Muəllif:

Daha təəccüb hissimiz qalmayıb…

Xeyli vaxt idi heç nə yazmırdım, nə qəzet, nə də sosial şəbəkələr üçün. Nəhayət, ölkədəki vəziyyəti bilmək üçün sosial şəbəkələrin birində, konkret olaraq facebookda, dostlarıma müraciət etdim. Soruşdum ölkədə vəziyyət necədir. Dedim ki, sadəcə yağla şorun, atla itin qiymətini desinlər. Məlum, şorun yağdan, itin atdan qiyməti baha olan bir məmləkətdə, durum yaxşı ola bilməz. Cavablar müxtəlif oldu. Ancaq kimsə «bazarda» hər şeyin öz real qiymətinə olduğunu yazmadı. Hətta, «atın qabağına ət, itin qabağına ot» qoyulduğunu da deyən oldu. Təəccüblənmədim. Daha təəccüb hissimiz belə qalmayıb… Əkrəm Əylisli «Daş yuxular»ı yazdı. Yazdı və yuxumuz ərşə çəkildi. Yazdı və millətimizə bir daş atdı. «Daş yuxular»ı oxumamışam. Sadəcə, dilimizə çevrilmiş olan hissələri ilə tanışam. Əslində bu da kifayət edir ki, müəllifə: «başına özün boyda daş düşsün»- deyəsən. Millətinə (?) bu qədər də xor baxmaqmı olar? Məni bu da təəccübləndirmədi… İqtidarçılar Əkrəmə çox müxtəlif formada etiraz etdilər. Müxalifətçilər isə müxtəlif üsullarla, dolayısı ilə ona olan bu hücumları pislədilər. Bəs necə?! Axı bizdə qəribə bir ənənə yaranıb: iqtidar bir şeyə «yaxşı» deyirsə, müxalifət mütləq «pis», müxalifət bir şeyə «yaxşı» deyirsə, iqtidar ona «pis» deməlidir. Yaxud da əksinə. Daha fərqi yoxdur ki, bu «pis,» «yaxşı» qiyməti yerindəmi verilib, yoxsa yox? Daha fərq etmir ki, kim haqlı, kim haqsızdır. Haqqın tərəzisi itib. Daha buna da təəccüb etmək olmur… Bu millət dəyişmir. Deyəsən heç dəyişmək fikrimiz də yoxdur. Bəzən düşünürəm ki, görəsən C.Məmmədquluzadə, Ü.Hacıbəyov, Ə.Haqverdiyev, M.F.Axundov və başqa klassiklərimiz dahidirlərmi ki, onların bir əsrdən də öncə yazdıqları, bu gün belə aktual olaraq qalır, bu gün də bizim xalqımıza uyğun gəlir? Bəzən də düşünürəm ki, bəlkə də bizlərin «dahi»liyidir onların yazdıqlarını aktual saxlayan? Bizlər elə:»kişinin sözü bir olar» — deyiminə sadiq qalaraq, dəyişmirik. Şeyx nəsrullahlar bu gün də at oynadır, Kefli İsgəndərin bu gün də yeri görünür. Bəlkə belə deyil? Buna da təəccüblənmirəm. Başqa cür olsa idi təəccüb edərdim. Təhsili bu səviyyədə olan məmləkətdə, belə də olmalıdır… Mən bu yazını yazarkən, övladlarım başımın üstündə dayanıb, diqqətlə yazdıqlarımı oxuyurdular. İkisi də bir ağızdan:»Ata, it də atdan baha olar?»- deyə soruşdular. Təəccüblənmişdilər. Mən də öncələr haqsızlığa, ədalətsizliyə təəccüb edirdim. Mübarizə aparacağımız halda, ədalətsizliyin qarşısını ala biləcəyimizə ümid edirdim. Sonra… sonra isə bir çox halda, yenə də şəxsi maraqların öndə olduğunu gördüm. Öncə təəccüb etdim. Yavaş-yavaş bu hiss məndə öldü. Kim(lər) öldürdü bizdəki bu gözəl hissləri? Bunun cavabını bilmək istərdim. Bax, bu cinayətkar(lar)ı tapa bilsək, təəccüblənərəm… İndi isə övladlarım təəccüblənirlər. Onlar Azərbaycanda dünyaya gəlsələr də, burda, Niderlandda böyüyürlər. Burda hər şey öz qiymətinədir. Burda insanlar iti çox sevsələr, evlərində saxlasalar da, ata olan sevgi, heç də itə olandan az deyil. Qısası, at itdən baha deyil. Burda insanlar ali məktəblərə diplom almaq (!) üçün deyil, təhsil almaq (!) üçün gedirlər. Burda insanlar işə düzəlmək üçün kimisə «görməli» deyillər. Burda vəzifə pillələrində irəliləmək üçün tapşırığa ehtiyac yoxdur. Burda deputat təyin olunmur, seçilir. Burda… Əslində burda da təəccüblü bir şey yoxdur. Burda insanlar yalnız haqsızlıq görəndə təəccüblə: «Oh, raar» (oh, təəccüblüdür) deyirlər. Nə qədər qəribədir, deyilmi? Bizlər ədalətli bir şey görəndə təəccüb edirik, niderlandlılar isə ədalətsiz! Buna təəccüblənməyinə dəyər… [email protected]

Aynanın yeni köşə rubrikasından.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 185