Muəllif:

Bakıda əsgər ölümünə etiraz aksiyası keçirildi

Şənbə günü əsgər Ceyhun Qubadovun müəmmalı ölümü ilə bağlı gənclərin sosial şəbəkələr vasitəsilə paytaxtın Fəvvarələr meydanına təyin etdikləri aksiya keçirildi. Aksiyada hərbi xidmət zamanı həyatını itirmiş gənclərin valideynləri, siyasi partiyaların, gənclər təşkilatlarının və QHT-lərin təmsilçiləri iştirak edirdilər. Aksiyanı yerli hüquq müdafiəçiləri, ATƏT Bakı ofisinin və bəzi səfirliklərin əməkdaşları izləyiblər.
Aksiyada hərbi xidmət zamanı həyatını itirmiş əsgərlərin şəkilləri, Azərbaycan və Türkiyə bayraqları qaldırılıb. Aksiyaçılar “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Əsgər ölümünə son!” və digər şüarlar səsləndiriblər. Aksiya iştirakçıları ilə polis arasında ciddi qarşıdurma baş verməyib və polisin aksiyaya kobud müdaxiləsi qeydə alınmayıb. Polis səsgücləndirici vasitəsilə aksiya iştirakçılarını dağılışmağa, ictimai asayişi pozmamağa çağırıb.
Aksiyaçılardan ayrılaraq Nizami kinoteatrı istiqamətində siyasi şüarlar səsləndirə-səsləndirə yürüş etmək istəyən bir neçə nəfər polis tərəfindən saxlanılıb.
Aksiya başa çatdıqdan sonra bir qrup gənc Yeni Azərbaycan Partiyasının qarşısında şüarlar səsləndirib, onlardan bir neçəsinin polis tərəfindən saxlanıldığı bildirilir. Saxlanılanlar arasında AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı, Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər, REAL sədri İlqar Məmmədov da var.
Əsgər Ceyhun Qubadovun ailə üzvləri arasından aksiyada iştirak edən olmayıb. Əsgərin anası Samirə Qubadova APA-ya bildirib ki, o, aksiyaya qatılmayıb: “Mən oğlumun yas mərasimini keçirirəm, heç bir aksiyada iştirak etmək fikrim yoxdu. Dünən də bununla bağlı müraciət etmişəm”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 271