Muəllif:

İlk Avropa Oyunları Bakıda!

Dünyanın idman paytaxtına çevrilən Bakıda daha bir mötəbər yarış təşkil olunacaq. 2015-ci ildə paytaxtımızda I Avropa Oyunları keçiriləcək. Bununla bağlı qərar İtaliyanın paytaxtı Romada keçirilən Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul olunub.
Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi uğrunda yarışmada Bakı böyük üstünlüklə qalib gəlib. Şəhərimiz səsvermədə 48 səsdən 38-ni toplayıb. Baş Assambleyanın ikinci günü Bakı şəhəri və onun idman qurğularının təqdimatı ilə başlayıb. Daha sonra çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkey bu yarışın keçirilmə ideyasının tarixi barədə danışıb və Bakıda Avropa Oyunlarının təşkilinə dəstək verib. Hikker şəhərin nailiyyətləri, Bakıya səfər edənlərin müşahidə etdiyi inkişafdan bəhs edib. Təqdimatın yekununda Azərbaycan hökuməti adından gənclər və idman naziri Azad Rəhimov çıxış edib. O, Azərbaycan hökumətinin siyasi və maliyyə təminatı, həmçinin iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, bu oyunları qəbul etmək üçün bütün idman infrastrukturunun tam hazırlığına təminat verib. Nazirin çıxışından sonra Bakının tarixi, idman və mədəniyyət infrastrukturuna həsr edilmiş film nümayiş olunub.
Bu böyük nailiyyəti prezident İlham Əliyev də yüksək qiymətləndirib. Dövlət başçısı I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar münasibətilə Azərbaycan xalqını təbrik edib:
«Bu, doğrudan da, tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Olimpiya Oyunları keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisə və ölkəmizin böyük uğurudur. Şəhərimizdə müasir infrastruktur, xidmət obyektləri tikilir. Yəni Avropa Olimpiya Oyunlarını keçirmək üçün hər imkanımız var. Eyni zamanda, iqtisadi, yəni maliyyə resurslarımız da bizə imkan verir ki, Olimpiadanı yüksək səviyyədə keçirək. Bizim uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla, eyni zamanda, Azərbaycanda, Bakıda yaradılmış müasir idman infrastrukturu ilə ölçülür. Buna Azərbaycanda və Bakıda keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da, Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir. I Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar bizə göstərilən böyük inamdır, böyük etimaddır, eyni zamanda, üzərimizə düşən böyük məsuliyyətdir. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu oyunları yüksək səviyyədə keçirəcəyik».
Adından da göründüyü kimi, Avropa Oyunları Yay Olimpiya Oyunlarının kiçik modelidir. 2015-ci il yarışlarının möhtəşəm keçəcəyini bəri başdan söyləmək mümkündür. Sözügedən mötəbər turnirdə 19 idman növü üzrə yarışlar nəzərdə tutulub. Gənclər və idman naziri Azad Rəhimovun bildirdiyinə görə, artıq həndbol, voleybol, reqbi, boks, cüdo, taekvondo, triatlon, atçılıq, badminton, kamandan oxatma, qılıncoynatma, kanoe və stolüstü tennis üzrə yarışların olacağı dəqiqləşib. Bundan başqa, proqrama 2 qeyri-olimpiya növünün — şahmat və karatenin salınması mümkündür. Milyonların sevimlisi futbolu isə futzal əvəzləyə bilər. I Avropa Oyunlarına ümumilikdə 4000-4200 idmançının qatılacağı gözlənilir. Hesablamalara görə, yarışın Bakıda keçirilməsi ölkəmizə 100 milyon avrodan çox qazanc gətirəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 319