Muəllif:

Bu gün orduda əsgər ölümlərinə etiraz aksiyası keçirildi

Bu gün 500-ə yaxın gənc paytaxtın Fəvvarələr Meydanında orduda əsgər ölümlərinə etiraz aksiyası keçirdi. Əvvəlcədən planlaşdırılan aksiya facebook sosial şəbəkəsində elan olunub. Aksiya Bakı Şəhər İH ilə razılaşdırılmayıb. Aksiyanın keçirilməsi nəzərdə tutulan Nizami küçəsi, Fəvvarələr Meydanı, Əziz Əliyev küçəsi, Neftçilər prospektinin bir hissəsi polis nəzarətinə götürülüb.
Post-partul Xidmətinin və Çevik Polis Alayının əməkdaşları ərazidə olublar.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov, YAP icra katibi Əli Əhmədov və onun müavini Mübariz Qurbanlı da bu səmtlərdə olublar (APA).

Fəvvarələr Meydanına daxil olmağa cəhd edən qruplar “Orduda əsgər ölümlərinə son” şüarını səsləndiriblər. Polis aksiya iştirakçılarına tədbirin şəhər meriyası ilə razılaşdırılmadığını xatırladaraq, qarşısının alınacağını bildirib və ərazini tərk etməklə bağlı xəbərdarlıq səsləndirib.

Azadlıq Radiosunun jurnalisti Xədicə İsmayıl «Polis xalqa zülm eləmə» şüarını bir neçə dəfə səsləndirib və polis onu saxlayıb. O, jurnalistlərin fərqləndirici geyimindən istifadə etmədiyi əsas götürülüb. Aksiyaçılara qarşı su şirnağından və gözyaşardıcı qazdan istifadə edilib.

Aksiyada saxlanılanların sayının 50-dən çox olduğu bildirilsə də, polis bununla bağlı rəsmi açıqlama verməyib.

Aksiyada əsgər portretlərini daşıyan valideynlər də olublar. MN mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə məntiqi anlaşılmayan açıqlama ilə çıxış edib. O iddia edir ki,əsgər ölümlərinə qarşı etiraz aksiyası keçirənləri anaların göz yaşından istifadə edirlər. Deyir:

“Anaların, bacıların göz yaşından şəxsi məqsədlərlə istifadə etmək vicdanlı bir hərəkət deyil. Ordu haqqında bu gün kim ağlına nə gəlirsə danışır, kim nə istəyirsə deyir. Ordunu aşağılamaq olmaz!”

E. Sabiroğlu Müdafiə Nazirliyinin ordudakı hər ölüm faktına görə ciddi araşdırma apardığını və təqsirkarların cəzalandırıldığını atırladıb:

“Biz əsgərlərimizə laqeyd, biganə deyilik. Dövlətimiz və prezidentimiz orduya çox ciddi qayğı göstərir. Bu dövlət 15-20 il əvvəlki dövlət deyil. Ordumuz 20 ildir səngərdədir və döyüşür. Bu ordu ilə fəxr etmək lazımdır. Amma bəzi qüvvələr yalan informasiyalarla cəmiyyətlə ordu arasında qarşıdurma yaratmaq istəyirlər. Bunu lənətləyirik”.

Bizcə heç kəsi lənətləmək lazım deyil. Gənclik bu problemə son dərəcə həssasdır. hər bir əsgər ölümü onlara agır təsir edir. Bu kimi aksiyaların sonunda onları
qeyri-insani cərimələrə məruz qoymaq deyil, etirazları anlayışla qarşılamaq, bu kimi aksiyalara qanuni şərait yaratmaq daha doğru olardı.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 346