Muəllif:

Rusiya ordusunu necə diriltməli?

Əsgəri yaşa çatmış gənclərin ordu sıralarında xidmətə səfərbər olunmasında xeyli problemlər yaranmışdır. Özəlliklə Qafqaz kökənli çağırışçılar məsələsində çətinliklər daha ciddidir. Rusiya müdafiə naziri Sergey Şoyqu ilk öncə hərbi hissələrdə əsgəri xidmət çəkənlərin durumu ilə maraqlanmışdır. Baş Qərargahın yanında Hərbi Səfərbərlik İdarəsi rəisi Vasili Smirnovun hazırladığı xüsusi hesabatdan bəlli olmuşdur ki, Quzey Qafqaz Hərb Dairəsinə tabe olan hərbi hissələrdə normativ 90-95 faiz gücü ilə fəaliyyət göstərir. Rusiyanın digər hərbi hissələrində xidmət göstərən əsgərlərin sayı 40-60 faiz arasındadır. Yəni bu hərbi hissələrdə əsgərlərin sayı normativdən xeyli aşağıdır. Hər dəfə əsgəri çağırış məsələsində orta hesabla 166 min nəfər gənc hərbi xidmətdən yayınır. Qeyri-rəsmi statiskaya görə bu rəqəm etiraf olunduğundan dörd dəfə çoxdur. Quzey Qafqaz respublikalarından əsgəri xidmətə demək olar heç kimi göndərilmir.
Qafqazlıların orman baxışlarının sirri
Son payız mövsümü əsgəri çağırışla bağlı Dağıstandan 3 min 323 gənc hərbi xidmətə getməli olduğu halda, cəmi 121 nəfər əsgərliyə getmişdir. Rusiya Hərbi Elmlər Akademiyasının müxbir üzvü Eduard Rodyukov bildirmişdir ki, Dağıstandan son illərdə əsgəri xidmətə ancaq milliyyətcə rus kazakları olanlar getmişlər. Onlar əsasən Quzey Qafqaz Hərbi Dairəsi hissələrində qulluq edirlər. Çeçenistan isə hərbi xidmətə ümumiyyətlə əsgər göndərmir. Burada son illərdə əsgəri xidmətə gedənlər Rusiya meyilli məmurların övladları olsalar da, onlar Daxili Qoşunlarda qulluq edirlər.
Rusiyada ordu və hərbi məsələlər üzrə tədqiqatçıların hesablamalarına görə, əsgəri çağırış məsələsində ölkənin digər regionlarında yaşayan Qafqaz əsilli gəncləri də əsgəri xidmətə aparmaq qeyri-mümkündür. Bu yöndə şirnikləndirici təbliğat heç bir səmərə vermir. Rusiyada insan haqları üzrə ixtisaslaşmış mütəxəssislərin fikrincə, problemin əsas səbəbi güc strukturlarının antiterror əməliyyatları siyasətinə önəm verərək Quzey Qafqazın hər qarışında yürütdüyü qanlı tədbirlərdir. Bunların gedişində insan haqlarının müntəzəm olaraq pozulması, heç bir günahı olmayan insanların həbs edilməsi, onlara işgəncələr verilməsi və hətta ölümlə nəticələnən hallar bölgələrdə kimsə tərəfindən nə unudulur və nə də bağışlanır. Onların ailə üzvləri və qohumları vəhşilikləri bağışlamaq fikrində deyillər. İndiyə kimi güc stukturları tərəfindən hüquqları pozulan insanlardan nə üzr istənilmiş, nə də onların ailələrinə və əmlaklarına vurulmuş maddi zərər ödənilmişdir.
Digər yandan, Quzey Qafqazda tökülən günahsız qana görə «QAN BAHASI» adətinin sərt şəkildə tətbiq olunması və buna əməl edilməsi bir namus məsələsi kimi başa düşülməkdədir. Hər bir Quzey Qafqaz kökənli vətəndaş Rusiya ordusunda əsgəri xidmətə getməkdənsə, ormanlıqlarda əlində silah namus məsələsinə görə intiqam almağı daha şərəfli hesab edir.
Peşəkar rus hərbiçilərinin məntiqinə görə, Quzey Qafqaz kökənli insanlara orduda xidmət məsələsində etibar olunmalıdır. Bu məsələdə onlar Vladimir Semyonov, Sufiyan Beppaev, Cövhər Dudaev, Ruslan Auşev kimi əfsanəvi generalların adlarını örnək qismində göstərirlər. Rusiyanın uzun müddətdir hərbi elitasında təmsil olunanların məntiqi isə bundan ibarətdir: «Qurdu nə qədər çox yaxşı bəsləsən də, gözü daim ormanlarda olacaq».
