Muəllif:

Sabir Rüstəmxanlı: «Onlar niyə Azərbaycan sözündən bu qədər qorxurlar?»

İran tərəfin Azərbaycan XİN-ə son notası ilə bağlı DAK sədri Sabir Rüstəmxanlı münasibətini açıqlamışdır. «İran elə bilir ki, güneydə, öz tarixi torpaqlarında yaşayan 35 milyon xalqa öz tarixini unutduracaq, onların bütün hüquqlarını əllərindən alacaqlar. Bu mümkün deyil». APA-nın məlumatına görə, Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı bu sözləri onun fikirləri ilə bağlı İran tərəfinin Azərbaycan Xarici İşlər Nazirliyinə nota göndərməsi məsələsinə münasibət bildirərkən deyib.
Rüstəmxanlı bildirib ki, DAK tərəfindən təşkil olunmuş tədbirdə Güney və Quzey Azərbaycanın əlaqələrindən danışılıb:
«Bu isə İran tərəfini narahat edir. Bir millətin 2 parçasının bir-biri ilə əlaqə saxlaması, əlaqələrini genişləndirməsi normal dövləti niyə narahat etməlidir? Onlar Azərbaycan dövlətinə niyə nota verir? Bu, dövlətin sözü deyil, mənim, yəni DAK-ın sözləridir. Bu qurumu isə dünyada yaşayan azərbaycanlılar yaradıblar. Bunun Azərbaycan rəsmilərinə, Azərbaycan dövlətinə heç bir aidiyyəti yoxdur. Biz qeyri-hökumət təşkilatıyıq, öz sözümüzü demişik və bundan sonra da fikrimizi söyləməkdə davam edəcəyik».
Millət vəkili bildirib ki, DAK-da səslənən fikirlərin İranın ərazi bütövlüyünə zidd olması iddiası İran tərəfin uydurmasıdır:
«Əgər məsələ bu yerə gəlibsə, hər kəs bilir ki, İran Pəhləvilərə qədər türk dövləti olub. Bundan başqa, 1945-46-cı illərdə orada Azərbaycan Milli Hökuməti qurulmuşdu. Ümumiyyətlə, orada yaşayan azərbaycanlılar öz talelərini necə istəyirlərsə, elə həll etməlidirlər. Biz bu işə qarışmırıq. Xalq özü bu məsələni həll edəcək».
Sabir Rüstəmxanlı İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin «İranda müxtəlif xalqların birləşdiyi bir millət yaşayır» sözlərini yuxu adlandırıb: «İranda türk, fars, bəluc, ərəb var və hər birinin özünün mədəniyyəti, tarixi, keçmişi var. İran dövlətinin adı altında birləşmələri onların milli kimliklərini əllərindən almır».
Millət vəkili bir daha xatırladıb ki, o, parlamentdə iqtidarın nümayəndəsi deyil, müxalifət partiyasının lideridir və fikirləri müstəqil insan, şair kimi səsləndirib:
«İran bizim ağzımızı bağlaya bilməz. Bu ölkə öz ərazisində yaşayanların hüquqlarını əllərindən alıb, indi də bura əl uzadır. Amma onun əli bizə çatmaz. Əgər İrandakı xalqların hamısını İran milləti hesab edirlərsə və türklüyün sonuna çıxırlarsa, onları yox sayırlarsa, onda onları narahat edən nədir? Onlar niyə Azərbaycan sözündən bu qədər qorxurlar?»

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 149