Muəllif:

Azərin: «Biz hələ də «biz»i görmürük»

Dünyaya göz açanda valideynləri adını Anaxanım qoymuşdular, yəni xanımların anası. Bu gün isə öz sənəti ilə «Türk dünyasının səsi»nə çevrilmiş bu xanımı hamı Azərin kimi tanıyır. Müəyyən fasilədən sonra yenidən TRT-də müəllif proqramında aparıcılıq edən Azərin Türkiyə telekanalı vasitəsi ilə bütün dünyada eşidilir. O həm də Türkiyədə dövlət tədbirlərində azərbaycanlı sənətçi olaraq ön sıralarda yer alır.
— Sizin, Türkiyənin dövlət televiziyasındakı proqramınız təqdirəlayiqdir. Çünki qeyri-türkiyəlilərin Türkiyədə iş görməsi müşkül məsələdir. Hətta Almaniyada doğulub boya-başa çatan türklərə də Türkiyədə irəli getməyə yerli sənətçilər imkan vermirlər…
— Əslində, bu, gözəl xüsusiyyətdir. Çünki vətən vətəndaşındır…
— Bu halda, sizin TRT-də hər həftə iki saat canlı yayımda olmağınız yaxşı haldır. Türkiyədə sizə bu imkanın tanınması çox maraqlıdır…
— Hər şey insanın özündən asılıdır. Bəli, türklər siz buyurduğunuz kimi, kənardan gələnə elə də maraq göstərməzlər. Lakin düşünürəm ki, türklər, konkret olaraq, TRT rəhbərliyi mənə bu aparıcılığı təsadüfən təklif etməyib. Əvvəlcədən mənim fəaliyyətim barədə onlarda kifayət qədər bilgi vardı. Bu proqramdan çox-çox öncə Azərbaycan və türk diasporları üçün dəfələrlə konsertlər vermişəm. Mənim türkçülük ideologiyasına bağlılığıma onlar laqeyd qalmadılar və bu işimi təklif etdilər.
Yenə deyirəm, bu, bizim öz qazancımızdır. Bilirsiniz ki, ilk gündən Cavidlə (prodüseri) birlikdə çalışırıq. Bizim ansamblın azərbaycanlı musiqiçiləri PKK ilə mücadilənin getdiyi bölgələrə səfər edib, konsertlər veriblər. Yəni mən tək deyiləm. Seçdiyim repertuardan əlavə, Allah-taala, yəqin, məni çox sevir ki, qarşımıza xeyirxah insanlar çıxarıb. Məhz ideoloji iş aparmaq üçün mən «Azərinlə əsintilər»də aparıcılıq təklifini qəbul etdim. Musiqi ilə bağlı proqram olsa da, burada Türk Dünyasının bütün problemlərindən söhbət gedir.
— Türkiyədə aparıcılıq etdiyinizi görəndən sonra buradakı telekanallar həvəslənib sizə təklif göndəriblərmi?
— Verilişlə bağlı hələ Türkiyəyə getməzdən əvvəl xeyli təkliflər almışdım. Sadəcə, istəmədik. Bircə dəfə də olsun, mənim verilişimdə hansısa sponsorun adını eşitməzsiniz. Sağ olsunlar, hərdən bizim telekanallar məni ziyalı kimi öz proqramlarına dəvət edirlər. Mən aparıcılara bunu da demişəm ki, aparıcılar beşinci plandadırlar. Mövzu, ideya qalır bir kənarda, əvvəldən axıradək sponsorun adı, istehsal etdiyi məhsuldan danışılır. Bu, həqiqətən, biabırçılıqdır. Sponsorun adı onsuz da əvvəldə — reklam bölməsində qeyd olunur… Ona görə də mən burada aldığım təkliflərə «yox» dedim.
«Azərinlə əsintilər»də Türk dünyasının tarixi, mədəniyyəti və incəsənətindən söhbət açılır. Bu proqram iki telekanalda — həm TRT-Avaz, həm də TRT-müzik-də yayımlanır. Müstəqillik qazanandan sonra Azərbaycanın yaşadığı bütün faciələr barədə bu telekanallar vasitəsilə dünyaya məlumatlar verilir. Bu telekanallar vasitəsilə Azərbaycan musiqisi bütün dünyaya səslənir. Bunu etmək mənim vətəndaşlıq borcumdur.
— Oranın telekanallarında bizim sənətçilərin çıxışı çox vaxt müşkülə çevrilir. Maraq yoxdur, deyəsən…
— Türkiyədə hər kəsə ad-sanına deyil, özünə görə hörmət edirlər. Mən bu gün Türkiyənin istənilən bölgəsində rahatlıqla konsertlər verirəm. Mən uzun illər Türkiyədə yaşadığım üçün yerli insanların düşüncəsinə bələdəm. Siz özəl telekanalların yaratdığı görüntülərə elə də diqqət verməyin. Əslində buranın insanı bizləri çox sevirlər. Hansı bölgəsinə getmişəmsə, çox isti münasibət görmüşəm. Onlar mənə bir azərbaycanlı xanım-xatını kimi münasibət göstəriblər. Onlar özləri də etiraf edirlər ki, əsl sənət bizdədir. Bizlərin intellekt cəhətdən daha üstün olmağımızı onlar özləri də etiraf edirlər.
