Muəllif:

Elmimizin ağsaqqalı, elimizin ağsaqqalı…

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, humanitar və ictimai elmlər bölməsi sədrinin müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində arxeologiya və etnoqrafiya üzrə Müdafiə Şurasının sədri, Arxeologiya və Etnoqrafiya İnstitutunun tarixi etnoqrafiya şöbəsinin müdiri, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, Respublika Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Respublika Ziyalılar Birliyinin üzvü… Akademik Teymur Əmiraslan oğlu Bünyadov haqqında bu sadalananlar onun şəxsiyyətini, böyüklüyünü, millət naminə gördüyü işləri izah etməkdə acizdir. Bir əsrə yaxın ömür yolunu vərəqləyəndə Teymur müəllimin həyatın müxtəlif sahələrində Azərbaycan xalqının, milli-mənəvi dünyagörüşümüzün inkişafında, milli ruhumuzun dərkində, elmimizin inkişafında, gənc nəslin vətənsevərlik ruhunda tərbiyəsində oynadığı rolun şahidinə çevrilirsən.
Tale Teymur Bünyadova gəncliyində acılar yaşatmışdır. Yeniyetmə yaşındaykən anası dünyasını dəyişmiş, bir il sonra atası Əmiraslan Bünyadov 1937-ci ilin qara repressiya küləyinin qurbanı olmuşdur. Həyatın yollarına tək-tənha düşən Teymur Bünyadovun yeniyetməlik və erkən gənclik illəri, ta orta məktəbi qızıl medalla bitirənə qədər inadkar bir yaşam mücadiləsində keçmişdir. «Göz yaşları» avtobioqrafik romanından oxuduğumuz kimi, doğmalarını itirməsi, məşəqqətlər, müharibənin özü ilə gətirdiyi məhrumiyyətlər onu sındıra bilməyib. Bu ağır mücadilə, xarakterindəki inadkarlıq, aydın məqsədyönlülük, əksinə, onun iradəsini daha da mətinləşdirmiş, ömür yolunda addımlarını daha inamla atmışdır.
Əlbəttə, dünya yaxşılardan xali deyil. Həyatda qarşısına çıxan işıqlı insanların orbitində uğurlu bir elm yolu tutmuşdur. Bu insanları, onların dəyərli məsləhətlərini Teymur müəllim kitablarında ehtiramla yad edir. Teymur Bünyadov 1955-2012-ci illərdə yazdığı mindən çox monoqrafiya, kitab, elmi-publisistik məqalə ilə milli etnoqrafiya elmində özünəməxsus elmi dəsti-xətt formalaşdırmışdır.
Etnoqrafiya ixtisası üzrə respublikada ilk elmlər doktoru alimlik dərəcəsinə layiq görülən T.Ə.Bünyadovun Azərbaycan xalqının çoxəsrlik musiqi tarixindən bəhs edən «Əsrlərdən gələn səslər», «Azərbaycanda atçılığın tarixindən», «Ana Kürüm», «Qızıl qaya», «Mərd qalalar, sərt qayalar», «Zirvəqala», «Qız var oğuldan qeyrətli», «Bir qız bir oğlanındı», üç kitabdan ibarət bayatıları və s. elmi, etnoqrafik, bədii, publisistik əsərlərini həm oxucular, həm də mütəxəssislər çox yüksək qiymətləndirmişdir.
Teymur Bünyadovun yarım əsrdən çox elmi yaradıcılığını təhlil etdikcə, Azərbaycan elmində nəhəng və yeni bir yolun əsasının qoyulduğunu aydın şəkildə görürsən. Onun hər bir əsəri, monoqrafiyası, kitabı, çıxışı tədqiqata cəlb edilməli, geniş şəkildə araşdırılmalıdır. Çünki, onun əsərlərində Azərbaycanın qədim tarixi, arxeologiyası, etnoqrafiyası, eləcə də Teymur Bünyadovun özünün görə-görə, gələ-gələ yazdıqları əksini tapır.
Bir əsərin üzərində xüsusi olaraq, dayanmaq istəyirik. XX əsrin ortalarında, Azərbaycanın tarixi, arxeologiyası, etnoqrafiyası inkar ediləndə Teymur Bünyadov 1955-ci ildə «Tunc dövründə Azərbaycanda əkinçilik və maldarlıq» mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək, tarix elmlər namizədi alimlik dərəcəsi adını almışdır. 1957-ci ildə onun «Tunc dövründə Azərbaycanda əkinçilik və maldarlıq» monoqrafiyasının rus dilində çap olunması Azərbaycan elmində inqilabi bir addım idi, bu kitab keçmiş SSRİ-nin elm həyatında ciddi müzakirələrə səbəb olmuşdu. Keçmiş SSRİ-də azərbaycanlıların «köçəri» olduğu haqqında «elmi ideyalar»ın meydan suladığı bir dövrdə Teymur Bünyadovun bütün əks iddiaları darmadağın edərək, o dövrdə yenilik sayılan iddia ilə çıxış etmiş, Azərbaycan tarixinin qədim plastını tədqiq edərək, Qafqazın əkinçiliyin vətənlərindən biri olduğunu sübuta yetirmişdir. Əsərdə əkinçiliyin tunc dövrünün aparıcı təsərrüfat sahəsi olduğu sübuta yetirilir, eyni zamanda, maldarlıq təsərrüfatının əhalinin həyatında mühüm rolu araşdırılır.
