Muəllif:

Paytaxtı dəyişmək fikrinə düşüblər

İranda paytaxtın dəyişdirilməsi barədə niyyətlər var. Xəbərlərə görə, Paytaxtın dəyişdirilməsi üçün yaradılmış tədqiqat institutu yeni paytaxtla bağlı qərarı iki il ərzində verməlidir. Bir sıra şəhərlər bu məqsədə münasib görülür və bu namizəd şəhərlər sırasında Azərbaycanın inzibati və mədəniyyət mərkəzi Təbriz də yer alır.
«Təbriz İrana paytaxt ola biləcək şəhərlər sırasında birincidir». «Fars» xəbər agentliyinə istinadən yayılan xəbərlərə görə, bu barədə Təbrizdən İran parlamentinə deputat seçilmiş Mirhadı Qaraseyid açıqlama verib.
Qaraseyid bildirib ki, İran parlamenti paxtaxtın dəyişdirilməsi ilə bağlı xüsusi tədqiqat institutunun yaradılması üçün qanun qəbul edib:
«Bu müəssisədə 3 şöbə olacaq: ali şura, sədr və şura heyəti. Şura üzvləri arasında İranın daxili işlər naziri, ali dini liderinin 2 təmsilçisi, 2 deputat, yol və şəhərsalma naziri, baş prokurur, Milli Təhlükəsizlik Şurasının nümayəndəsi də olacaq. Bu qurum 2 il ərzində tədqiqatı yekunlaşdırıb, yeni paytaxtın hansı şəhər olacağını müəyyən edəcək».
M.Qaraseyid əlavə edib ki, tarixi, mədəniyyəti, iqtisadiyyatı baxımından paytaxt ola biləcək birinci şəhər Təbrizdir:
«Paytaxtın dəyişdirilməsi ilə bağlı əvvəllər də söhbətlər olub. Lakin bu dəfə yeni təsis ediləcək müəssisə bu addımı həyata keçirməyə çalışacaq».
İran rəhbərliyini anlamaq olar. Bu gün Tehran əhalinin sayına görə dünyanın ən qələbəlik şəhərlərindən biridir. Dünya praktikasına görə, paytaxt ölkənin coğrafi mərkəzinə yaxın yerləşməli və əhalisi mümkün qədər çox olmamalıdır. Misal olaraq, Ankara və Astana göstərilə bilər. Digər tərəfədən, Tehran seysmik baxımdan aktiv ərazidə yerləşir. Bölgədə vaxtaşırı olaraq yeraltı təkanlar baş verir. Təbriz də seysmik baxımdan aktiv məkanda qərar tutub və tarixən bu şəhərdə dəfələrlə dağıdıcı zəlzələlər baş vermişdir. Ağqoyunlular və Səfəvilər dönəmində Təbriz paytax olmuşdu. Lakin o çağlarda Təbriz onların qurduğu böyük imperiyanın coğrafi ərazisinə düşürdü. Bu gün isə İran torpaqlarının bir küncünə düşüb və ucqar bir əyalət mərkəzidir. Onun paytaxt olaraq seçiləcəyi bu məqsəd üçün tələb olunan bir sıra parametrlər baxımından inandırıcı görünmür.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 227