Muəllif:

Aksel Fişer: «İlk addım Ermənistan tərəfindən atılmalı…»

«BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsində Dağlıq Qarabağ və ətraf yeddi rayonun Ermənistan Silahlı Qüvvələri tərəfindən davam edən işğalı pislənib. Bunun beynəlxalq hüquqa zidd olduğu bəyan edilib, Ermənistandan qoşunlarını işğal edilmiş ərazilərdən dərhal çıxarılması tələb olunub. Biz BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini tam dəstəkləyirik».
APA-nın məlumatına görə, bu fikirləri Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavabında Almaniya Bundestaqının Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı fraksiyasından deputat, Büdcə Komitəsinin və AŞPA-nın üzvü Aksel Fişer deyib.
Dağlıq Qarabağ münaqişəsi və Xocalı aeroportu məsələsinə toxunan Aksel Fişer bildirib ki, bu qətnamələr münaqişənin həlli üçün beynəlxalq hüquqi əsas təşkil edir:
«Ermənistan bu işğala çoxdan son qoymalı idi. Qaçqınların taleyi Azərbaycanın ərazi bütövlüyünün yenidən bərpasından asılıdır. İlk addım Ermənistan tərəfindən atılmalıdır, yəni o, işğal edilmiş ərazilərdən qüvvələrini çıxarmalıdır. Öz hüquqlarını qorumaqda bizim Azərbaycana regional dəstəyimiz yaxın əməkdaşlıqdan irəli gəlir. Cənubi Qafqaz siyasi, iqtisadi və mədəni baxımdan cəlbedici bir regiondur. Burada Azərbaycan mühüm funksiyaya malikdir. Almaniya, xüsusilə də Avropa ictimaiyyəti içərisində öz roluna çox məsuliyyətlə yanaşır. Məsələn, Avropa Birliyi Dağlıq Qarabağdakı keçənilki qondarma «prezident seçkiləri»ndən sonra bu seçkilərin nəticələrini tanımayaraq, açıq bir mövqe bildirdi. Münaqişənin hüdudları bundan kənara çıxmamalıdır. Lakin Ermənistanın Xocalı aeroportunu beynəlxalq uçuşlar üçün yenidən açma niyyəti ciddi narahatlıqlar yaradır».
Almaniya Bundestaqının başqa bir üzvü, xanım Katerina Reuç da bəyan etmişdir ki, «Ermənistan ordusunun Dağlıq Qarabağdan çıxarılmasının vaxtı çoxdan çatıb» və «Xocalı aeroportunun açılması Azərbaycanın hava məkanının pozulması deməkdir». Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı fraksiyasından millət vəkili, Ətraf mühit, təbiətin mühafizəsi və nüvə təhlükəsizliyi nazirliyində dövlət katibi Katerina Reuç (Katherina Reiche) Ermənistanın Xocalı aeroportu barədə planlarına dair Avropa Azərbaycan Cəmiyyətinin sualına münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, BMT Təhlükəsizlik Şurası bunu öz qətnamələrində dəfələrlə tələb edib:
«Almaniya və Avropa Birliyi bu məsələdə həmfikirdir. 19 iyul 2012-ci ildə Dağlıq Qarabağda keçirilən qondarma prezident seçkilərinə münasibət bildirən Avropa Birliyinin Xarici və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eşton açıq şəkildə bəyan edib ki, bu seçkiləri Avropa Birliyi tanımır. Almaniya olaraq, bizim mövqeyimiz aydındır: Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz bir hissəsidir və işğala son qoyulmalıdır. İşğalın başa çatması ilə regiondakı qaçqınların çoxu üçün yeni perspektivlər yaranacaq. Cənubi Qafqazda sabitliyi və təhlükəsizliyi təmin etmək üçün biz Azərbaycanla yaxından əməkdaşlıq edirik. Dağlıq Qarabağ münaqişəsi ölkənin ən böyük problemidir. Münaqişənin sülh yolu ilə həlli bütövlükdə regionun iqtisadiyyatı və cəmiyyəti üçün müsbət təkan yarada bilər. Bu, regionun bütün dövlətlərinin marağındadır».
Bundestaq üzvü qeyd edib ki, sülh prosesi ilə bağlı beynəlxalq ictimaiyyətlə əməkdaşlıq Almaniya üçün xüsusilə vacibdir: «BMT, Avropa Birliyi və ATƏT uzun müddətdir ki, münaqişənin sülh yolu ilə həll olunmasının yollarını birlikdə axtarır. Sülhə gedən yolda geriləməyə yol verilməməlidir. Lakin işğal olunmuş Dağlıq Qarabağ ərazisində Xocalı aeroportunu yenidən açmaqla, Ermənistan hökuməti bunun əksini edir. Bu, Azərbaycanın hava məkanının pozulmasıdır».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 83