Muəllif:

«Hərbçilər və media arasında açıq və davamlı kommunikasiya olmalıdır»

Bu gün təhlükəsizlik və müdafiə sektorunda baş verən proseslərin cəmiyyətə çatdırılmasında medianın rolu əvəzsizdir. Media həyata keçirilən islahatlarda vətəndaş iştirakının təmin edilməsində ən vacib alətlərdən hesab olunur. Amma medianın özünün bir sıra problemləri də var ki, onların həllində addımlar atılması vacibdir. «Ordunun Aynası»nın bu dəfəki müsahibi Amerikadan Azərbaycana gəlmiş media təlimatçısı Riçard Riskidir (Richard Riski). O, Peninsula Kollecində (Vaşinqton ştatı) media üzrə müəllimdir. Azərbaycanı tərk etməzdən öncə onlunla söhbət edib bir sıra məsələlərə münasibətini bilmək istədik.
— Cənab Riski, Azərbaycana gəlişinizdə məqsəd nəydi? Siz burada bir aydan artıq müddətə qaldınız…
— Mən Fulbrayt proqramı çərçivəsində Azərbaycana dəvət olundum və burada Gürcüstanın İctimai Əlaqələr İnstitunun (GİPA) nəzdindəki Jurnalistika və Media Menecmenti üzrə Qafqaz Məktəbinin magistr tələbələrinə mass-kommunikasiya və akademik yazı yazma üzrə dərs keçdim. Buradakı günlərimi fantastik və inanılmaz hesab edirəm. Mən Azərbaycanda 6-7 həftə qaldım və burdakı fəaliyyətimin öz təcrübəmdə çox səmərəli olacağını düşünürəm.
— Azərbaycanda olduğunuz müddətdə medianı vərəqləmək imkanınız yəqin ki oldu. Siz medianın durumunu necə qiymətləndirirsiniz? Media vacib məsələri necə işıqlandırır? Ümumilikdə Azərbaycanda media, sərbəst fikir və internet azadlığı barədə təəssüratlarınız?
— Öncə qeyd edim ki, Azərbaycanda olduğum müddətdə müxtəlif media nəşrləri ilə tanış oldum. Mən hesab edirəm ki, Azərbaycan mediası inkişaf mühitində işləyir. Amma bir sıra problemlər sezilir. Mən müqayisə olaraq ABŞ mətbuatını götürə bilərəm. Amerikada medianın istənilən məsələyə çıxışı var. İnternetin bu və digər məsələlərə çıxışı çox sərbəstidr. Şadam ki, ölkənizdə bu sayda qəzetlər fəaliyyət göstərir. Amma istərdim ki, ölkənizdəki medianın hökumət məsələlərinə, görüşlərinə çıxışı daha çox olsun. Media qanunverici, icraedici və məhkəmə hakimiyyətinin necə işlədiyini yaxından görməlidir. Bu, Azərbaycan mediası üçün çox faydalı olardı.
Azərbaycanda olduğum günlərdə tələbələrimlə müxtəlif küçə sorğuları keçirdik və eyni zamanda, müxalifətin keçirdiyi iki etiraz aksiyasını müşahidə etdik. Hər iki aksiya kifayət qədər maraq doğururdu və eyni zamanda, onları anlamaq mənim üçün çətin idi. Çünki, hesab edirəm ki, əgər insanlar öz fikirlərini sərbəst ifadə etmək istəyirlərsə, onlara imkan tanınmalıdır. İnsan sərbəst olmaq və öz baxışlarını açıq şəkildə ortaya qoymaq imkanına malik olmalıdır. Hökumət onların bu hüquqularını müdafiə etməlidir.
Etiraz aksiyalarında baş verənləri anlamaq mənim üçün ona görə çətin idi ki, ölkəmdə gördüyüm etiraz aksiyaları həmişə dinc şəkildə olub, insanlar əllərində şüarlar tutaraq yürüş edir və etirazlarını dinc şəkildə bildirirlər. Mən bunları burada çox da görmədim. Gördüm ki, kimsə fərqli fikir söyləyirsə, hökumətin fikri ilə razı deyilsə, onlar fiziki şəkildə kənarlaşdırılır, onlara danışmağa, özlərini ifadə etməyə imkan vermirlər.
Amma mən hesab edirəm ki, bu, inkişaf edən bir prosesdir. Ümid edirəm ki, bu istiqamətdə daha çox inkişaf olacaq. İnsanların bir-biri ilə sərbəst şəkildə danışmaları, mübahisə etmələri, debata girmələri və bir-birlərinə dözmələri çox yaxşı şeylərdir və ümid edirəm ki, bunlar Azərbaycanda da baş verəcək.
İnternetlə bağlı onu deyərəm ki, buradakı fəaliyyətim dövründə müəyyən problemlərim oldu və daha çox wi-fi-dən istifadə edirdim, doğrudur, bəlkə də yaxşı idi, lakin sənədlərin, fotoların göndərilməsində problemlər olurdu. Fikrimcə, sürət o qədər də yaxşı deyildi.