Ordunun iflas çuxuru
Hərbi mütəxəssis Aleksandr Qoltsın açıqlamasına görə, Rusiya Müdafiə nazirliyinə bağlı olan hərbi hissələrdə hətta əsgəri heyətin komplektləşdirilməsini təmin etmək üçün 100 faizlik əmsal tətbiq olunsa belə, bu həm də demoqrafik çuxura, yəni boşuna irəli sürülən təşəbbüslərə səbəb olacaqdır. Onun fikrincə, müdafiə naziri Sergey Şoyqunun qarşısında mövcud durumdan çıxış üçün iki yol var:
1. Etiraf olunmalıdır ki, Rusiya mövcud duruma görə silahlı qüvvələrinin sayını bir milyon nəfərdən artıq səviyyədə komplektləşdirmək gücündə deyildir. Buna görə də sabiq nazir Anatoli Serdyukovun bir zaman irəli sürdüyü «xüsusi müqavilə əsasında hərbi xidmət»ə cəlbetmə siyasətinə üz tutulmalıdır.
2. Əsgəri xidmətin müddətini üç ilə qədər artırmaqla silahlı qüvvələrdə mövcud kadr çatışmazlığının qarşısını almaq rəsmən qanuniləşdirilməlidir.
Rusiyanın əksər hərbi ekspertlər ikinci varianta üstünlük verilməsini daha önəmli hesab edirlər. Ancaq bu iki problemi necə həll etmək məsələsində ölkənin siyasi hakimiyyətinin hansısa bir qərara gəlməsi vacib hesab olunur. Bir qədər neytral mövqedə olan digər mütəxəssislərin fikrincə isə, hər iki halda ölkədə sosial partlayışların necə ola biləcəyini də hesablamaq vacibdir. Onlar bunu onunla əsaslandırırlar ki, onsuz da hərbi xidmətdən müxtəlif səbəblərə görə yayınanlara toxunulmazsa belə, orduya tələb olunan hərbçilərin tam heyətlə komplektləşdirilməsi artıq həllolunmaz bir prosesə çevrilmişdir. Bunun əsas səbəbi ölkədə demoqrafik fəlakətin ildən-ilə daha da dərinləşməsidir.
Rusiyanın müdafiə qüdrətinin sadəcə hərbi modernləşmə strategiyasında görənlərin fikrincə, əsas məsələ ölkə sərhədlərinin qorunması, professional hərbi birliklər yaradılmasıdır. Bu proses ən azından 2020-ci ilə qədər kompleks tədbirlər olaraq həyata keçirilməlidir. Ordudakı durumun necə olmasını, dövlət büdcəsinin mövcud imkanlarını araşdıran mütəxəssislərin qeyd etdiyinə görə, Rusiya üçün 1 milyonluq peşəkar ordunu saxlamaq hal-hazırda heç bir uğur gətirməyəcək. Qapalı hərbi dairələr strategiyası ölkənin müdafiə qüdrətinə görə maraq kəsb etsə də, 1 milyonluq peşəkar ordunu saxlamaq həm də büdcənin tamamilə talan olunmasına gətirib çıxaracaqdır. Keyfiyyətli ordunu yaratmaq yolu məhz bu mənada mümkünsüzdür.
Dövlət Dumasının müdafiə məsələləri üzrə komitəsinin sədri, admiral Vladimir Komoyedov düşünür ki, əsgəri xidmətin bir ildən ilyarıma keçirilməsi yönündə addımlar atılmış olarsa, bu zaman addım-addım mövcud problemlərin həllinə doğru getmək də asanlaşar. Baş Qərargah yanında Hərbi Səfərbərlik İdarəsinin rəisi Vasili Smirnov isə onun bu təklifini sərt şəkildə tənqid edərək demişdir ki, mövcud qanunvericiliyə görə bir illik hərbi xidmətin ilyarıma keçirilməsi məsələsi ölkədə çox böyük sosial partlayışa səbəb olar bilər.
Rusiya Əsgər Anaları təşkilatının təmsilçisi Valentina Melnikova bildirmişdir ki, əsgəri xidmətin müddətinin artırılması sovet totalitar siyasətinin geri dönməsi deməkdir. Bu təşəbbüslərin heç bir rasional əsası yoxdur. Əhalinin böyük əksəriyyəti yoxsul vəziyyətdə yaşayır. Onların ailələri, təqaüdə çıxmış valideynləri var. Heç bunu nəzərə alırlarmı? Digər yandan, ordudan yayınmaq kimi başağrısına çevrilmiş bu problem daha çox hərbdə xidmət edən zabitlərin də əsas qayğılarından biri hesab olunmaqdadır. Çünki, hər bir zabitin qarşısında qoyulan vəzifə borcu onun tabeliyindəki əsgər sayəsində həyata keçir. Əsgər olmadan zabit heyətindən ibarət hərbi hissələr iflasa, yəni çuxura düşmüş durumda olur.
