Muəllif:

Axtarma-Paşalı vulkanı «sakitləşib»

Hacıqabul rayonundakı Axtarma-Paşalı vulkanında püskürmədən sonra bir sakiləşmə müşahidə olunur. Azərbaycan MEA Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev bildirib ki,püskürmə aprelin 1-də baş verib. Ərazidə Geologiya İnstitutunun alimləri tədqiqat aparıblar: “Bu, Azərbaycanın ən böyük vulkanlarından biridir. Vulkan Şirvan şəhərinin 35 km-liyində yerləşir, cənub-şərqi Şirvan ərazisindədir. Vulkan ilk dəfə 1948-ci ildə püskürüb, bu, 7-ci püskürmədir”.

Əliyev deyib ki, püskürmə zamanı yer səthinə vulkan palçığı ilə yanaşı, böyük həcmdə müxtəlif tərkibli və yaşlı suxurlar da atılıb: “Vulkan palçığı 18 hektar sahəni örtüb, ümumi həcmi 220 min kub metrdir. Tullanan məhsulun orta qalınlığı 1 metr 20 sm-dir. Vulkan nəticəsində ərazidə çoxlu çat əmələ gəlib. Çatlardan biri çox böyükdür. Təxminən 2 km-dən artıq məsafəyə uzanıb. Çatın dərinliyi 2 metrə, eni 30 sm-dən 80 sm-ə qədər çatır. Çat həm şimal-qərb, həm cənub-şərq istiqamətində vulkandan keçir. Hazırda vulkan sakitləşib. Adətən palçıq vulkanları püskürəndə alov müşahidə olunur. Bu vulkanda isə alov müşahidə olunmur”.

Şöbə müdirinin sözlərinə görə, vulkanın krater sahəsi çox böyük — 10 kv. km-ə yaxındır: “Vulkanın krater sahəsində bir-birindən aralı bir neçə vulkan sahəsi ayrılır. Hər dəfə hansısa ayrılan vulkan sahəsindən püskürmə olur. Azərbaycanda olan palçıq vulkanlarının 21 faizi yer səthinə bol neft çıxarır. Bu vulkan da neft çıxaran vulkandır. Tullantıların hamısına neft hopub. Xüsusi ilə qeyd eləmək lazımdır ki, yanar şistlərə də rast gəlinib. Bunlar hamısı laboratoriya şəraitində dərindən öyrəniləcək və analizlər nəticəsində həmin ərazinin neft-qaz ehtiyatları barədə dəqiq fikir əldə olunacaq”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 367