Muəllif:

我們生活在巴庫 Bura Azərbaycanın paytaxtıdır!

İndi deyəcəksiniz ki, başlıqda yazılanı başa düşmədik. Guya şəhərdə gəzəndə sağda-solda, divarda-pəncərədə yazılanları başa düşürsünüz. Heç lazım da deyil. Əsas əcnəbilər (vaxtilə seyrə balonlarla çıxanları deyirəm. Amma öz aramızdı, indi avtomobil minmək nədir, özümüz səmaya balon buraxırıq) başa düşsün. Onlar özlərini evdəki kimi hiss etməlidirlər, biz birtəhər başımızı girləyərik. Axı biz tolerant millətik. Vaxtilə beynəlmiləlçi idik, indi bu söz dəbdən düşüb.
Təsəvvür edin, bir əcnəbi turist axşamüstü qaldığı mehmanxanada, çaşdım, üzr istəyirəm, oteldə darıxır, deyir gedim bir tum alım, başımı qatım. Nə isə, əynini geyinir, düşür yaxındakı dükana, yenə dilim dolaşdı, dükan nədir, supermarketə, sunflower seeds yazılan yerə yaxınlaşır, pulunu verir, alır və qayıdır nömrəsinə. Biz onsuz da tumu sifətdən tanıyırıq, yazını neynirik. Yaxud qonağımız oteldə yox, ev kirələyib qalır və birdən su borusunda problem yaranır. O, nə etməlidir? Tamamilə doğrudur, Mənzil İstismar Sahəsinə gedib çilingər dəvət etməlidir. Düzdür, bir problem də var. Əcnəbinin tum satan və çilingərlə bir-birilərini başa düşməsi. Buna görə təcili olaraq hamı kütləvi şəkildə ən azı 3 xarici dil öyrənməlidir. Olmalıyıq tolerant və poliqlot xalq!
Yadınızdadır, keçən il bu vaxtlar idi, Eurovision yarışması qabağı. Telekanallarda təcili yardım maşınlarının heyətlərinin ingilis dili kurslarından məzun olan üzvlərini böyük fəxrlə göstərirdilər. Onlar kamera qarşısında bir-bir: «my name is filankəs», — deyirdilər. Xarici qonaqlar müsabiqədə səslənən mahnılardan bihuş olub özlərindən gedən kimi bizim tibb bacıları Simurq quşu kimi onların qarşısında peyda olub, təmiz ingilis dilində özlərini təqdim etməli idilər. Diaqnoz qoymaq şərt deyildi, əsas bu idi!
Məhz qonaqlarımızın şəhərimizdə özlərini sudakı balıq kimi hiss etmələri üçün şəhərdəki bütün nazirlik, idarə, müəssisə, ali və qeyri-ali təhsil ocağı, nə bilim nə və s. (MİS içi qarışıq) binalarının üzərində ingilis dilində həmin idarənin adı yazılıb. Amma nə üçün təkcə ingilis dilində? Bəlkə bir yapon bu dili bilmir? Biabır olarıq axı. Ona görə, fikrimcə, bu lövhələr BMT-nin bütün 6 rəsmi dilində (ingilis, rus, ispan, çin, ərəb, fransız) hazırlanıb vurulmalıdır, düzdür, yapon yenə qaldı, amma təqsir özlərindədir, İkinci Dünya müharibəsi zamanı almanlara qoşulmayaydılar. Divarda yer qalsa, bir küncdə Azərbaycanca da yazmaq olar, ehtiyac olsa.
Yadıma gəlir, uşaq vaxtı böyüklər danışardılar ki, keçən əsrin 30-50-ci illərində keçirilən iclaslarda məruzələr 3 dildə hazırlanardı. Rus, Azərbaycan və… erməni (!). Məruzəçi təxminən 40-50 dəqiqə rusca sovet xalqının Sov.İKP-nin növbəti qurultayının qərarlarından necə cuşa gələrək xarüqələr yaratdığından danışdıqdan sonra iclasa sədrlik edən beynəlmiləlçilik xatirinə «Yoldaşlar, məruzənin Azərbaycan dilində oxunmasına ehtiyac varmı?» — deyə soruşarmış. Təbii ki, heç kim daha 1 saat bu cəfəngiyata qulaq asmaq istəmirmiş (axı ardınca başqa çıxış edənlər də olacaqdı) və «xeyr, yoxdur, hər şeyi başa düşdük», — deyərlərmiş. Beləcə Azərbaycan dilinə ehtiyac qalmırmış. O vaxt bunu yıxırdıq imperiyanın üstünə. Bəs indi? Amma, nə qədər qəribə olsa da, imperiya zamanı dilimizi daha təmiz saxlaya bilmişdik və o vaxt dilimizin başına son 15-20 ildə gətirdiklərini gətirməmişdik. Hər halda o vaxt rusca yazının yanında Azərbaycanca da olurdu.
Bu yaxınlarda tam təsadüfən Çindən gəlmiş orta yaşlı ailə cütlüyü ilə bir-iki kəlmə kəsməli oldum. Söhbətimiz, təəccüblənəcəksiniz, Azərbaycan dilində idi. Bir neçə ildir Bakıda bizneslərini qurub, yaşayırlar. Dedilər ki, bura gəlməzdən qabaq və artıq burada Azərbaycan dilini öyrəndik, amma indi peşmanıq, bilsəydik, elə rus dilini öyrənərdik. Burada yaşamaq üçün sizin dilinizi bilmək vacib deyil. Bilmədim nə deyim. Düz sözə nə deyəsiydim ki? Biz elə bir-birimizlə də başqa dildə danışmağı sevirik. Yeri gəlmiş bir sual verim — siz bir-biri ilə əcnəbi dildə danışan iki gürcüyə rast gəlmisiniz? Mən yox. Başqa dilləri bizdən pis də bilmirlər. Gürcülər yaxın qonşumuz olduqları üçün ağlıma birinci gəldilər. Coğrafiyanı genişləndirmək də olar (Orta Asiyanı çıxmaq şərtilə, onlar da elə bizdən geri qalmırlar), amma cavab dəyişməyəcək. Gərək özümüz-özümüzə və dilimizə hörmət edək ki, başqaları da hörmət etsin.
Mənim heç bir xalq, heç bir dillə problemim yoxdur. Ələlxüsus da, indiki dövrdə bir neçə xarici dil bilmək də gözəldir. Amma bu, Azərbaycan dilinin hesabına olmamalıdır. Hansısa əcnəbi dildə bülbül kimi ötən azərbaycanlı görəndə sevinir, sonra onun öz ana dilində hıqqana-hıqqana danışdığını görəndə isə ürəyim ağrımağa başlayır.
Good bye
До свидания
Despedida
再見
وداعا
au revoir
Azərbaycancasına ehtiyac varmı, cənablar?
P.S. Başlıqda çin dilində «Biz Bakıda yaşayırıq» yazılıb. Bu dili təzə öyrənməyə başlamışam, səhvim varsa, üzr istəyirəm!
farrukh@zerkalo.az

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 261