— Sualım sosial şəbəkələr və onların demokratikləşmədə rolu barədədir. Bəllidir ki, «Ərəb baharı» adlanan prosesdə sosial şəbəkələrin rolu böyük oldu. Necə düşünürsünüz, Azərbaycanda da sosial şəbəkələr demokratikləşmə yönündə önəmli rola sahib olacaqlarmı?
— Bəli, hesab edirəm ki, belə olacaq.
— Hər hansı gözləntiləriniz varmı?
— Sosial media insanlar üçün müəyyən davranışları təmin edir. Sosial mediada iştirak 3 səviyyədə özünü göstərir: birincisi, insanlar müxtəlif sosial şəbəkələrdən, misal üçün, Facebook, Youtube və Twitter-dən məlumatların bölüşdürülməsi üçün istifadə edirlər. İkincisi, sosial şəbəkələr müxtəlif layihələr — kitab, film və s. yaradılması üzrə insanların əməkdaşlıq qurma yeridir.
Sosial mediada iştirakın üçüncü səviyyəsi isə birgə aksiya — fəaliyyətdir. Bu fəaliyyət demokratikləşmə prosesinə dəstək ola bilər, yaxud da müxtəlif problemlərdən, misal üçün xəstəliklərdən, daşqınlardan, zəlzələdən və s. əziyyət çəkən insanlara yardım göstərmək məqsədi güdə bilər. Biz bununla bağlı GİPA dərslərində müzakirələr apardıq və əsas hədəfimiz insanların sosial mediadan ünsiyyətləri və birgə fəaliyyətləri və hökumətlə əlaqələr üçün necə istifadə etmələrinə yönəlmişdi.
Ümumiyyətlə, əvvəlki müşahidələrimə görə bir çox insanlar sosial şəbəkələrdən təhsilləri üçün istifadə edir, amma bir çoxları əyləncə üçün ona üz tutur. Əyləncə yaxşıdır, sözsüz ki, biz hamımız əyləncəyə ehtiyac duyuruq. Lakin bu, bəzən insanı real problemlərdən, kiməsə dəstək vermə kimi məsələlərindən uzaqlaşdırır.
Azərbaycanda apardığım müşahidənin nəticələrinə görə burada sosial mediadan daha çox əyləncə məqsədilə istifadə edirlər. Düzdür, müxalifətin etiraz aksiyalarına insanların dəvət edilməsində sosial şəbəkələrdən istifadə barədə məlumatlar eşitdim, amma bunun nə dərəcədə ciddi olduğu, insanlar arasında əsas təmas vasitəsi hesab edilib-edilmədiyi barədə çox da məlumatlı deyiləm.
Məncə etiraz aksiyalarına insanların gəlməsi, bir-birləri ilə ünsiyyət qurmaları çox maraqlı idi. Ümumilikdə insanların bu aksiyadan kənarlaşdırılmasına qədər hər şey yaxşı idi.
Düşünürəm ki, sosial medianın rolu bu gün olduqca vacibdir. İnsan bu media növündən lazımınca yararlanmağa çalışmalıdır.
— Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Bu səbəbdən media üçün bir çox məsələlər, özəlliklə də hərbi məsələləri işıqlandırmaq bir qədər çətindır. Amerikada bu sahə necə tənzimlənir? Sizdə jurnalist hərbi məsələləri hansı həddə qədər işıqlandıra bilər?
— Jurnalist hökumətin və korporasiyaların nəzarətçisi (watchdog — keşikçi-köpək) rolunda olmalıdır. Eyni zamanda, onlar milli təhlükəsizlik maraqları ilə əlaqədar balans məsələsinə mütləq riayət etməlidirlər. Milli təhlükəsizlik maraqları kiməsə ziyan vurmamaq, təhlükə yaratmamaq, zədələməmək siyasətinə əsaslanır. Mətbuat heç zaman deməməlidir ki, misal üçün qoşunlar harayasa müdaxilə etməyə çalışır. Bu, heç zaman olmur. Çünki, bu silahlı qüvvələrlə bağlı milli təhlükəsizlik maraqlarına ziyandır. Bununla bağlı ABŞ Ali Məhkəməsinin qərarı var ki, jurnalistlər heç zaman onu pozmurlar.
ABŞ-da jurnalistlər Peşəkar Jurnalistlər Cəmiyyətinin (Society of Professional Journalists) etik kodeksinə əməl edirlər. Bu kodeks nəyi nəzərdə tutur? Birincisi, həqiqəti axtar və onu məlumat olaraq yay, ikincisi, müstəqil olaraq fəaliyyət göstər, üçüncüsü, ziyan vermə, dördüncüsü, hesabatlı ol. ABŞ jurnalistikasında bu qaydalar əsas hesab olunur və hər bir media orqanı bu etik kodeksə əməl etməyə çalışır. Bu barədə mən həmçinin Bakıdakı tələbələrimə də danışdım. Mən bu kodeksə çox inanıram və hesab edirəm ki, onlara əməl edən jurnalist əsl jurnalistdir.
