Muəllif:

UNİCEF fəaliyyətini məhdudlaşdırır

Qurumun nümayəndəsi Munir Məmmədzadə bildirib ki, UNİCEF daha kiçik layihələrə dəstək vermir. Hazırda əsas diqqət sistem problemlərinin həlli məsələsində dövlət orqanları ilə birgə fəaliyyətə üstünlük verilir. Məsələn, əlilliyi olan uşaqların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, yuvenal ədliyyə siyasətin həyata keçirilməsi, o cümlədən, BMT Uşaq hüquqları üzrə Komitəsinin tövsiyyələrinin yerinə yetirilməsinə dəstək verilməsi planlaşdırılır.
O deyib: «UNİCEF Azərbaycan kimi ölkələrdə fəaliyyətini məhdudlaşdırır. Burada, iqtisadi inkişaf göstəriciləri nəzərə alınır. Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasında yer alıb. Bu cür ölkələrdə, dövlətin özünün uşaq hüquqlarının müdafiəsi ilə məşğul olması üçün belə mexnizmin inkişaf etdirilməsinə dəstək verməyə çalışırıq. Fikrimcə, UNİCEF Azərbaycanda fəaliyyətini tam dayandırmayacaq. Belə ki, hələ dəstəyə ehtiyac var»
Onu da qeyd edək ki, UNİCEF məişət zorakılığı ilə bağlı Azərbaycanın 16 regionunda araşdırma aparacaq. Uşaqların müdafiə proqramının rəhbəri Munir Məmmədzadə deyib. (azvision.az)
O bildirib ki, yanvardan başlanan araşdırmanın nəticəsində hesabat hazırlanaraq müvafiq təkliflər veriləcək. Bu araşdırma Ombudsman Aparatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF-in birgə təşkilatçılığı ilə aparılacaq:
«Məişət zorakılığı ilə bağlı UNİCEF-i narahat edən məsələlərdən biri odur ki, burada daha çox diqqət zorakılığın qurbanı olan qadınlara yönəldilir. Amma bundan ən böyük ziyan çəkənlər ilk növbədə uşaqlardır. Burada təkcə fiziki deyil, psixoloji, emosional zorakılıq da xüsusi əhəmiyyət daşıyır».
Uşaqların istismarına gəlincə isə UNİCEF-in müşaviri bu problemin qarşısını almaq üçün Nazirlər Kabinetinə təklif verdiklərini qeyd edib:
«Təklif etmişik ki, Nazirlər Kabinetinin tərkibində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyada müvafiq işçi qruplar yaradılsın ki, dövlət qurumları bir araya gələrək problemləri həll etsinlər. Nazirlər Kabineti səviyyəsində bu məsələnin tənzimlənməsi çox vacibdir. Çünki, uşaqların istismarı çoxşaxəli olduğundan bütün orqanlar birgə fəaliyyət göstərərək kompleks şəkildə fəaliyyət göstərməlidir».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 118