Boşluğa açılan zənglər
Rusiya hərbi mütəxəssisləri çoxdan xəbərdarlıq edirdilər ki, hər bir əsgəri çağırış müddətində səfərbərlik normativləri ən azından 30 faiz aşağı səviyyədə olacaq. Bu da təbii olaraq hərbi hissələrin komplektləşdirilməsində əlavə problemlər doğuracaqdır. Hərbi ekspert, istefada olan general-leytenant Yuri Netkaçev qeyd edir ki, səfərbərlik məsələsində məsuliyyət daşıyan yerli qurumlar gücsüzdür. Əsgəri xidmətdən yayınanlarla bağlı polis idarələri öz öhdəsinə düşən vəzifəni yerinə yetirmir. Səfərbərliklə bağlı vətəndaşlarda maraq oyadılması isə dövlətin imkanları xaricindədir. Bəzən ordu komandanlığının əsgəri səfərbərliklə bağlı bütün tapşırıqların yerinə yetirilməsi haqda şanlı məruzələri sadəcə saxtakarlıq deyil, həm də ordunun müdafiə qüdrətinə qarşı açıq bir xəyanətdir.
Son vaxtlar milli respublikalarda milli hərbi hissələrin yaradılması istiqamətində təkliflər də səslənməkdədir. Aleksandr Nevski dönəmindən başlamış İkinci Dünya Savaşına kimi Rusiyanın bir dövlət olaraq hərbi salnaməsində xüsusi rol oynamış milli hərbi hissələrin döyüş rəşadəti haqqında ciddi təhlillər ortaya qoyulmaqdadır. Ancaq bununla yanaşı belə bir təklifə etiraz edənlərin sayı da az deyildir. Onlar demək olar ki, dövlətin bütün ali qurumlarına zənglər edərək öz etirazlarını nümayiş etdirirlər.
Bu fikrin tərəfdarları iddia edirlər ki, 1941-ci ildə Almaniyanın tərəfinə keçmiş 800 min, 1942-ci ildə 1 milyon 654 min, 1943-cü ildə 654 min, 1944-cü ildə 160 min, 1945-ci ildə 34 min nəfər hərbçinin yarıdan çoxu qeyri-ruslar olmuşlar. Alman ordusunda Sovetlər Birliyinə qarşı döyüşən hərbi hissələrin heyətinin 70 faizi könüllü olaraq onların tərəfinə keçənlər idi. Bu gün durum bir qədər fərqli olsa da, qeyri-rus xalqların, əsasən də Qafqaz kökənli vətəndaşların orduda xidmətdən yayınmalarının səbəblərindən biri də onların milli və dini inanclarına qarşı aparılan siyasətdir. Onları xidmətdən yayınmağa sövq edən budur. Belə ki, hərbi hissələrdə andiçmə mərasimləri adətən yerli kilsələrin keşişlərinin də iştirakı ilə tamamlanır. Bu zaman sadəcə vətənə və dövlətə deyil, həm də kilsəyə sədaqətlə xidmət etmək bir şərəf və namus məsələsi kimi ortaya qoyulur. Kilsə ilə heç bir əlaqəsi olmayan, islam, buddist və Gök Tanrı inanclı, eləcə də, kommunist düşüncəli əsgər və ya zabit kilsənin onların həyatına müdaxiləsini heç də normal saymırlar.
Bu insanlara qarşı hərbi hissə rəhbərliyi, hətta hərbi tribunal reaksiya verir, onları daim təhdid altında saxlayır. Rusiya İnsan Haqları üzrə ixtisaslaşmış qurumlarının hesabatlarında da qeyd olunduğu kimi, orduda kilsə siyasətinə etiraz edənlərə qarşı hətta hərbi prokurorluq tərəfindən xüsusi qaydada cinayət işləri belə tətbiq olunmuşdur. Bu insanların mənsub olduğu toplum və sosial sahələr isə orduda digər inanclara da qayğı və sayğı göstərilməsini vacib hesab edir. Ancaq ötən 20 il müddətində ordu rəhbərliyi hələ ki, bu tələblərə əməl etmək fikrində olmadığını nümayiş etdirmişdir.
Ordudan, xidmətdən yayınanların sırasında sadəcə islam dininə inanclı olanlar deyil, xristianlığın müxtəlif təriqət və məzhəblərinə inanclı olanlar da qoşulmağa başlamışlar. Çünki, Pravoslav kilsəsi bir tərəfdən rus şovinizmini, digər yandan öz strateji maraqlarını əsas prioritet kimi ortaya qoyur. Burada digər xristian inanclarına yer yoxdur. Onlar sərt şəkildə təqib olunurlar. Bu işə ordu zabitləri də qoşulanda məsələ qəliz şəkil alır. Qafqaz kökənli gənclər isə bu iki faktoru ümumiyyətlə qəbul etmirlər. Sergey Şoyqu bu problemlərin asanlıqla həll ediləcəyinə inanmır və bunun çətinliyini etiraf edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 241