Muəllif:

Əkrəm Əylisli “Xalq yazıçısı” adından və fərdi təqaüddən məhrum edildi

Əkrəm Əylisli “Xalq yazıçısı” fəxri adından məhrum edildi, daha Prezidentin fərdi təqaüdünü də ala bilməyəcək. Ölkə prezidenti bu barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir: “Azərbaycan Respublikasının müstəqillik illərində dövlət mükafatlarına layiq görülmüş Əkrəm Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) xalqın ona göstərdiyi yüksək etimaddan sui-istifadə edərək, son əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif etmişdir. Azərbaycan xalqının antihumanist obrazını formalaşdırmağa cəhd göstərən, onu ümumbəşəri dəyərlər sisteminə zidd əməllərdə əsassız günahlandıran müəllifin xalqımızın ruhuna yad tərzdə yazdığı bu əsərdə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti saxtalaşdırılaraq, uzaq və yaxın tarixi keçmişimizə qara yaxılmış, münaqişə nəticəsində doğma yurdlarından didərgin düşən bir milyondan çox soydaşımızın mənliyi təhqir edilmişdir.
Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adını ləkələmiş bir şəxs kimi Əkrəm Əylislinin bu addan məhrum edilməsi barədə dövlət strukturlarının, ictimai qurumların və vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə”nin 15-ci bəndinin “b” yarımbəndinə uyğun olaraq qərara alıram:
1. Əkrəm Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adından məhrum edilsin.
2. “Xalq yazıçısı” fəxri adının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 23 may tarixli 708 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 5, maddə 314) “Naibov Əkrəm Nəcəf oğluna” hissəsi ləğv edilsin”.
Əylislinin Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə sərəncamda isə deyilir:
“Böhtan dolu əsəri ilə Azərbaycan tarixini məqsədyönlü şəkildə təhrif edən Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə ictimaiyyətin, o cümlədən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 942 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 349) 1-ci hissəsinin “Naibov Əkrəm Nəcəf oğlu” bəndi ləğv edilsin”.
Müxalifət düşərgəsini təmsil edən İctimai Palata da öz növbəsində cəmiyyətin Əkrəm Əylisli ilə bağlı etirazları ilə həmrəydir, lakin bununla bərabər yazıçıya qarşı divantutma çağırışlarını yolverilməz hesab edir və pisləyir. İP-dən yayılan bəyanatda bildirilir ki, Əkrəm Əylislinin Azərbaycan-erməni münasibətləri mövzusunda qələmə aldığı “Daş yuxular” romanı cəmiyyətdə təpki ilə qarşılanıb, kəskin neqativ rəy və hərəkətlərə səbəb olub.
“Yazıçının özü və ailəsi isə həm də rəsmi hakimiyyətin repressiyası ilə üzləşib. İctimai Palata hər kəs kimi, Əkrəm Əylislinin də ifadə azadlığını, yaradıcılıq hüquqlarını qeydsiz-şərtsiz tanıyır, eyni zamanda, bu əsərdə erməni-Azərbaycan münasibətləri haqqında həqiqətlərin təhrif edilməsinə, Azərbaycan tarixinin saxtalaşdırılmasına, milli, mənəvi və dini dəyərlərimizin aşağılanmasına etirazların haqlı olduğunu qəbul edir və bu etirazlarla həmrəydir. Təəssüflə qeyd edilməlidir ki, müəllifin niyyətinin nə olmasından asılı olmayaraq bu roman Azərbaycan və erməni xalqları arasında münaqişənin aradan qalxmasına deyil, dərinləşməsinə xidmət edir, xalqlar arasında düşmənçilik və nifaq yayanların cəbbəxanasında yer tutur və Azərbaycana, onun xalqına qarşı istifadə olunacaq.
Bunları qeyd etməklə, İctimai Palata əsər ictimailəşdikdən sonra Ə. Əylisliyə və ailəsinə qarşı təqibləri, xüsusilə qaragüruhçu, səviyyəsiz divantutma çağırışlarını yolverilməz hesab edir və pisləyir”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 216