Muəllif:

Bizdə banklar dünyadan 5 il geri qalır…

Avropada, eləcə də qonşu Rusiyada internet bankçılıq sahəsi xeyli inkişaf edib. İnternet və mobil bankçılıq xidmətlərinin bir sıra üstünlüyü vardır. Bu, vaxta qənaət etməklə ümumi xərclərin azaldılmasına imkan verir. İnternet bankçılığı ölkədə və ölkədənkənar istənilən yerdə internetə daxil olaraq sistemlə sərbəst interfeysin yaradılması imkanı verir. Bu prosesdə xidmətdən istifadə əlverişlidir. Belə ki, vətəndaş həmin xidmətlərdən yararlanaraq fiziki olaraq banka getmək stresindən, növbə gözləmək və sair bürokratik əngəllərdən uzaqlaşır.
Vətəndaş internet bankçılıq xidmətindən yararlanmaqla hesab üzrə balansın yoxlanılmasına, digər kart hesabına pul vəsaitinin köçürülməsinə, kommunal xidmətlər üzrə ödənişlərin həyata keçirilməsinə, həyata keçirilən əməliyyatlar haqqında çıxarışın əldə edilməsinə, sığorta xidməti və mobil telefon operatorları üzrə ödənişlərin aparılmasına nail ola bilər.
İnternet bankçılığı xidmətindən istifdə zamanı da şəxsi identifikasiya, habelə bank hesabı və ya ödəniş kartı ilə bağlı məlumatların təhlükəsizliyinin təmin edilməsi həyata keçirilməlidir. Bu məqsədlə internet bankçılığı ilə bağlı əməliyyatlar da şəxsi kompüter vasitəsilə həyata keçirilməlidir. Sözügedən əməliyyatlar digər kompüter vasitəsilə həyata keçirildikdə isə, əməliyyat başa çatdıqdan sonra şəxsi identifikasiya məlumatları, bank hesabı və ya ödəniş kartı ilə bağlı məlumatların yaddaşda saxlanılmaması təmin edilməlidir. Bütün bunlar onu göstərir ki, internet bankçılığı vətəndaşların bu sahədəki fəaliyyətini əhəmiyyətli dərəcədə yüngülləşdirə bilər.
İqtisadcı Vüqar Bayramovun fikrincə, ölkəmizdə internet bankçılığın inkişaf etmədiyi banklar, müştərilər və bu sahədə institusional sistemin zəif olmasından irəli gəlir:
«Azərbaycan bankları yeni texnologiyaların, eləcə də internet bankçılığın tətbiqi baxımından digər inkişaf etmiş ölkələrlə müqayisədə orta hesabla 5 il geri qalır. Amerikada banklarda hesabı olan müştərilərə bankın öz saytında xüsusi kabinetin verilmə prosesinə 2000-ci ildən başlanıb. Özü də burada şəxsin internet kabinetə daxil olaraq əməliyyat aparması prosesi pulsuzdur. Azərbaycanda isə internet bankçılıq prosesi 2010-cu ildən sonra tətbiq olunmağa başlındı. Eyni zamanda, Azərbaycanda internet bankçılıqda əməliyyat aparmaq ödənişlidir. Kredit kartlarının kodları da beynəlxalq standartlara uyğun deyil. Azərbaycan hələ də keçmiş standartlar əsasında kredit kartları tətbiq edir. Bunlar isə onu göstərir ki, banklarda innovativ və internet bankçılığının tətbiqi baxımından xeyli geriləmələr var. İnkişaf etmiş ölkələr isə hazırda internet bankçılıqdan, daha çox mobil bankçılığa keçir. Bu da onunla bağlıdır ki, artıq fiziki və institusional mənada mobil telefonlar praktik olaraq bankları əvəz etməkdədir».
Sözügedən sahədə geri qalmağımızın ikinci səbəbi isə odur ki, ölkəmizdə bank müştəriləri internet imzadan, elektron ödənişdən az yararlanırlar. Bunun özü də internet bankçılığa daha az diqqətin ayrılması və daha az investisiya yönəldilməsinə gətirib çıxarır. Banklar müştərilərin internet bankçılıqdan az istifadə etməsi səbəbindən həmin sahəyə ciddi tələbatın olduğunu düşünmürlər.
Başqa bir səbəb isə İnternet bankçılığı ilə bağlı risq pul əməliyyatları ilə bağlıdır. Ona görə də internet bankçılığında təhlükəsizlik qaydaları ciddi olmalıdır. Müştəri əmin olmalıdır ki, internet bankçılığından istifadə edən zaman onun internet hesabından hər hansı vəsait üçüncü şəxs tərəfindən götürülmür.
İqtisadçı ekspert Nazim Məmmədov isə internet bankçılığın inkişaf etməməsini nağdsız ödənişlərin zəif olmasında axtarmağı lazım bildi:
«Deməzdim ki, ölkəmizdə internet bankçılığı yoxdur. Elektron imzanın qəbul olunması ilə bu işlər daha da asanlaşıb. Bunun özü də bu və digər formada internet bankçılığını sürətləndirir. İnternet bankçılığında vətəndaşın hər hansı bir hesabında əməliyyat etməsi üçün onun banka getməsinə ehtiyac yoxdur. İnternet bankçılığı ayrı-ayrı banklarda bir neçə il öncə tətbiq olunub. Hətta indi də bəzi prosedurların internet vasitəsilə həyata keçirilməsi mümkündür. Azərbaycanda bu prosesi ləngidən məqamlardan başlıcası nağdsız ödənişlərin az olmasıdır. Əslində, internet bankçılığı nağdsız ödənişin güclü olduğu ölkələrdə baş verir. Azərbaycanda isə nağdsız ödəniş sistemi zəif inkişaf edib. Pos-terminalların sayı da kifayət qədər deyil».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 143