Muəllif:

Batumidə üç nazirdən önəmli mesajlar gəldi

Batumidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin “Trabzon bəyannaməsi” çərçivəsində üçtərəfli görüşündən önəmli mesajlar gəldi. “Biz 21-ci əsrdə yaşayırıq. Dünyanın heç bir ölkəsinin başqa ölkənin ərazisini işğal etməyə haqqı yoxdur”. Bu aşıqlamanı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan və Gürcüstan XİN başçıları ilə Batumidə keçirdiyi mətbuat konfransında səsləndirib. Davudoğlu qeyd edib ki, bölgədə mövcud olan münaqişələr sülh yolu ilə öz həllini tapmalıdır.
Nazir məlumat verib ki, bugünkü görüşdə yalnız iqtisadi məsələlər deyil, mədəniyyət sahəsində əməkdaşlıq və digər aktual məsələlər müzakirə olundu və yaxın zamanlarda üç ölkənin iştirakı ilə “Bakı-Tiflis-Ankara” layihəsinin həyata keçiriləcək. «Birgə layihələrimiz çox olacaq, bu işlərin hamısını uğurla başa çatdıracağıq. Biz qardaş, dost və strateji tərəfdaş olan ölkələrik”.

Əhməd Davudoğlu qeyd edib ki, Acarıstanda 100 min müsəlman yaşayır və onlar Gürcüstan vətəndaşları olaraq yeni məscidin tikilməsini istəyirlər: “Gürcüstanın baş naziri Bidzina İvanişvili bu məsələni öz nəzarətinə götürüb. Gürcüstan vətəndaşı olan müsəlmanlar yeni bir məscidin tikilməsində ehtiyac duyurlar. Ümid edirəm ki, bu məsələ həll olunacaq”. Davudoğlu əlavə edib ki, Türkiyə tərəfi ölkə ərazisində yerləşən gürcü mədəniyyət abidələrinin bərpasını öz üzərinə götürəcək.

Mətbuat konfransında Bakı-Tiflis-Kars dəmiryol layihəsinin uğurla başa çatacağı vurğulanıb və bu məsələnin Ankarada Ərdoğan-İvanişvili görüşü zamanı müzakirə olunduğu bildirilib. Vurğulanıb ki, Bakı-Tiflis-Kars layihəsi bu ilin sonuna kimi başa çatacaq və ilin sonunda bu istiqamətdə ilk qatar yola salınacaq.

Mətbuat konfransında Azərbaycan və Türkiyə arasında viza rejiminin sadələşdirilməsi barədə də fikirlər bildirilib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmdəyarov bu sahədə iş aparıldığını və ölkələr arasında gediş-gəlişin sadələşdiriləcəyini bildirib.

Öz növbəsində xanım Maya Pancikidze deyib ki, həm Azərbaycanın, həm Gürcüstanın ərazi bütövlüyünün bərpa olunacağına əmindir və
Gürcüstan Azərbaycanla strateji əməkdaşlığı davam etdirəcək. “Xarici işlər naziri vəzifəsində yeniyəm, dünyanın bir çox ölkələrinə səfərlər etmişəm. Lakin Azərbaycanda prezident və digər rəsmilər tərəfindən daha mehriban qarşılanmışam”, deyə Pancikidze qeyd edib. “Biz dost və qardaş ölkələrik. İkitərəfli münasibətlərimizi daha da inkişaf etdirəcək, strateji əməkdaşlığımızı davam etdirəcəyik”.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə toxunan Maya Pancikidze bildirib ki, istər Dağlıq Qarabağ, istərsə də Cənubi Osetiya və Abxaziya münaqişələri həll olunacaq və işğal olunan torpaqlar sülh yolu ilə qaytarılacaq.

Mesxetiya türklərinin Gürcüstana qayıdışı ilə bağlı sualı cavablandıran XİN başçısı bildirib ki, artıq bir çox ailələr öz tarixi torpaqlarına qayıdıblar: “İndiyədək öz vətənlərinə qayıtmaq istəyənlərin 5 min ərizəsi qeydə alınıb. İş davam edir, lakin qeyd etmək istəyirəm ki, bu, uzun bir prosesdir”.

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Batumi görüşündə regional məsələlər, ölkələr arası iqtisadi münasibətlərin inkişaf etdirilməsi, müştərək beynəlxalq layihələr və enerji təhlükəsizliyi məsələləri, ətraf mühitinin qorunması, eyni zamanda nəqliyyat və digər prioritet məsələlər müzakirə olunub. Görüşdən sonra tərəflər arasında yekun protokolu imzalanıb, 2013-2015-ci illər üçün əməkdaşlıq planı qəbul edilib.

Qeyd edək ki, “Trabzon bəyannaməsi” 2012-ci ilin avqustun 8-də Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə qəbul edilib. Xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün bu ilin ikinci yarısında Qəbələdə keçirilməsi nəzərdə tutulur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 161