Muəllif:

Qəbələ RLS-in kitabı bağlandı

Dekabrın 10-da Rusiyanın Qəbələ RLS-in icarəsini dayandırmağa dair notası Bakı və Moskva arasında münasibətlərin mövcud durumu və inkişafı ilə bağlı ehtimallara yol açıb. İki ölkə rəsmiləri tərəfindən Qəbələ RLS-in icarəsi ilə bağlı növbəti müqavilənin imzalanacağı barədə pozitiv bəyanatların axarında belə bir sonluq gözlənilməz oldu.
Azərbaycan XİN-in 10 dekabr bəyanatında bildirilirdi:
«Qəbələ RLS ilə əlaqədar intensiv danışıqlar aparılmışdır. Azərbaycan Respublikası danışıqlarda Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı Rusiya tərəfi ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu nümayiş etdirmişdir. Danışıqlar zamanı adıçəkilən stansiyanın icarə haqqı ilə bağlı razılaşmanın əldə edilməsi mümkün olmamışdır»…
Rəsmi Bakının məntiqi
Rəsmi Bakı hesab edir ki, stansiya ilə bağlı çıxarılan qərar Azərbaycan və Rusiya arasındakı əməkdaşlığın inkişafına təsir etməyəcək. PA rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Rusiya tərəfinin bəlli notasını şərh edərkən deyib. Məmmədov «Trend»ə şərhi:
«Azərbaycan müstəqillik qazandığı gündən bu günədək Rusiya Federasiyası ilə qonşu və dost dövlət kimi bütün sahələrdə əməkdaşlıq edir və bu illər ərzində çox böyük uğurlar qazanmışıq. Əməkdaşlığımız bu gün də davam edir. Qəbələ Radiolokasiya Stansiyası ilə bağlı danışıqlara gəldikdə isə, son bir neçə ay ərzində bu danışıqlar gedirdi. Bizim də məqsədimiz bu stansiya ilə bağlı əməkdaşlığı günün tələbləri səviyyəsinə qaldırmaqdır. Biz bu gün əməkdaşlığımızı Rusiya ilə də dünyada mövcud olan şərtlər çərçivəsində aparırıq. Əməkdaşlığımızı elə bu şərtlərlə də Rusiya Federasiyası ilə davam etdirmək istəyirik. Burada Azərbaycan tərəfinin ikitərəfli əməkdaşlıqla bağlı heç bir problemi yoxdur və biz də bunu danışıqlar prosesində axıra qədər nümayiş etdirdik».
Novruz Məmmədovun sözlərinə görə, Azərbaycanın məqsədi Qəbələ RLS-in icarəsini beynəlxalq tələblər səviyyəsinə qaldırmaq imiş. Məmmədov deyir:
«Bura böyük ərazidir, xeyli adam işləyir və bu, Rusiya üçün adi obyekt deyil, böyük əhəmiyyəti var. Eyni zamanda, neçə illərdir ki, Rusiya ilə yaxşı dostluq, qonşuluq, əməkdaşlıq əlaqələrini nəzərə alaraq, simvolik bir qiymətə icarəyə verirdik. İndiki şərtlərimiz yeni tələblər çərçivəsində idi və bu tələblər çərçivəsində danışıqları apardıq. Buna cavab olaraq Rusiya tərəfinin son verdiyi qərardan başa düşdük ki, Rusiya bu şərtlərlə stansiyanın fəaliyyətini davam etdirmək istəmir, əvvəlki formada saxlamaq istəyir, bunu da biz qəbul edə bilmirik».
