Muəllif:

Əhməd Beygi yalan danışıb?

Şərqi Azərbaycan əyalətinin başçısı Əhməd Əlirza Beygi bu günlərdə bəyanat verdi ki, zəlzələ bölgəsində çadırda yaşayan qalmayıb. Beygi bu xəbəri indiki sərt qış şəraitində bölgədə insanların hələ də çadırlarda yaşadığı barədə dünyanı dolaşan xəbərlərdən sonra yaydı. Lakin bu açıqlama dərhal təkzib olundu.
İran parlamentinə Şərqi Azərbaycandan deputat seçilmiş Allahverdi Dehqani əyalətin başçısı Əhməd Əlirza Beyginin sözlərini rədd edərək, hələ də bir çox insanın çadırlarda yaşadığını bildirib. Yerli xəbər agentlikləri azərbaycanlı millət vəkilinin sözlərini yanvarın 3-də yayıb: «Rəsmilərin iddiası doğru deyil. Bir çox insan hələ də çadırlardadır. Bəziləri soyuq hava şəraiti səbəbi ilə yarı dağılmış evlərin çatlamış tavanları altında yaşayır».
Dehqani əlavə edib: «Çadırlarda yaşayanlar belə sərt soyuğa tab gətirə bilməzlər. Daha yaxşısı yarı dağılmış evlərin çatlaq tavanları altında yaşamaqdır. Onlar bəlkə belə canlarını soyuqdan qurtardılar».
Xatırladaq ki, İslam Respublikasının rəsmi xəbər agentlikləri son bir ay ərzində dəfələrlə Şərqi Azərbaycan əyalətinin icra başçısı Əhməd Əlirza Beygiyə istinadən «artıq heç kimin çadırlarda yaşamadığı»na dair xəbərlər yayır.
Amma azərbaycanlı millət vəkili hər dəfə valinin sözlərini təkzib edərək mətbuata açıqlama verir. Yerli jurnalistlər, xəbər saytları və rəsmi xəbər agentlikləri zəlzələ bölgəsindən çadırlarda yaşayan insanları əks etdirən yeni şəkillər yayır. Allahverdi Dehqani İran parlamentindəki çıxışlarında hakimiyyəti zəlzələ bölgəsindəki problemlərə laqeyd münasibətə görə tənqid edib.
Güney Azərbaycanın Qaradağ mahalının qışı sərt keçir. Ancaq builki qışı xatırlamağımızın başqa bir özəlliyi də var. Buna səbəb cari ilin avqustunda həmin bölgədə baş vermiş zəlzələ və bu təbii fəlakətin nəticələrinin aradan qaldırılmamasıdır. 20-30 dərəcəyə yaxın şaxtada zəlzələdən zərər çəkmişlər çadırlarda və ya ona oxşar evlərdə yaşayırlar.
Minlərlə insanın soyuqda-şaxtada, belə şəraitdə yaşamasının baisi Tehran hakimiyyətidir. Halbuki vətəndaşlara vədlər verilmişdi. Güney Azərbaycanyönlü informasiya mənbələrinin məlumatına görə, son günlərdə yağan güclü qar nəticəsində zəlzələ bölgəsinə gedən yollar bağlanıb, çadırlarda yaşayan əhali, o sıradan da azyaşlı uşaqlar amansız şaxta ilə üz-üzə qalıb.
Zəlzələdən zərər çəkənlər jurnalistlərə soyuq havada baxımsız qaldıqlarından gileylənərək, rəsmilərin bir neçə ay əvvəl onlara evlərini qısa bir zamanda yenidən tikəcəkləri ilə bağlı verdiyi vədləri unutduqlarını bildiriblər. Güney Azərbaycanyönlü informasiya vasitələrinin məlumatına görə, təbii fəlakət bölgəsinin sakinləri hələ də çadırlarda yaşayır, soyuq şəraitə dözməkdə çətinlik çəkirlər.
Mənbənin məlumatına əsasən, son günlər havaların daha şaxtalı keçməsi Heris və Vərziqanda zəlzələdən zərər çəkmiş 5 nəfərin ölümünə səbəb olub.
A. Dehqani onu da bildirib ki, İranın Mədəni İrs Təşkilatı dağıntı baş vermiş bir sıra kəndlərdə tikinti işlərinin aparılmasına icazə vermir: «Təşkilat onu əsas gətirir ki, həmin kəndlərdəki evlər qədim tarixə malikdir. Lakin onsuz da zəlzələ nəticəsində qədim evlər ya dağılıb, ya da ciddi zərər dəyib. İnsanlar çadırlarda yaşayırlar. Qarabulaq və Hamamlı kəndlərində isə, ümumiyyətlə, heç bir bərpa və tikinti işlərinin aparılmasına icazə verilmir». Yeri gəlmişkən, o, 2012-ci ilin noyabrında ailəsi ilə birlikdə avtomobil qəzasına düşüb. Qəzada millət vəkili yaralanıb, həyat yoldaşı, qızı və oğlu isə qəza yerində ölüb. Azərbaycan veb səhifələri qəzanı «şübhəli» adlandırıb və «millət vəkilini ortadan götürmək istəyirlər», deyə yazıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 131