Muəllif:

Əli Abbasov: «Ölkəmizdə cinslər arasında bərabərlik yoxdur»

Parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli mətbuata açıqlamasında deyib ki, ölkədə boşananların faizi 5%-dən 10%-ə kimi artıb. Son 7 ildə artım tendensiyası qalır və boşanmaların 90%-i mülkiyyət iddiaları ilə müşayiət olunur: «Bunun nəticəsində də qadınlar əziyyət çəkirlər. Bu məsələlərin həlli üçün hüquqi baza üzərində düşünülməlidir».
Məişət zorakılığı mövzusu çox aktuallaşıb. Müvafiq qanun problemlərin qarşısını almağa yardım etmir. Bununla bağlı suallarımızı MEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Müasir fəlsəfə problemləri şöbəsinin müdiri Əli Abbasov cavablandırdı.
Məişət zorakılığına məruz qalan qadınların sayı artır. «Məişət zorakılığı haqqında» qanun qəbul edilib, amma qanunun işləməsində problem var…
— İstənilən qanunun həyata keçirilmsi üçün mexanizm olmalıdır. Təəssüf ki, bütün qanunların icrasında bu mərhələdə problemlər müşahidə edilir. Qanunlar yazılır, qəbul edilir. Amma onun həyata keçirilməyində çətinliklər mövcuddur. Kişi və qadınlar arasında bərabərlik yoxdur. Kişinin sözü keçməyəndə zorakılığa əl atılır. Keçmişdən bəri buna təbii hal kimi baxılır. Şəhərlərdə son illərdə vəziyyət xeyli dəyişilib.
Hüquq-mühafizə orqanları çalışır ki, məişət zorakılığı üzə çıxmasın. Polis ailə münaqişələrinə qarışmamağa üstünlük verir. Bunu da onunla əsaslandırırlar ki, daha ağır cinayət işləri var, onlarla məşğul olmaq daha vacibdir. Mən isə fərqli mövqedəyəm. Fikrimcə, bu, cinayətin birinci mərhələsidir. Ağır cinayətə tərəf bir addımdır.
— Sizcə, qadın polislərin sayını artırmaq vəziyyəti dəyişə bilər?
— Bilirsiniz, mən özüm belə polisə həvəssiz gedirəm. Bəzən onlarla dil tapmaq çətin olur. Hansısa bölgədə qadınların polisə müraciəti müşkülə çevrilir. Təsadüfi deyil ki, bölgələrdə qadınlar polisə ümumiyyətlə az müraciət edir. Odur ki, rayonlarda icra başçısının sosial humanitar məsələlər üzrə müavinləri qadın olur. Əlbəttə, qadın polislərin sayı problemin həllinə müsbət təsir edər. Amma onlar mütləq treninqlər keçməlidirlər ki, peşəkarlaşsınlar. Qadınlarla işləmək üçün qadın və uşaq psixologiyasını öyrənmək çox yerinə düşərdi.
— Hökumətin gender siyasətini necə qiymətləndirirsiniz?
— Gender cinslər arasında bərabərlikdir. Hazırda ölkəmizdə cinslər arasında bərabərlik yoxdur. Tərəzinin bir gözü kişilərin xeyrinə ağırlaşdığı üçün genderə qadın probemi kimi baxırlar. Əslində isə məsələnin mahiyyətində o dayanır ki, hər iki cinslə bərabər işlənməlidir. Hər iki cins anlamalıdır ki, bu, müştərək problemdir. Bu qəbul edilməsə, problemin həllini mümkünsüz sayıram. Azadlıq, bərabərlik insan haqları həm kişilərə, həm də qadınlara lazımdır. Unutmaq olmaz ki, məişət zorakılığından uşaqlar da əziyyət çəkir. Cəmiyyət tək qadınlardan ibarət deyil. Uşaqları və kişiləri kənarlaşdırıb təkcə qadınlarla işləməyi düzgün saymıram. Onu da deyim ki, Qərbdə gender deyil, feminizm problemi var. Bunu qəbul etmirəm. Bir cinslə iş fayda verməyəcək.
Gender proqramları ilk dəfə Azərbaycana BMT tərəfindən gətirilib. Təəssüf ki, son illər bu sahənin tədqiqinə ayrılan maliyyə vəsaiti xeyli azalıb. Doğrudur, ayrı-ayrı qurumlarda bu məsələ ilə məşğul olanlar var. Qadınlarla bağlı dövlət proqramları da var. Lakin fikrimcə, koordinasiyada çətinliklər müşahidə edilir. Gender problenləri üzrə koordinatorun olması yerinə düşərdi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 297