın. Bir məqama toxunmağı vacib hesab edirik ki, gənc Ceyhunun ölümünə ictimai diqqətin həssas münasibətini dərk edir və buna anlayışla yanaşırıq. Burada qətiyyən başqa bir çalar axtarmaq və ya güdmək niyyətimiz yoxdur».
Mətbuat xidmətinin rəisi bildirib ki, nazirin əmrinə əsasən, təqsirkar zabitlərə şiddətli töhmətdən tutmuş, hərbi rütbələrin endirilməsinə qədər müxtəlif cəzalar verilib: «Eyni zamanda bəzi zabitlər tutduqları vəzifədən azad olunublar. Araşdırmalar nəticəsində başqa şəxslərin də təqsiri aşkar edilərsə, onlar da cəzalandırılacaqlar».
Daha sonra yayılan xəbərlərdə bildirildi ki, Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun müəmmalı ölümü ilə bağlı müdafiə naziri Səfər Əbiyev bir sıra əmrlər imzalayıb. Nazirin əmri ilə hadisənin baş verdiyi N saylı hərbi hissənin tabe olduğu Şəmkir hərbi birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərova töhmət elan edilib. Hərbi hissə komandiri polkovnik-leytenant Polad Həşimovun rütbəsi mayora endirilib. Bundan başqa, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini və bölük komandiri vəzifələrindən azad olunub.
Eldar Sabiroğlu kimlərin cəzalandırılması ilə bağlı APA-nın sorğusuna cavab olaraq deyib ki, bir neçə yüksək rütbəli zabit barəsində vəzifə səlahiyyətlərini lazımi səviyyədə yerinə yetirmədiklərinə görə təsirli tədbirlər görülüb: «Nazirin əmri ilə korpus rəhbərliyi ciddi cəzalandırılıb. Bundan başqa, briqada komandirinin rütbəsi bir pillə endirilib. Briqadanın qərargah rəisi tutduğu vəzifədən azad edilib. Tabor komandiri, taborun qərargah rəisi və bölük komandirinin rütbələri də bir pillə aşağı salınıb».
Əsgər anası nə deyir?
Dünən əsgər anası Samirə Qubadova baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilib.»Baş prokuror bildirdi ki, cinayət işi nəzarət altında davam etdirilir» — bu barədə APA-ya məlumat verən Qubadova qeyd edib ki, hadisə ilə bağlı şübhəli bilinən iki nəfər — bir əsgər və bir zabitin həbsi barədə də ona məlumat verilib.
Bunun ardınca Qubadova ictimaiyyətə müraciət edib. «Azərbaycan xalqına, Azərbaycan gənclərinə müraciət edərək ailəmizə üz vermiş ağır faciə — oğlum Ceyhun Qubadovun ölümü ilə əlaqədar kədərimizi bölüşdüyünüzə görə hər birinizə səmimi minnətdarlığımı bildirirəm». S.Qubadova müraciətində daha sonra yazır:
«Mən Azərbaycan dövlətinə, onun prezidenti İlham Əliyev cənablarına inanıram və ümidvaram ki, oğlumun ölümü ilə əlaqədar başlanmış cinayət işi obyektiv araşdırılacaq və bu işdə təqsiri olan bütün şəxslər cinayət məsuliyyətinə cəlb olunmaqla layiqli cəzalarını alacaqlar. Bu hadisə ilə əlaqədar müxtəlif vəzifəli şəxslər tərəfindən qəbul olunmuşam. Mənə və ailəmizə verdikləri mənəvi dəstəyə və kədərimizi bölüşdüklərinə görə həmin şəxslərə, eyni zamanda Milli Məclisin üzvlərinə dərin təşəkkürümü bildirirəm. Mənə və ailəmizə dövlətimizin və hökumətimizin dəstəyi yetərlidir. Mənim kədərimdən, mənim qüssəmdən heç kəsin sui-istifadə etməsinə ixtiyarı yoxdur. Xahiş edirəm, bu hadisədən siyasi məqsədlər üçün istifadə olunmasın və bununla bağlı hər hansı aksiyanın keçirilməsinin tamamilə əleyhinəyəm».
