Muəllif:

Əks mövqe: «Bu, yazıçıya qarşı «kirli kampaniya»dır»

Əks mövqelər də var. Onlar deputatların mövqelərini bölüşmürlər. Məsələn, Media Hüququ İnstitutu yazıçı Əkrəm Əylisliyə qarşı yaxşı təşkil olunmuş, siyasi kampaniyaya çevrilmiş hücumları qətiyyətlə pisləyən bəyanat yayıb. Bunu ifadə azadlığı, özəlliklə bədii yaradıcılıq azadlığına ciddi qorxu yaradan zərərli kampaniya sayır. Bu barədə Media Hüququ İnstitutunun yaydığı bəyanatında deyilir. Sənəddə bildirilir ki, «Daş yuxular» romanına görə təqib olunan yazıçıya qarşı kirli aşağılama, gözdənsalma kampaniyası aparılır. Yazıçı hətta özünə və ailə üzvlərinə qarşı fiziki və mənəvi hücumlardan dərin narahatlığını ifadə edib. «Turan» agentliyinin yaydığı xəbərdə deyilir:
«Təəssüf ki, belə basqılara hakimiyyətdə yüksək pillədə duran siyasilər böyük qatqı verirlər. Siyasi müstəqilliyi hər zaman müzakirə mövzusu olan televiziya şirkətləri də öz növbəsində tərəfsiz və balanslı xəbərləmə, əks tərəfə cavab vermə hüququ tanıma ilə bağlı media qanunvericiliyinin tələblərini pozaraq yazıçıya qarşı siyasi kampaniyada yaxından iştirak edirlər», — deyə sənəddə vurğulanır.
Bəyanatda təəssüflə qeyd olunur ki, yazıçıya və romana qarşı çıxan rəyləri həvəslə yayan televiziyalar əks fikirlərə yer ayırmır, tənqid hədəfinə çevirdikləri yazıçıya cavab hüququ vermirlər.
«Televiziya və radio yayımı haqqında» qanunun bu müddəalarının pozulmasına, diffamasiya və nifrət dolu çağırışlara baxmayaraq, Milli Teleradio Şurası bu vəziyyəti sakitliklə seyr etməkdə davam edir», — deyə bəyanatda deyilir.
Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı deyib ki, hər hansı əsərdəki ifadələrlə bağlı hər kəsin rəyini bildirmək, onu qınamaq və ya bəyənmək haqqı var:
«Bu hüquqdan yararlanma başqa şəxsin hüquqlarına və qanuni mənafelərinə zərər vurmamalı, eləcə də milli nifrət, ksenofobiya təbliğ etməməlidir». Media Hüququ İnstitutu yazıçıya qarşı bu çirkin kampaniyanı dayandırmağa, onun və ailə üzvlərinin təhlükəsizliyi üçün qanuni tədbirlər görməyə çağırır.
Əkrəm Əylisli: «Bədii ədəbiyyata siyasi ittihamlar irəli sürürük»
Əsərinin belə coşqun hay-küylə qarşılanacağını, deyəsən, gözləmirmiş və bundan heyrətlənib. Yazıçı bu tənqidlərlə barışmır və iddia edir ki, evinin qarşısında keçirilən aksiya təşkil edilmişdi. «Bu, açıq-aydın görünürdü», — deyə yazıçı Əkrəm Əylisli «Turan» agentliyinə bildirib.
Onun sözlərinə görə, «Daş yuxular» romanı çap edildikdən sonra ona qarşı təzyiqlər başlayıb. «Səbəbi odur ki, romanı roman kimi oxumağı hələ bacarmırıq. Bədii ədəbiyyata siyasi ittihamlar irəli sürürük. Bədii ədəbiyyatdan siyasi təmənnalar güdürük. Bunu bədii ədəbiyyat kimi qəbul etmək lazımdır. Onda kriminal axtarmaq heç bir mədəni xalqa yaraşmaz. Bədii ədəbiyyatdan siyasi təmənnalar güdürük», — o qeyd edib.
Yazıçı ailəsinə və özünə qarşı zorakılıqlar olacağını istisna etmir: «Ailəmə və mənə qarşı hər hansı zorakılıq olarsa, mən bunu yalnız hakimiyyətdən görürəm». O hesab edir ki, romanın mövzusu, doğrudan da, bu gün üçün bir az ağır mövzudur.
«Romanın məqsədi odur ki, biz Dağlıq Qarabağ münaqişəsini çox uzatdıq. Mən ermənilərə, əsasən bizim Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə mesaj göndərmək istəmişəm ki, Azərbaycan xalqı öz səhvlərini də görür, öz eləmədiyi işləri məcbur olub görübsə, onları da görür. Zaman hələ bizi tamam ayırmayıb, gəlin bir yerdə yaşamağa birlikdə baxaq. Romanın məğzi, yükü, enerjisi bundan ibarətdir».
Ə.Əylisli ona qarşı təzyiqlərin Ziyalılar Forumunun aparıcı üzvlərindən olmasından qaynaqlandığını da istisna etmir. «Ola bilər ki, onun da buna aidiyyəti olsun. Belə görünür ki, kiminsə əlinə açıq fürsət düşüb. Ola bilsin ki, bunu Ziyalılar Forumuna da qarşı çevirsinlər. Məsələ burasındadır ki, Ziyalılar Forumunda tam sərbəst insanlar toplaşıblar. Onların heç biri digərini fikrindən döndərə bilməz. Onların heç biri digərini fikir ifadə etməyə məcbur edə bilməz», — deyə yazıçı qeyd edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 119