Muəllif:

AFFA «danışılmış oyunlar»ı izləyəcək

UEFA 27 may 2011-ci il tarixli sirkulyar məktubuna əsasən Avropa miqyasında üzv Assosiasiyalarda danışılmış oyunlara qarşı mübarizə aparmaq üçün nümayəndələrdən ibarət şəbəkə yaradıb. Bu şəbəkəni yaratmaqda məqsədi danışılmış oyunların qarşısının alınmasıdır. UEFA 2012-ci ildən etibarən danışılmış oyunlarla bağlı mübarizə işinə nəzarəti gücləndirib və üzv olan 53 Assosiasiyada nəticəsi şübhə doğuran oyunları yoxlamağa başlayıb.
Layihə çərçivəsində AFFA müxtəlif mənbələrdən daxil olan məlumatlara uyğun olaraq, şübhəli oyunların araşdırılmasını həyata keçirir və bununla bağlı UEFA ilə məlumat mübadiləsi aparır. Qurumun rəsmi saytının bununla bağlı yaydığı açıqlamada deyilir:
«Son zamanlar AFFA-ya daxil olmuş bilgilərə əsasən, Topaz Premyer Liqasının növbəti turlarında keçiriləcək bəzi oyunların «danışılmış oyunlar» kateqoriyasına daxil olması ehtimal edilir. Eyni zamanda, oyunların nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsində bəzi futbolçuların iştirakı da ehtimal olunur. Bu məlumatı nəzərə alaraq AFFA bu oyunları diqqətlə izləmək üçün Apellyasiya və Ekspert Komitəsi nəzdində futbol mütəxəssislərindən ibarət xüsusi qrup yaradıb. Bu qrup həmin oyunları diqqətlə izləyəcək və AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə hesabat təqdim edəcək. Qrup üzvlərinin hesabatı əsasında oyunların nəticələrinin şübhəli olub-olmaması faktı müəyyənləşdiriləcək. UEFA-nın tələblərinə əsasən qrupun fəaliyyəti konfidensial xarakter daşıyır».
Xatırladaq ki, Avropa Birliyinin polis xidməti (Avropol) ötən həftə Haaqada keçirdiyi mətbuat konfransında 18 aydır danışılmış oyunlarla bağlı apardığı araşdırmanın nəticəsini açıqlayıb. Avropolun məlumatına əsasən, göstərilən müddətdə dünya çempionatının seçmə matçları, Avropanın aparıcı çempionatları və Çempionlar Liqası turniri də daxil olmaqla 380 görüşün nəticəsinin əvvəlcədən müəyyənləşdirildiyi üzə çıxıb.
Cinayətkar qruplaşma bu oyunlardan ümumilikdə 16 milyon avro gəlir əldə edib. Polisin məlumatına əsasən, ən böyük uduş bir matça görə 140 min avro təşkil edib. Avropol bildirir ki, təkcə Avropa deyil, Asiyadan olan cinayətkarlar da danışılmış oyunların iştirakçısı olublar. Bu günə qədər sözügedən faktlarla əlaqədar 50 nəfər həbs olunub. Avropolun direktoru Rob Ueynrayt qeyd edib ki, bu araşdırma Avropa futbolunda böyük problemin olduğunu üzə çıxarıb.
R.Ueynrayt ad açıqlamasa da, 15 ölkədən 420 futbolçunun danışılmış oyunlarda iştirak etdiyini söyləyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 169