Muəllif:

Akif İslamzadə: “Məqsədli şəkildə edirlər ki, camaatın potensialı çalıb-oxumağa yönəlsin”

Peşəkar ifaçı Akif İslamzadə uzun illər öncə səsini itirsə də,çağdaş estrada haqqında onun fikirləri önəm daşıyır. Tənqidi söyləməkdən çəkinməyən sənətçi bu dəfə bunları danışdı:
— Estrada sənəti yerində dayanıb. Səbəbinə gəldikdə… Bilirsiz, bu gün aradan pərdə götürülüb. Məsələn, sintezatorda, bas-gitarda çalanlar, sonradan durub, estrada oxuduqlarını iddia edirlər. Hətta Akif İslamzadənin estrada simfonik orkestrinin müşayiəti ilə ifa etdiyi «Sarı gəlin» və «Bura Vətəndir» mahnıları klassik anlamda estrada deyil. Estrada tamam başqa üslubdur — həm oxumaq, həm də ifaçılıqdır. Bilirsiz, heç vaxt toplumun səviyyəsinə enmək olmaz. Bu gün bizim geridə qalmağımızın əsas səbəbi toplumun arxasınca getməyimizdir. Əfsuslar olsun ki, camaat bunu bəyənir. Deməliyəm ki, cəmiyyətimizdə matriarxizm hökm sürür. Fikir verin, toylarda arvadlar ortadan çıxmırlar. Əllərini də qoyurlar bellərinə. Ata, əmi, dayı, ər, hətta başqa kişilər oturub, bunlar da hopstop oynayırlar. Hələ bir oynaya biləydilər?! Nə məqsədlə atdanıb-düşürlər, onu bir tək Allah bilir…

— Oxuyanlar yaman çoxalıb, şadlıq evləri yaman çoxalıb…

— Bunu məqsədli şəkildə edirlər ki, camaatın potensialı, enerjisi çalıb-oxumağa yönəlsin. Çalıb-oxuyan adamın da beyni işləmir. Burada məqsəd var: çalıb-oxuyan, çırtma çalıb oynayan, bədənini əsdirən kişilərin beynini yönəltsinlər başqa tərəfə…
Bu gün restoranlardan birində oturmuşdum, çay içirdim. Orada bir qrup adam əyləşmişdi. Görünür, ad günü idi. Kişilər durdular və «İran təranələri»ni oynamağa başladılar. Yanımdakına dedim ki, belə adam əlinə avtomat alar? Və yaxud alsa, necə görünər o? Kişi xeylağı durub, bədənini əsdirəndə, məclisdə ağalığı qadın edəndə hansı estrada musiqisindən söhbət gedə bilər? Bilirsiz, indi kapital sahibləri kimlərdirsə, zövqləri də onlar müəyyən edir.

Bu gün atamızdan-anamızdan sonra müəqqədəs saydığımız müəllim yoxdursa, hansı intellektdən söhbət gedə bilər? Birinə «anası göyçək» desən, adamı öldürər. Amma çıxıb efirlərdə, toyda-bayramda, məclislərdə mahnı oxuyur: “ay anam, mənim göyçək anam”. Azərbaycanda elə bir şair olmayıb ki, ana haqqında söz deməsin, şeir yazmasın. Amma «göyçək anam» demək heç kimin ağlına gəlməyib. Şəhərdə çoxlu şadlıq sarayı tikmək yüksək mədəniyyətin və intellektin göstəricisi deyil axı…

— Əksər oxuyanlar mahnıların söz və musiqisini özləri yazır. Bəlkə estrada musiqisinin bu qədər primitivləşməsinin kökünü burada axtarmaq lazımdır?

— Bir nəsildən, düzgün genetik hesablama ilə gözəl istedad çıxa bilər. Bu, ya şair, ya bəstəkar və sair ola bilər. Amma həm şair, həm bəstəkar, həm də müğənni hansı genetik bir mərhələləri keçmək lazımdır ki, dünyaya vunderkind gəlsin?! Ola bilər ki, hansısa müğənni bir və ya iki mahnısı ilə özünü bəstəkar-şair kimi yoxlasın. Amma bir müğənninin bütün mahnılarını özü yazması artıq peşəkarlıqdan xəbər vermir.

— Özlərinə peşəkar deyən çoxları mahnı yazırlar. Siz məsələn, əməkdar artist Ədalət Şükürovun öz ifasında olan bəstələrini bəyənirsiniz?

— Ədalət Şükürov unikal bir adamdır. O, başqa şey oxumur, onun gözəl ritmi hiss etmək qabiliyyəii var. Hər adam elə ola bilməz. Bizdə yüz ilin müğənnisi var ki, adlı-sanlıdır, amma ritmi yoxdur. Ədalətdə çox gözəl ritm var. Ritmi hiss etmək, duymaq qabiliyyəti var. Onsuz da Ədalət istəsə də, başqa mahnı oxuya bilməz. Bu da sənətdə bir cərəyandır. Bilirsiz, sənətdə hər bir üslub qəbul olunandır. Əsas odur ki, onun arxasında intellekt dayansın. Kimin intellekti varsa, bunu edə bilər. Çünki mən sənət adamıyam. Nə qədər sənətdən uzaq düşsəm də, içində olaraq qalıram. Bayaq dediyim kimi, insanlarımızı laqeydləşdirmək, tərbiyəsizləşdirmək, problemlərə biganə qalmağı aşılamaq olmaz. Torpaqları işğal altında olan ölkənin insanları, ümumiyyətlə, gələcəyini işıqlı görmək istəyən cəmiyyət bütün vasitələri təhsilə, gənclərin fizioloji, psixoloji sağlamlığına yönəlməlidir.

— Daha bir məqam, meyxana musiqisinə maraq gündən-günə armaqdadır…

— Doğrudur, dünən meyxana deyənlər bu gün özlərini şair adlandırılar. Özfəaliyyət səviyyəsində musiqi anlayışı olanlar, bir-birinə «böyük sənətkar» deyə müraciət edirlər. Etiraf edək ki, içi mən, elə siz qarışıq, əyalətdən gəlmə adamlarıq. Əyalətin öz mədəniyyəti, musiqisi var. Efirdə gördüklərinizin hamısı əyalət mədəniyyətidir.. Toya min nəfər qonaq çağırmaq əyalətdən gəlmə bir ənənədir. Mən Akif İslamzadənin toyunda 100 nəfər adam olub. Sabah kimimsə üçün toy etsəm, ən çox 150 adam çağıracağam. Yəni, toyda olmağa layiq insanları dəvət edəcəyəm. Tanışa-bilişə qalsa, gərək mən stadionda toy edəm… Elə televiziyalarımız da toyları xatırladır. Bizim zamanımızda da müğənnilər çox olub. Sadəcə, o zamanlar televiziya kanalı bir idi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 662