Muəllif:

Sotheby’s bizim incəsənəti də təqdim edəcək

Dünyanın məşhur sərgi və hərrac evi olan Sotheby’s 2013-cü il martın 4-dən 12-dək Londonda, «New Bond Street»dəki zalında «Yol ayrıcında» adlı satış-sərgi keçirməyə hazırlaşır. Bu barədə bizim Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb. Burada ilk dəfə olaraq Güney Qafqaz və Mərkəzi Asiya ölkələrinin çağdaş incəsənət örnəkləri təqdim ediləcək. Satış-sərgidə Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın çağdaş rəssamlarının 50-dək əsəri nümayişə çıxarılacaq. Bu əsərlərdə 1960-cı illərin neokonformizm və sosializm realizmindən çağdaş incəsənətə keçid özünü göstərir.
«Sotheby’s» hərrac evinin rus şöbəsinin müdiri Co Vikeri Londonda sərgi haqqında bilgi verib:
«Son illər Qafqaz və Orta Asiya ölkələrində dinamik inkişaf müşahidə edilir və bu inkişaf incəsənətə də təsir edir. Bu ölkələrdə yeni sənət birlikləri, rəssamlar, kolleksiyaçılar ortaya çıxır və «Sotheby’s» üçün bu coğrafi məkan bu günədək tədqiq edilməyib, lakin cəzbedici olaraq qalmaqdadır. Ona görə də biz bölgənin bədii müxtəlifliyini əhatə edən, zəngin tarixlə çağdaş və ən aktual tendensiyaların bir-birinə qovuşduğu müasir incəsənət örnəklərini yeni sərgidə təqdim etməkdən məmnunuq».
Sərgidə məqsəd Qafqaz və Orta Asiya ölkələrinin mədəniyyətini onların sovet tarixi fonunda bütün müxtəlifliyi ilə göstərməkdir. «Yol ayrıcında» adı regionun sosial-siyasi, eyni zamanda, bədii baxımdan yaşadığı keçid dövrünü xarakterizə edir. SSRİ-nin süqutundan sonra müstəqilliyinə qovuşan bu ölkələr bu gün Qərbə doğru sürətlə irəliləyir. Onlar müasir təcrübəni və kommunizmə qədər mövcud tarixi ənənələri, ümumsovet dövrü tarixlərini bir araya gətirirlər. Sərgi 1970-80-ci illərin neokonformizm və rəsmi sosrealizm incəsənətindən çıxan və hazırda fərdiliyini ifadə etməyə çalışan sənət örnəklərini əks etdirir. Bu ölkələr Şərqlə Qərbin arasında yerləşir və onların rəssamları müasir Qərb təcrübəsi ilə folklor və milli ənənələri birləşdirməyi bacarırlar.
Sərgidə diqqət çəkən işlərdən biri Alimcan Jorobayevin «Kommunizmin №1 kabusları» (birinci səhifədə) fotosu olacaq. Həmin foto rəssamın SSRİ-nin dağıldığı zaman, qarışıqlıq dönəmində doğma Qırğızıstanı gəzib keçmişdən simvollar axtardığı vaxt lentə aldığı əsərlərdən biridir. Bu əsərdə «kommunizm» şüarı Tyan-Şan dağları fonunda uzaqda görünür. Fotonun əsas məqamı — kommunizmin hakim olduğu yerlərdən uzaqlaşan yoldur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 136