Muəllif:

Sahilə dirənmiş gəmi…

Diaspor barədə yazdığım hər yazıdan sonra, çox müxtəlif reaksiyalar alıram. Razılaşanlar da olur, «hələ az yazmısan» — deyənlər də, etiraz edənlər də, yazını sosial şəbəkələrdə paylaşanlar da. Təhqirə yol vermədən, bildiriləcək hər bir iradı qəbul etməyə hazıram. Özüm də kimsəni təhqir etməməyə çalışıram. Beləliklə, bu da diaspor barədə növbəti yazı…
Diaspor, bəzən bir rəsmi nümayəndəliyin görə biləcəyi işlərdən daha artığını edə bilər. Bu, bir faktdır. Ən azından, bizlərin, diaspora nümayəndələrinin asılı (çoxlarımızın) olmaması bunu deməyə əsas verir. Ancaq bunun üçün də xaricdə yaşayan insanlara, siyasi baxışlarından asılı olmayaraq, eyni cür yanaşılmalıdır. Bizlər də əlimizdən gələn qədər ölkəmiz, dövlətimiz üçün bir şeylər etməyə çalışmalıyıq. Altını cızaraq deyirəm ki, ölkəmiz üçün, daha ayrı-ayrı maraqlar üçün deyil. Bəs aidiyyəti komitə bu sahədə nə iş görür? Ümumiyyətlə bir iş, fəaliyyət varmı? «Heç yoxdur»- desəm insafsızlıq etmiş olaram. Komitə öz bacarığına, maraqlarına uyğun işlər görür. Onun maraqlarının nə olduğunu isə, ən yaxşı orda çalışanlar bilər. Təbii ki, dünyanın müxtəlif ölkələrində yaşayan insanlarımız var və çoxlarımız da komitənin məhz bizim istəyimizə uyğun fəaliyyət göstərməsini istəyirik ki, bu da mümkün deyil. Ancaq bizlərdən şəxsi maraqları olmayanların, sadəcə bir məqsədi var: ölkəmizi lazımı qaydada təbliğ və təmsil etmək. Bunları ümumiləşdirib istiqamətləndirmək lazımdır.
Niderlanddan baxanda, sözügedən komitəni sahilə dirənmiş vəziyyətdə görürəm mən. Əgər dünyanı və siyasəti böyük bir okeana, komitəni isə gəmiyə bənzətsək, bu gəmi sahilə pərçimlənmiş vəziyyətdə görsənir mənə. Halbuki bizlər okeanın ortasında əl-qol atmaqla məşğuluq. Bu gəmi okeana çıxmalı, insanlarımızı göyərtəsinə almalı olduğu halda, sahilə lövbər atmasını anlamıram. Okean yırtıcı akulalar, başqa yırtıcılarla doludur, bəylər! Mübarizə orda gedir, sahildə yox! Sahil də bir sahil ola, bomboş! Mövlananın gözəl bir sözü yadıma düşdü: «Dənizdə incilər dərində, çör-çöp sahildə olur». Sonra xaricdə yaşayan soydaşlarımızdan inciyirik. Tanıdığım yetərincə insan küsüb artıq bu biganəlikdən. Ancaq küsəndə ziyan ölkəmizə dəyir, «gəmi» yenə qaldığı yerdə qalır. Qınamıram! Kimi qınayacam ki? İllərdir belə gəlib… Yox, belə getməyəcək. Gedə bilməz bu cür!
Bəzən düşünrəm ki, hər dəfə mən, yaxud bir başqası, haqlı tənqid etdikdən sonra, bəlkə bir şeylər dəyişdi. Dəyişəcək də! Bir az geci-tezi var. Ən azından aidiyyəti adamlar bunları oxuyub nəticə çıxaracaq, özlərinə hesabat verəcəklər. Hər halda, mən buna ümid edirəm.
Düşünürəm ki, hər hansı bir fəaliyyət üçün, konkret məqsəd olmalıdır. Məqsədə getmək üçün isə vasitələr müxtəlif ola bilər: mitinqlər, konfranslar, ayrı-ayrı görüşlər, mədəniyyət göstəriləri və s. Bunların hər biri lazımdır. Birini digərindən üstün yerə gətirmək olmaz. Mən məqsəd, bu məqsədə gedən yolda cızılmış plan görmürəm. Varsa, mənə də deyin…
Bir məsələni də qeyd etmək istəyirəm. Bizlər hər zaman erməni və yəhudi diasporunun daha güclü olmasını deyirik. Erməni diasporunu misal olaraq götürsək, mən deyilənlərlə razı deyiləm. Daha dogrusu, konkret olaraq erməni diasporu ilə bağlı deyilən fikirlərə. Mən onları heç də güclü hesab etmirəm. Nə də onların bu üzrə məsul olan komitəsini (əgər varsa) bizim komitədən güclü saymıram. Apardığım müşahidələr mənə belə deməyə əsas verir ki, bəzən, ayrı-ayrı dövlətlər ermənilərin xeyrinə (öz maraqları üçün) gördükləri işləri, erməni diasporunun adı ilə bağlayırlar. Çəkinmədən deyirəm ki, dünyada ikili standartlar var, olub və olacaq. Bəzən haqlı dediyimiz sözləri, kimlərinsə qulağının dibində qışqırsaq belə, kar olurlar, eşitmirlər. Həqiqətləri göstərəndə, kor olurlar, görmürlər. Bütün bunlar həqiqətdir. Erməni diasporu bizdən güclü deyil və ola da bilməz. Onları müdafiə edənlərin hesabına, onlar belə görsənirlər. Bu yalnız görüntüdür. Ermənistana «diasporun yardımı» adı altında edilən yardımlar da belədir. Onları da ayrı-ayrı dövlətlər bu adlarla edirlər. Ölkəmiz gerçəkdən təklənmiş vəziyyətdədir. Mən Türkiyənin adını, bilərəkdən bizə dəstək verən ölkə kimi çəkmədim. Ona görə ki, Türkiyə də bizimdir, həm də bizim ölkədir. Azərbaycan (şimallı, cənublu) da, Türkiyə də Türkündür və bu biz türklər bir yerdə olmaq, mübarizə aparmaq məcburiyyətindəyik. Başqa yolumuz yoxdur. Bunun üçün, təkrarçılıq olsa belə, konkret məqsəd və bu məqsəd üçün konkret plan olmalıdır. Gözləyirik…

[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 169