Teymur müəllimin 1960-cı ildə nəşr edilən «Azərbaycan arxeologiyası oçerkləri» bu gün də müxtəlif elm sahəsi mütəxəssislərinin, o cümlədən arxeoloqların stolüstü kitabıdır. Teymur müəllimin 1964-cü ildə çap olunan «Azərbaycanda əkinçiliyin inkişaf tarixinə dair», 1969-cu ildə işıq üzü görən «Azərbaycanda maldarlığın inkişaf tarixindən» monoqrafiyaları Azərbaycan etnoqrafiya elminin möhtəşəm özülləri sayılır.
Bu əsərlər keçmiş SSRİ zamanında böyük əks-səda doğurmuş, Teymur Bünyadovun gəldiyi nəticələr o dövrdə çap olunmuş, etnoqrafiyaya dair ümumittifaq səviyyəli dərsliklərdə də əksini tapmışdır. Müxtəlif millətlərdən olan böyük bir etnoqraf nəsli Teymur Bünyadovun tədqiqatlarını, gəldiyi nəticələri öyrənmişdir. Həmin nəticələrdə isə Azərbaycan xalqının qədim və yüksək mədəniyyəti, inkişaf yolu əksini tapır.
Ömrünü elmi fəaliyyətə həsr etmiş T.Ə.Bünyadov bədii yaradıcılıqla da məşğul olmuş, onlarla hekayəsini oxuculara təqdim etmişdir. Onun bədii yaradıcılıq fəaliyyətində 1991-ci ildə çap edilmiş «Göz yaşları» romanı ayrıca qeyd edilməlidir. Romanda sovet hakimiyyətinin ilk illərində, eləcə də repressiya illərində, müharibə və ondan sonrakı illərdə bir nəslin üzləşdiyi faciələr xalqımızın iztirabları bir böyük ailənin timsalında realistcəsinə təsvir olunmuşdur.
Teymur Bünyadov geniş ictimai fəaliyyətlə məşğul olmuşdur. 1995-ci ildə parlamentə seçilən, 1996-cı ilin dekabrından parlamentin Elm və təhsil məsələləri daimi komissiyasına sədrlik edən T.Ə.Bünyadov bu illərdə müstəqil dövlətimizin həyatında mühüm əhəmiyyətə malik bir sıra qanun layihələrinin hazırlanmasına rəhbərlik etmiş, elm və təhsil sahəsində bir sıra mütərəqqi qanunların qəbuluna, həyata keçməsinə nail olmuşdur.
Elimizin ağsaqqalı…Elmimizin ağsaqqalı… Onlarla elmlər namizədi, elmlər doktoru Teymur Bünyadov etnoqrafiya məktəbinin yetirməsidir. Teymur müəllim təkcə elmdə məktəb yaratmamış, eyni zamanda, insanlıq məktəbini, tərbiyə məktəbini yaratmışdır. Teymur müəllim Azərbaycan xalqının sevimlisi, yüksək qiymətləndirdiyi bir ağsaqqaldır. Onun hər bir işdə gənclərə dəstək olması, qol-qanad verməsi həmişə yüksək dəyərləndirir. Əsərləri ilə Azərbaycan gəncliyinə, özündən sonrakı nəsillərə milli ruhumuzu, milli dünyagörüşümüzün aşılamışdır. Kitabları ilə bir ömür sarayı ucaldan akademikin əsərləri milli ruhumuzun təcəssümüdür. Etnoqrafik tədqiqatları bədii şəkildə, şirin dillə oxuculara təqdim edən Teymur Bünyadov tarixi yaddaşımızı populyarlaşdırır, zənginləşdirir.
Teymur müəllimin hər əsəri ayrıca tədqiqatın mövzusudur. Əgər XX əsrin ortalarında yazdıqları monoqrafiyalar Teymur Bünyadov yaradıcılığının, Azərbaycan etnoqrafiyasının özülləri idisə, onun redaktorluğu ilə buraxılmış üçcildlik «Azərbaycan etnoqrafiyası» kitabı etnoqrafiya elmimizin tacıdır. Bu kitablarda Azərbaycan etnoqrafiyasının hər bir sahəsi geniş, detallı şəkildə əksini tapmışdır. Bu üçcildlikdə xalqımızın çoxəsrlik tarixi, əkinçilik və maldarlıq mədəniyyəti, qədim məşğuliyyət növləri və sənət sahələri, maddi mədəniyyəti, ailə və ailə məişəti, xalq bayramları, qonaqpərvərlik adətləri, musiqi, din, ədəbiyyat, elm və təhsil, xalq təbabəti, ağsaqqalıq və ağbirçəklik institutu, ölçü vahidləri, rənglər, saylar və s. kimi məsələlər işıqlandırılmışdır.
Akademik Teymur Bünyadovun baş redaktorluğu ilə ərsəyə gələn «Azərbaycan etnoqrafiyası» üçcildliyi hər kəsin üz tutduğu fundamental əsərdir. Bizi özümüzə tanıdan bir əsər…
Ömrünün bu müdrik çağında bir gənclik şövqü ilə zəhmətdən yorulmayan, elmi və bədii yaradıcılıq işlərini davam etdirən Teymur Bünyadovun gördüyü bu işlər bizim gözümüzdə ən müqəddəs işdir. Mənəvi mədəniyyətin aşınmağa meyilləndiyi, maddi mədəniyyətin sürətlə dəyişdiyi dünyada Teymur Bünyadov özünün geniş spektrli yaradıcılığı ilə milli ruhumuzun istinadgahını yaratmış, bizi qürurlandırmışdır. Bu istinadgah Azərbaycan xalqını özünə tanıdır, millətimizdə keçmişə hörmət, rəğbət və gələcəyə inam hissi oyadır. Qarşıdan gələn yubileyi münasibəti ilə akademik Teymur Bünyadovu ürəkdən təbrik edirik, ona uzun ömür, can sağlığı arzulayırıq.
Bəhmən ƏLİYEV
İsmayıl UMUDLU

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 408