Bilirsinizmi, hər şey insanın özünü necə təqdim etməsindən asılıdır. Dəfələrlə onminlərlə tamaşaçı qarşısında türk sənətçiləri ilə müştərək konsertlərimiz olub. Heç vaxt yad münasibət müşahidə etməmişəm. Başqaları necə qarşılanıb, məni maraqlandırmır, özümə qarşı olan diqqəti deyə bilərəm. Türkiyədə mətbuat ciddi incəsənət barədə yazmaz, onların əsas mövzusu şoudur. Lakin dəvət aldığım proqramlarda türk sənətçilərinə şəxsi həyatı ilə bağlı sual verildiyi halda, aparıcı mənə çatanda mütləq sənətlə bağlı sual verir. Hansı konsertə gedirəmsə, məni aparıcılar «Türk dünyasının səsi Azərin» kimi təqdim ediblər. Bu, mənim üçün yetərlidir.
Bir də mən Türkiyədə bir şeyi müşahidə etdim ki, onlarda qısqanclıq yoxdur. Mənim proqramımda türk dünyasının ünlü «Yalla» qrupundan tutmuş, tanınmış sənətçilərinədək hamı deyirdi ki, biz sizin yanınızda oxumarıq. Cavid şahiddir, bunu canlı yayımda özləri etiraf ediblər. Deyirlər ki, biz sizin yanınızda oxumağa utanırıq. Amma aralarında keyfiyyətsizləri də tapılır. Davud Güloğlu Bakıda konsert verəndə 3 gün Cavidə yalvardı ki, Azərin xanım «Çırpınırdı Qara dəniz» mahnısını oxusun. Mən də, inanın ki, Cavidin xətrinə gedib oxumuşdum. Qayıdandan sonra ondan soruşdular, hansı Azərbaycan sənətçisini tanıyırsınız, dedi ki, heç birini tanımıram. Yəni belə də olur.
Ona görə də belə neqativ şeyləri publikanın adına yazmaq lazım deyil. Çünki Türkiyədə media başqa-başqa qrupların əllərindədir. Yalandan cəmiyyətin güzgüsü təəssüratı yaratmalarına baxmayın, hamıya Türkiyədə bəllidir ki, media həqiqəti yazmır. Konkret olaraq «Yahşi Cazibə»yə gəldikdə, onu deyərdim ki, bu serial Azərbaycan dilini sözün yaxşı mənasında reklam etdi. Mənim tanıdığım insanlar var, onlar etiraf edirlər ki, «Cazibə»nin dili elə onların öz dilidir, sadəcə, sonradan Avropanın təsiri ilə «müasirləşib».
— Bu gün gənclər şikayətlənirlər ki, əsl sənətlə irəli getmək mümkün deyil. Bir zamanlar Azərin də Türkiyədən qayıdıb gələndə belə vəziyyətlə üzləşmişdi. Özü də o vaxtlar şou-biznes əsl sənəti üstələmişdi. Amma bu gün Azərin «Türk Dünyasının səsi» hesab olunur. Gənclərə nələri məsləhət görürsünüz ki, onlar da əsl sənətin sayəsində irəli gedə bilsinlər…
— Sadəcə, gənclər öz peşələrini sevməlidirlər. Bu peşə səni doydurur, ya ac qoyur, hələlik bu barədə düşünməsinlər. İnanın səmimiliyimə, bu gün də biz əsl sənət barədə düşünürük. Və sənət həqiqətən istedadlı adamı heç vaxt ac qoymur. Başa düşürəm, bu gün insanların yaşamaq şərtləri dəyişib, gənclik daha çox maddiyyat barədə düşünür. Onları qınamıram. Amma pul hər şey demək deyil. Ola bilsin ki, pul bəzi sənətdən uzaq insanların ad-san, şan-şöhrət qazanmasına vasitə olub.
Qoy gənclərimiz nəfslərinə qalib gəlib, bu ucuz şöhrətdən uzaq olsunlar, müvəqqəti parıltı onların gözlərini qamaşdırmasın, başlarını aşağı salıb öz peşələrinə sonadək yiyələnsinlər, əsl sənətkar olsunlar. İnsan Allahı görməyi bacarmalıdır. Heç kəs bu dünyanın malını özüylə aparmayıb. Ümumiyyətlə, Azərbaycanın bugünkü şəraitində «mən» kəlməsi bizə yaraşmır. Əslində çoxdan Azərbaycanda «biz» düşüncəsi olmalı idi. Əfsuslar olsun ki, biz hələ də «biz»i görmürük.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 185