Qeyd edək ki, bundan öncə S.Qubadovanın mitinqə qatılacağı barədə məlumatlar vardı.
Deputatlardan reaksiya
Qüdrət Həsənquliyev əsgər Ceyhun Qubadovun ölümü ətrafında baş verənlərə münasibətini açıqlayarkən qeyd edib ki, orduda ciddi islahat aparılmalı, peşəkar ordu quruculuğuna keçid təmin olunmalı, müdafiə naziri mülki şəxslər sırasından təyin olunmalı, orduya ictimai nəzarət gücləndirilməlidir.
«Müdafiə Nazirliyi sistemində, o cümlədən hərbi hissələrdə zabit heyəti arasında çox ciddi iş aparılmalıdır». Bunu millət vəkili Elman Məmmədov Press24.az-a bildirib. Deyir:
«Ceyhun Qubadovun ölümündə bir sıra sirli məqamlar ortaya çıxdı. Mərhumun anası mətbuata Ceyhunun üzündə, bədənində işgəncə, döyülmə əlamətlərinin olduğunu dedi. Digər tərəfdən, rəsmi məlumat verildi ki, əsgər ürək çatışmazlığından ölüb. Yaxşı, əsgərdə ürək çatışmazlığı var idisə, o, niyə hərbi xidmətə aparılıb. Hərbi komissarlıq niyə bunu aşkar etməyib? Tam sağlam idisə, nəyə görə birdən-birə uşaqda ürək çatışmazlığı əmələ gəlib? Bunlar hamısı çox dəqiqliyi ilə müəyyənləşdirilməlidir. Cinayəti törədənlər cəzasını almalıdırlar. Mənə elə gəlir ki, Müdafiə Nazirliyi sistemində, o cümlədən hərbi hissələrdə zabit heyəti arasında çox ciddi iş aparılmalıdır. Əsgərin ölümünü bir vətəndaş, bir millət vəkili kimi pisləyirəm. Mənim tələbim ondan ibarətdir ki, bu məsələ araşdırılsın və təqsiri olanlar cəzalandırılsınlar».
İctimaiyyət nə deyir?
«SeDEP» QHT-lər koalisiyasının prezidenti, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərli Faktxeber.az-a bildirib ki, bütövlükdə ordunun mənəvi psixoloji durumuna təsir edəcək qərarlar vermək lazımdır. «Bunun üçün ilk növbədə Səfər Əbiyevin özü cəzalandırılmalıdır. Düşünürəm ki, orduda idarəetmə üsulu və uzun ömürlü ordu rəhbərliyi dəyişdirilməzsə, faciəvi hadisələrin qarşısını almaq mümkün olmayacaq. Ən effektiv variant ordu rəhbərliyinin dəyişməsindən keçir».
Ekspert düşünür ki, ordudakı bütün islahatların baş tutması yalnız Səfər Əbiyevin istefasından keçir: «Əgər köhnə düşüncəli, yorğun ordu rəhbərliyi dəyişdirilməzsə, heç nə dəyişməyəcək və islahatlar da effektiv olmayacaq.»
Respublikaçı Alternativ Hərəkatının yaydığı bəyanatda deyilir: «Hesab edirik ki, Azərbaycan Silahlı Qüvvələrində, ümumiyyətlə Təhlükəsizlik və Müdafiə sektorunda ciddi dəyişikliklərin edilməsi, islahatların həyata keçirilməsinin vaxtı çoxdan çatıb».
Bu arada ABŞ və Böyük Britaniya səfirlikləri Fəvvarələr Meydanına təyin olunan aksiya ilə bağlı öz vətəndaşlarına xəbərdarlıq edib. Rəsmi saytlarda əksini tapmış məlumata görə, bu iki diplomatik missiya öz vətəndaşlarını aksiya keçirilən ərazilərdə ehtiyatlı olmağa çağırıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 592