Qəbələ RLS-in gələcək aqibəti ilə bağlı sualı cavablandıran Məmmədov bildirib ki, Azərbaycan tərəfi bununla bağlı ətraflı götür-qoy edib, araşdırıb, təhlil edib lazımi formada qərar qəbul edəcək. Deyir:
«Bununla bağlı elə də böyük problem görmürük. Biz artıq demişdik — o zona əslində çox böyük bir turizm zonasıdır. Orada çox böyük ərazi var və o ərazi kənd təsərrüfatı, turizm üçün çox cəlbedici bir yerdir. Bu günün özündə Qəbələ nə qədər insanları cəlb edir, orada böyük beynəlxalq tədbirlər, festivallar keçirilir, diplomatik korpusun əksəriyyəti hər istirahət günündə oraya gedir. Bu istiqamətdə də işlər getdiyi üçün düşünürəm ki, Qəbələ bundan sonra çox gözəl istirahət, turizm və eyni zamanda, cəlbedici yer olacaq. İndi də belədir və orada bunun üçün bütün imkanlar var. Bütün bunlara baxmayaraq, Rusiya ilə münasibətimizdə və danışıqlarımızda əlimizdən gələni etdik ki, bütün bunların hamısı baş tutsun».
Gizli razılaşma?
«ReAL» Hərəkatının sədri İlqar Məmmədov Rusiyanın qərarını pozitiv sayır. Deyir:
«2011-ci ilin mayında biz bəyan etdik ki, Azərbaycan stansiyanın Rusiyaya icarəyə verilməsini dayandırmalıdır. Yaxud bu stansiyanın icarəyə verilməsi əvəzinə Rusiya Ermənistana işğal altında olan Azərbaycan torpaqlarından çıxması üçün təpki göstərməlidir. İndi isə stansiya artıq «bitmiş məsələ» hesab olunmalıdır. Mən bu məsələ üzərində müxtəlif yanaşmaların, eləcə də «Rusiyaya qalib gəldik» kimi fikirlərin ortaya çıxmasının düzgün saymıram».
«Doktrina» ekspertləri ehtimal edirlər ki, Rusiyanin Qəbələ RLS-i tərk etməsinin arxasında Bakı ilə Moskva arasında əldə edilmiş və hələ ki, ictimaiyyətə qapalı saxlanılan razılaşma dayanır və bu razılaşma Rusiya və Azərbaycan arasında bir sıra perspektiv hərbi əməkdaşlıq istiqamətlərini nəzərdə tuta bilər. Məsələn, Azərbaycan MDB Müdafiə Nazirləri Şurası çərçivəsində fəaliyyətini gücləndirə, Azərbaycanın müdafiə sənayesi proqramında Rusiya müəssisələrinin iştirakı artırıla, yaxın 5 il ərzində Rusiyadan dəyəri milyonlarla ölçülən silah və hərbi texnika alına, eləcə də Xəzər dənizində iki ölkə arasında intensiv hərbi əməkdaşlıq prosesi və birgə təlimlər başlaya bilər.
Ekspertlərin gümanına görə, yaxın 5-6 ayda Qəbələ RLS-də çalışan 2-3 minlik hərbi personal və onların ailələrinin çıxarılması, sənədlərin təhvil-təslim prosesi gedəcək, stansiyanın sonradan kiməsə icarəyə verilməsi isə gözlənilmir. Bu obyekt Azərbaycanın milli hərbi maraqları üçün də vacib hesab olunmur.
Müdafiə Nazirliyinin münasibətinə gəldikdə, mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu da jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Qəbələ RLS-lə bağlı Rusiya ilə əməkdaşlığı davam etdirmək niyyətində olub, lakin obyektin icarə haqqı çox az olduğundan məbləği artırmaq şərt olub, Rusiya isə bunu qəbul etməyib və RLS-in istismarını dayandırıb. Onun sözlərinə görə, stansiyanın fəaliyyətini dayandırmasının heç bir siyasi anlamı yoxdur:
«Rusiya ilə müxtəlif istiqamətlərdə əməkdaşlığımız davam etdiriləcək. Müdafiə nazirləri səviyyəsində də əməkdaşlıq mövcuddur və bunun davam etdirilməsi üçün heç bir problem yoxdur. Qəbələ RLS-də inventar Rusiyaya məxsusdur. İnventar aparıldıqdan sonra RLS-lə bağlı təhvil-təslim işlərinə başlanacaq».
