Muəllif:

Parlament 2012-ci ilə təbriklə yekun vurdu

Milli Məclis dünən ilin son iclasına toplaşaraq payız sessiyasına yekun vurdu. Bəlli oldu ki, Milli Məclisin payız sessiyasında 24 plenar iclası keçirilib. Bu dövr ərzində Milli Məclisin nümayəndə heyəti 44 ölkəyə 297 səfər edib. Bununla yanaşı, deputatlar iki ölkədə prezident seçkilərini, 7 ölkədə parlament seçkilərini müşahidə ediblər. Bu il 48 xarici ölkədən Azərbaycana 15 beynəlxalq təşkilatın 156 heyətinin səfəri olub. Onların tərkibində ümumilikdə 1091 nəfər xarici nümayəndə olub. Milli Məclis beş iri beynəlxalq tədbirə — AVRONEST, QDİƏT, GÜAM-ın tədbirlərinə ev sahibliyi edib.
Milli Məclisin iclasında söz alan deputat Fazil Mustafa 10 millət vəkilinin Quzey Kipr Türk Cümhuriyyəti və Azərbaycan parlamentlərinin dostluq qrupu yaradılması barədə təklif hazırladıqlarını və bununla bağlı məsləhətləşmək istədiklərini bildirdi.
Parlament sədri Oqtay Əsədov deputata cavabında dedi ki, təklif hələ məsləhətləşmək demək deyil. «Quzey Kipr Türk Cümhuriyyətinin Azərbaycanda nümayəndəliyi var, çarter reysləri də olur, millət vəkilləri də səfərlər edirlər. Ancaq siz Azərbaycanın problemlərini də bilirsiniz. Təklifi burada dilə gətirmək artıq məsləhətləşmək demək deyil. Əvvəlcə məsləhətləşib sonra belə məsələləri Milli Məclisdə söyləmək lazımdır».
Daha sonra gündəliyi müzakirə edən deputatlar Azərbaycanda aliment ödəməyənlərlə bağlı sanksiyaların sərtləşdirilməsinin lehinə səs verdilər. Bununla əlaqədar parlament Cinayət Məcəlləsində dəyişiklik etdi. Dəyişikliyə əsasən, alimentlərlə bağlı məhkəmə qərarlarının icrasını təmin etmək üçün 176-cı maddə Cinayət Məcəlləsindən çıxarılır. Məcəllənin bu maddəsi məqsədli şəkildə alimenti ödəməkdən boyun qaçıran şəxslərə görə məsuliyyəti — 6 ayadək həbsi nəzərdə tuturdu. Milli Məclis hesab edib ki, bu, azdır.
Dəyişikliyə əsasən, bundan sonra belə məsələlərə Cinayət Məcəlləsinin 306-cı maddəsi tətbiq ediləcək və alimentlərlə bağlı məhkəmə qərarının icrasından boyun qaçıran şəxslər 3 ilədək azadlıqdan məhrum ediləcək. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, hazırda Azərbaycanda 140 min məhkəmə qərarı icraya verilib. Bunlarınsa təxminən üçdə biri uşaq hüquqlarının qorunması ilə bağlıdır, konkret olaraq alimentlərin tutulması ilə bağlıdır. Əli Hüseynli dedi ki, adətən bu qərarlar icra olunmur.
«Alimentlə bağlı məhkəmə qərarı icra olunmayanda, Cinayət Məcəlləsinin 176-cı maddəsinə görə məsuliyyət nəzərdə tutulur. Burada da cəza — alimenti ödəməkdən boyun qaçırmağa görə 6 ay azadlıqdan məhrumetmə ola bilər. Amma təklif edirik ki, bu maddəni Məcəllədən çıxaraq. Belə etsək, onda alimentin ödənilməməsi ilə bağlı məhkəmə qərarını icra etməyənlərə qarşı CM-nin 306-cı maddəsi tətbiq ediləcək. Bu maddəyə görə, sanksiya kifayət qədər ciddi — 3 ilədək azadlıqdan məhrumetmə cəzasıdır».
Komitə sədrinin sözlərinə görə, bu dəyişiklik alimentlərlə bağlı məhkəmə qərarlarının icrasının artmasına öz töhfəsini verəcək.
Deputatlar daha sonra əhalinin bank və kredit təşkilatlarındakı əmanətlərinin gəlir vergisindən azad edilməsinə qərar verdi. Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsini təqdim edərkən bildirdi ki, əhalinin banklardakı əmanətlərinin həcmi 4 milyard manatı keçir: «Hesablamalara görə, 2012-ci ildə bu əmanətlərin sahibləri 500 milyon manata yaxın gəlir əldə edəcək. Bu məbləğdən tutulası gəlir vergisinin həcmi isə 60-70 milyon manatdır. Qanun əmanətçilər üçün yeni il hədiyyəsidir».
Payız sessiyasının son iclasını keçirən Milli Məclis yekunda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə müraciət qəbul edib. Millət vəkillərinin dünya azərbaycanlılarını Həmrəylik günü münasibətilə təbrikini millət vəkili Azay Quliyev səsləndirdi. Təbrikdə deyilirdi:
«Dünyanın dörd bir yanına səpələnmiş on milyonlarca azərbaycanlı gücün birlikdə olması həqiqətini getdikcə daha aydın dərk edir. Azərbaycan diasporları və icmaları arasında bağlar möhkəmlənir, soydaşlarımız milli hüquqların müdafiəsi işində bir-birinə dayaq durur, tarixi Vətənlə əlaqələrini gücləndirirlər. Onlar yaxşı başa düşürlər ki, milli-mənəvi bütövlüyün möhkəm təməli üzərində qurulacaq Azərbaycan bütün soydaşlarımızın və həmvətənlərimizin güvənc yeri olan qüdrətli bir dövlətə çevriləcəkdir», — deyə müraciətdə bildirilib.
Müraciətdə qeyd olunub ki, Azərbaycan Respublikası tarix baxımından çox qısa bir dövr ərzində qərinələrə bərabər inkişaf yolu keçib. Bu gün Azərbaycanımız dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasındadır. Hüquqi, demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədi ilə genişmiqyaslı islahatlar davam etdirilir. İnsan hüquqları və azadlıqları etibarlı surətdə təmin edilir, Azərbaycanın Avropa xalqları ailəsində nüfuzu artır.
Millət vəkilləri xalqı ümummilli məqsədlərin gerçəkləşməsi, xalqın mənafelərinin qorunması naminə birliyə çağırıb. Bununla da parlament 2012-ci il üçün işini yekunlaşdırdı.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 128