Muəllif:

Milli Məclis «qiyamət günü» toplandı

Milli Məclisin dünənki iclası mayyalıların dünyaya vəd etdiyi «qiyamət» gününə təsadüf etsə də, deputatların əhvalında hər hansı bir nigaranlıq nəzərə çarpmırdı. İclasa tələsən deputatlar foyedə bir-biriləri ilə görüşür və məmnuniyyətlə jurnalistlərin suallarını cavablandırırdılar. İclas başlandıqda MM sədri Oqtay Əsədov cari məsələlərlə bağlı çıxış üçün kimin israrlı olacağı ilə maraqlandı. Zaldan bir-iki deputat əlini qaldırdı. Spiker onlara söz verən kimi tabloda 10-dan çox deputatın adı peyda oldu. Spiker «iki nəfər əl qaldırdı, 10 nəfər yazıldı» deyə narazılıq etsə də, deputatlar cari məsələlər üçün çıxışlara başladılar.
İlk çıxış edən deputat Qüdrət Həsənquliyev ilk əvvəl «qiyamət günü»ndən sağ çıxdıqları üçün bütün deputatları təbrik etdi (!?). Həsənquliyev doğrudanmı ciddi təşviş içindəymiş, nəsə ciddi bir hadisə gözləyirmiş, anlaşılmadı. Bu «sağçıxma» təbrikindən sonra millət vəkili təkliflə çıxış edərək bildirdi ki, parlament Əfv Komissiyasının iclası başladığına görə prezidentdən müsavatçı gənc Nigar Yaqublu da daxil olmaqla, adları siyasi məhbus kimi keçən şəxslərin əfv olunması üçün müraciət etsin.
«Onlarla bağlı beynəlxalq təşkilatların əlinə fürsət verməməliyik. Onların buraxılması bu təşkilatların əlindəki fürsəti almaqdır. Ona görə parlament bu məsələyə diqqətini yönəltsə, daha yaxşı olar».
Daha sonra Q.Həsənquliyev qeyd etdi ki, Avropa Parlamentində Dağlıq Qarabağ məsələsinin gündəliyə çıxarılmasını bütövlükdə parlamentin xarici siyasətdə oynadığı rolun nümunəsi saymaq olar. Deputat bu məsələdə millət vəkili Elxan Süleymanovun mühüm rolunun olduğunu vurğuladı. Lakin spiker Oqtay Əsədov dedi ki, bu, Elxan Süleymanovun şəxsi təşəbbüsü ilə həll olunmayıb, Azərbaycan parlamentinin gördüyü işlərin nəticəsidir.
Spiker Oqtay Əsədov Avropa Şurası ilə Azərbaycan arasındakı münasibətlər barədə danışarkən bildirdi ki, Avropa Şurası ölkəmizə qarşı ikili standartlarla yanaşır. Onun sözlərinə görə, Azərbaycan tərəfi Avropa Şurasına daxil olduqdan sonra üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. «Biz bütün öhdəlikləri yerinə yetirmişik. Yalnız bir öhdəlik qalıb ki, onun da yerinə yetirilməsi uğrunda iş gedir». O. Əsədovun sözlərinə görə, əsas diqqət Azərbaycanın AŞPA-nın monitorinqindən çıxarılmasına yönəlməlidir.
Deputat Fazil Mustafa da çıxışı zamanı siyasi məhbuslar məsələsinə toxundu və bildirdi ki, onların azad olunması ilə bağlı məsələ qaldırılmalıdır. Bundan sonra deputat Gürcüstanda yaşayan azərbaycanlıların sərhədi keçməsi məsələsinə münasibətini açıqladı.
«Burada keçən insanlara müəyyən vaxt qoyulur, qeyd olunan vaxtdan artıq qaldıqda 400 manat cərimə olunur. Bu, imkansız insanlar üçün çox çətin məsələdir».
F.Mustafa İran-Azərbaycan arasında viza rejiminin bərpası məsələsinə münasibət bildirərək qeyd etdi ki, bundan daha çox sərhədyanı bölgədə yaşayanlar əziyyət çəkir. «Azərbaycanda səhiyyənin bərbad olduğu bir zamanda kasıb insanlar heç olmazsa imkanlaşdırıb öz sağlamlıqlarını qorumaq və bərpa etmək üçün İrana gedirdilər, indi bunun da qarşısı alınır. Amma varlı insanlar dünyanın hər yerinə gedə bilirlər. Hesab edirəm ki, bu, doğru yanaşma deyil. Bununla bağlı siyasi qərar verilməlidir».
Azərbaycan səhiyyəsi haqqında bu dedikləri, yəni bostana daş atmaq spikerin xoşuna gəlmədi. Oqtay Əsədov F. Mustafaya etiraz edərək bildirdi ki, Azərbaycanda səhiyyənin bərbad olması haqqında deyilən fikirlər doğru deyil. «Belə fikirlər səsləndirməklə səhiyyə ilə bağlı doğru olmayan rəy formalaşdırılır. Bu, düzgün deyil, belə fikirlər səsləndirmək olmaz».
Maraqlıdır, bəs onda görəsən, bizim vətəndaşlar müalicə üçün niyə öz klinikalarımıza, diaqnostika mərkəzlərimizə deyil, sərhədi keçib İran klinikalarına üz tuturlar? Bu sualın cavabı isə açıq qaldı.
Öz növbəsində deputat Siyavuş Novruzov həmkarı Fazil Mustafanın səhiyyə barədə söylədiklərinə deyil, «siyasi məhbus» fikrinə etiraz etdi: «Fazil Mustafa deyir ki, Azərbaycanda siyasi məhbus məsələsi var. Bu, doğru yanaşma deyil. Hər hansı qəzetdə çalışmaq, hər hansı siyasi partiyanın üzvü olub, sonra cinayətə cəlb olunmaq siyasi məhbus anlamını vermir. Hər kəs törətdiyi cinayətin cəzasını çəkməlidir».
Daha sonra o, Nigar Yaqublu məsələsi barədə danışdı. O qeyd etdi ki, bununla bağlı müəyyən fikirlər söyləyirlər. «Belə cinayət törədənlər 7 il, bəzən 9 il həbs olunurlar. Birincisi, məsələ tam yekunlaşmayıb, ikincisi, bununla bağlı həbs müzakirə olunur. Bunu şouya çevirmək düzgün deyil. Bununla bağlı Milli Məclisin deputatları da qol çəkib bir namə də göndərmişdilər».
S. Novruzov onu da qeyd edib ki, Konstitusiyaya əsasən, prezident seçkiləri gələn il oktyabrın 3-cü həftəsinə düşür. «Bu vaxta eyni zamanda Qurban bayramı düşür. Bəzi siyasətçilər bunu hakimiyyətin seçki gününü dəyişmək addımı kimi qiymətləndirirlər. Heç olmazsa bayram günlərində düşünsünlər, bu qədər qarayaxma olmaz, hər kəs qanuna tabe olmalıdır».
Bununla da cari məsələlərə ayrılan vaxt bitdi. Deputatlar gündəliyin müzakirəsinə keçdilər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 171