Qəbələ RLS-in bundan sonrakı taleyinə gəldikdə, E.Sabiroğlu deyib ki, buna Azərbaycan hökuməti qərar verəcək. O da ərazinin turizm və istirahət məqsədilə istifadə olunacağını istisna etmir.
Moskvanın yanaşması
Rusiya mətbuatına istinadən, Azərbaycan ilk əvvəl illik icarə məbləğinin 7 milyondan 15 milyona qaldırılmasını istəyibsə, sonradan bu məbləği birdən birə 20 dəfə — 300 milyona qədər artırıb. Rusiya Müdafiə Nazirliyi isə bu məbləği qeyri-adekvat hesab edir.
1985-ci ildə istifadəyə verilmiş «Daryal» tipli bu RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyasından biri idi. Stansiya 6000 km radiusda (İran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərqi bütövlükdə, Hind Okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini) ərazini nəzarətdə saxlamaq imkanlarına malik idi. Azərbaycan stansiyanı 2002-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq Rusiya ildə 7 milyon dollar icarə haqqı ödəməklə 2012-ci ilə kimi icarəyə vermişdi.
İndi isə Rusiya hərbi-siyasi dairələri hesab edirlər ki, Qəbələ RLS artıq Rusiya üçün əhəmiyyətini itirib, Qəbələ RLS-dən imtina halında belə, öz təhlükəsizliyini təmin etmək üçün kifayət qədər potensiala malidkir. Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Qeyd edib ki, təhlükəsizliyin təmin edilməsi üçün Rusiyanın lazımi imkanlara malik olması faktı şübhə doğurmur. Mətbuat katibi, Haylingendammda keçirilən görüşdə V.Putinin stansiyadan istifadə ilə bağlı Corc Buşa təklif etdiyini və bu təklifin Kennebankportdakı danışıqlarda daha da inkişaf etdirildiyini xatırladıb.
Peskov deyib ki, Rusiyanın təhlükəsizliyi texnoloji və infrastruktur baxımından tam təmin ediləcək. Xatırladaq ki, sentyabrın 4-də RF Hava-Kosmik müdafiə qoşunlarının komandanı Oleq Ostapenko bildirib ki, 2013-cü ilin birinci rübündə Armavirdə «Voronej» tipli RLS istifadəyə veriləcək və bu Qəbələ RLSin əhatə zonasını götürəcək…
Buranın «yeni sahibi» kim olacaq: Türkiyə? ABŞ?
Bu arada Rusiya mətbuatı yazır ki, Qəbələ RLS-in «itirilməsi» ilə bağlı əsas problem sonrakı icarəçinin kim olması ilə bağlıdır. ABŞ və Türkiyənin adı çəkilir. Amma Türkiyə həmişə bəyan edib ki, Qəbələ RLS-nin istifadəsi onların planında yoxdur. ABŞ səfirliyi isə hələlik məsələyə münasibət bildirimir. Belə görünür ki, bu stansiya onlar üçün də elə bir ciddi önəm kəsb etmir. Elmar Məmmədyarov da Qəbələ RLS-in üçüncü bir ölkəyə icarə verilməsini mümkünsüz sayıb. Onun sözlərinə görə, Qəbələ RLS-nin istismarı ilə bağlı təklif alınmayıb: «İnanmıram ki, üçüncü ölkə onun istismarını davam etdirmək istəsin. Azərbaycan tərəfindən isə hansı ölkəyə icarəyə veriləcəyi ilə bağlı təşəbbüs yoxdur».
Redaksiyadan: Beləliklə, Qəbələ RLS-in kitabı bağlandı. Həm Bakı, həm də Moskva üçün bu stansiyanın mövcudluğunun maliyyə tərəfi öz sözünü dedi. Moskva mənasız işə pul xərcləmək istəmir. Bakı isə sanballı gəlir yerindən niyə pul götürməsin ki? Deyəsən, hər iki tərəf faydasını-ziyanını yaxşıca hesablayıb. Rusiya arxayın ola bilər: gələcəkdə buradan ona heç bir təhdid olmaz. Bakı üçünsə: biznes maraqları, turizm planları, əlbəttə, daha önəmlidir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 638