Muəllif:

May çələngi — 1

Rubrika: Sözümüz sözdür
«Ayna» müəllif qəzetidir. Amma kim deyir ki, müəllif qəzetində interaktivliyə yer yoxdur. Kömək üçün oxuculara müraciət edirəm. O qədər orijinal bəyanatlar, dahiyanə çıxışlar olur ki, hamısını izləmək tək adamın işi deyil. Gözünüzə harda tanınmış adamların, xüsusilə siyasətçilərin belə «könül oxşayan» fikirləri dəysə, elektron ünvanıma göndərin. Mən də qəzetin müəllif heyəti ilə birlikdə onlara şərh verməyə çalışım. Rubrika ayda bir dəfə, ya iki dəfə, bəlkə, üç dəfə çıxacaq. Hər şey sizin fəallığınızdan asılıdır. Onu da deyim ki, ən fəal köməkçimizi hər ayın sonunda Elçin Şıxlının xüsusi mükafatı gözləyir.

Bakı meri Hacıbala Abutalıbov: «Mən jurnalist görəndə elə bilirəm ki, qəbirdə ölü görürəm».
Təəccüblü heç nə yoxdur. İnandırım sizi, Hacıbala müəllim kimi, jurnalisti ancaq qəbirdə görmək istəyənlər çoxdur: dirisi xatalıdır. İntəhası, bizim merimizin, digər məmurlardan fərqli olaraq, düşündüyü dilindədir. Gözünə nə görsənib, onu deyib də, kişi. Öz aramızdır, amma Hacıbala müəllimə də baxanda adam onu heç mer kreslosunda təsəvvür edə bilmir, başqa şey ağlına gəlir.
Metropolitenin rəisi Tağı Əhmədov: «Popuqaysız, hər məni görəndə bu sualı verirsiniz?». Yenə Metropolitenin rəisi Tağı Əhmədov (bir neçə gün sonra): «Mən jurnalistlərə heç vaxt o sözü deyə bilmərəm. Özümə demişəm ki, nə qədər popuqaylıq eləmək olar? Hətta yoldaşlardan biri dedi ki, sən niyə özünə popuqay deyirsən? Dedim ki, popuqay pis quş deyil».
Popuqay gül kimi quşdur e, Tağı müəllim, ancaq söz quş deyil: qaçırtdınızmı, tuta bilməyəcəksiniz. Axı niyə «qəfəs»in ağzını açıb buraxırdınız ki, sonra da deyəsiniz, popuqay özüməm?
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov:»Ola bilər ki, ingilis, kanadalı, amerikalı üçün namus məsələsi əhəmiyyət kəsb etmir, bizim üçün əhəmiyyət kəsb edir».
Qəzetlər, saytlar başlıq verirlər ki, «Ziyafət Əsgərov Qərbi təhqir etdi». Əslində Ziyafət müəllimin Qərbi təhqir etmək fikri olmayıb, demək istəyib ki, biz namus məsələsinə hamıdan çox əhəmiyyət veririk, ona görə də şərəf və ləyaqətlə bağlı cinayət məsuliyyəti nəzərdə tutan maddələri Məcəllədən çıxara bilmərik. Amma razıyam ki, müqayisə qüsurlu alınıb. Gərək Ziyafət müəllim heç okeanın o tayına daş atmayaydı, elə Qafqazdaca birtəhər keçinəydi. Məsələn, demək olardı ki, gürcülər hələ 2004-cü ildə, ermənilərsə 2010-cu ildə diffamasiyanı dekriminallaşdırıblar (dilə də yatmır, zəhrimar, avara ifadələrdir). Misal həm də ona görə yerinə düşərdi ki, söz vaxtına çəkərdi: qonşularımızın hər ikisi bu şübhəli işi may ayında görüblər. Amma nə olsun? Biri söküb apardığı Gəncə qapılarımızı ləyaqət göstərib geri qaytarmaq istəmir, o biri işğal etdiyi Şuşamızda şərəfsizcəsinə qol qaldırıb rəqs edir. Bizim üçünsə şərəf və ləyaqət məsələsi çox böyük əhəmiyyət kəsb edir!
Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu:»Səməd Vurğunla bağlı danışanda bir çoxları hoppanıb-düşürdü. Amma indi cəmiyyət özü Səməd Vurğunu dəyərləndirir… İndi Koroğlu və Babəklə bağlı da baxacağıq, it kimdir, ulduz kim».
Sərdar bəy ədəbi düşərgə üzərinə siyasi həmlələrini davam etdirir. Və deyim ki, onun üçün bu cəbhədə qələbə qazanmaq şansı siyasi çarpışmalarda uğur əldə etmək şansından xeyli yüksəkdir. Şair-yazıçı tayfasıdır da, bir az «hoppanıb-düşəcək», sonra özü-özünü «dəyərləndirməyə» başlayacaq. Düzdür, yaman söyüşcül olur bu tayfa: Səməd Vurğunu müdafiə etməyə söz tapmadılar, Sərdar bəyi müğənni qadına oxşatdılar, indi də Koroğlunu Cəlaloğlunun əlindən almaq üçün deyirlər «ağılsız köpəklər ulduza hürər». Hələ gör Babəkə çatanda nə olacaq! («Babək» mövzusunun anonsu artıq verilib: başlığa baxın). Amma nə edəsən, Sərdar bəy, «könlü balıq istəyənin…» Çıxarı az olmur, di gəl, gəliri lap çoxdur: qəzetlər, agentliklər yazır, saytlar qaynaşır… Televiziyanı da onlara qoşmaq olar. Amma bunun üçün ünvanları bir az korrektə etmək lazım gələcək. Yuxarılarda da xeyli tanınmış adamın oğul-qızı oturub axı. Onlarsız televiziya bu işə baş qoşmayacaq. Məsələn, baş nazirin birinci müavini var, sonra, canım sənə desin… Nə isə… Vallah, bunu Babəkin yaxasını əlinizdən qurtarmaq üçün demirik. Siz bilərsiniz, Babək bilər, bir də Rasim Balayev.
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 134