Hərbi sahədə jurnalistikanın fəaliyyətinə gəldikdə, burada bir qədər özünəməxsusluq var. Vyetnam müharibəsi illərində jurnalistlər hərbçilər kimi müxtəlif sahələrə gedir və hadisələri işıqlandırır, həqiqətləri üzə çıxarmağa çalışırdı. Beləliklə, jurnalist getdikcə hərbçilərin «tərəfdaşı»na çevrilirdi. Bu tərəfdaşlıq daha çox duyğu, hiss, düşüncə tərəfdaşlığı idi. Jurnalist hərbçilərin müdafiəsi altında idi, lakin onlar silah götürə, döyüşə bilməzdilər. Düzdür, əgər onlar təhlükəyə düşürdülərsə, özlərini müdafiə edə bilirdilər.
Əslində jurnalistlərin hərbi məsələlərdə rolu ilə bağlı məsələ dünyanın hər bir yerində mübahisə doğuran məsələdir. Amma əgər biz həqiqəti axtarırıqsa, yanlış qərar qəbul etməməliyik. Bir məsələ aydındır ki, jurnalist döyüş səhnəsində baş verənləri ictimaiyyətə çatdırmalıdır, çünki, insanların, xalqın imkanı yoxdur ki, baş verənləri özləri görə bilsin. Bütün bu kimi məsələləri görəndə anlayıram ki, balansı saxlamaq çox çətin məsələdir, amma həqiqəti çatdırmaq ən ümdə məsələ olmalıdır.
Hesab edirəm ki, hərbçilər və media arasında açıq və davamlı kommunikasiya olmalıdır. Hərbçilərin və mətbuatın məqsəd və hədəfləri müəyyən olunmalıdır. O da nəzərə alınmalıdır ki, ictimaiyyət nə baş verdiyini mətbuat — 4-cü hakimiyyət vasitəsilə öyrənmək istəyir. İnsanlar bilmək istəyir ki, onlar nəyə görə müharibəyə cəlb olunublar. Bütün bu məsələlər medianın rolunun nə dərəcədə vacib bir şey olduğunu ortaya qoyur.
— Son illərdə Birləşmiş Ştatlar mediasının Azərbaycana marağı artıb. Müxtəlif sahələrdə baş verənlər, özəlliklə də korrupsiya ilə bağlı faktlar, demokratiya problemləri Amerika mətbuatında əks olunur. Nəyə görə ABŞ mediası bizə diqqətini bu qədər artırıb?
— Fikrimcə, «Ərəb baharı» prosesi bağlı cərəyan edən hadisələr bütün regionun diqqət mərkəzinə gəlmişdir. Neft, enerji maraqlarının artması, qlobal böhran, iqlim dəyişikliyi kimi ciddi problemlərin ortaya çıxması Birləşmiş Ştatların yürütdüyü dövlət siyasətində nəzərə alınan məsələlərdir. Mən Azərbaycan, Gürcüstan, SSRİ üzrə ekspert deyiləm. Amma mən bilirəm ki, burada baş verənlərin Yaxın Şərqdə — Misirdə, Suriyada baş verənlərlə ciddi bağlılığı var.
— Necə düşünürsünüz? ABŞ üçün birinci nədir: demokratiya, yoxsa neft?
— Çox gözəl sualdır. Əlbəttə, demokratiya. Heç kim Amerikada demokratiyasız 50 ştatı bir yerdə saxlaya bilməz. Bu mümkünsüzdür. Məncə, hər hansı dövlət üçün birinci demokratiya, onun ardınca isə milli təhlükəsizlik gəlir. Çünki, insanlar ərzağa, suya, sığınacağa ehtiyac duyduqları kimi sərbəst toplaşmağa, azad ifadəyə, azad mətbuata ehtiyac duyurlar. İnsanlar digərlərinin fərdi azadlığı və təhlükəsizliyi ilə balansda fərdi azadlıq və təhlükəsizliyə ehtiyac duyurlar.
— Sonuncu sual: Bilirsiniz ki, gələn il Azərbaycanda prezident seçkiləridir. Necə düşünürsünüz, qarşıdakı ildə ABŞ və dünya mediası Azərbaycana diqqətini artıracaq, yoxsa yox?
— Hesab edirəm ki, bu region daxilində Azərbaycana diqqət artacaq. Ümid edirəm ki, bu prosesdə medianın diqqəti tamamilə ədalətli və balanslı olacaq. Söz yox ki, hamı səhv edə bilər, hökumətlər də, media da. Amma əsas odur ki, cari məsələlər barədə danışarkən, onları işıqlandırarkən media öz məsuliyyətini bilsin.
Son olaraq onu deməliyəm ki, regionda demokratikləşmənin gedəcəyinə inamım böyükdür. Bu proses bütün regiona yalnız müsbət dəyişikliklər gətirər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 141