Muəllif:

Bizə bir söz, İrəvana başqa söz

Tehran Bakıya müştərək ticarət palatası yaratmağı təklif edir, paralel olaraq Ermənistanla əlaqələrini də unutmur. Bakıda bizim auditoriya üçün bir söz deyir, İrəvanda ermənilərə yarınmaq üçün başqa sayaq davranırlar.

Məsələn, İranın Ermənistan səfirliyində, eləcə də Moskva səfirliyində çalıqşan diplomatlardan işğal altında olan Azərbaycan torpaqları ilə bağlı fikir eşitmək mümkün deyildir. Son olaraq, İslam Respublikasının Ermənistan səfirliyinin mətbuat katibi Həmid Muradxani ölkəsinin mövqeyini açıqlamaqdan çəkinib. «Novosti-Armenii»nin məlumatına görə, o, adı çəkilən informasiya vasitəsinə müsahibəsində «şəxsi bəyanatları şərh etmədiyini» deyib.

Bəlli olduğu kimi, İran rəsmiləri Azərbaycanda və beynəlxalq qurumlardakı çıxışlarında Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdıqlarını, habelə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından, Qarabağdan çıxmasını dəfələrlə bəyan ediblər. Bu mövqeyi Tehranın ölkəmizdəki səfiri Möhsün Pakayin də bizim yerli informasiya vasitələrinə müsahibəsində bildirərək deyib ki, «İran Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır». İrəvanda çalışan Həmid Muradxani isə müsahibəsində deyir:

«İran hesab edir ki, Qarabağ münaqişəsi dinc danışıqlar yolu ilə həll edilməlidir. Biz bölgə dövlətlərinin problemlərini həll etməsi qabiliyyətinə malik olduqlarına əminik. İslam Respublikasının Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməzdir. Buna uyğun olaraq, İranın Ermənistan səfirliyi şəxsi bəyanatları şərh etmir».

Şərqi Azərbaycan, Ərdəbil və Qərbi Azərbaycan əyalətləri ilə Ermənistanın iqtisadi-ticari əlaqələrinin gücləndirilməsi yönündə çalışmalar isə ara vermir. Gələn xəbərlərə görə, Ermənistanın Armavir vilayətinin qubernatoru Təbrizdə səfərdədir. Şərqi Azərbaycan əyalətinin valisi Əhməd Beygi ilə Armavir qubernatoru Aşot Qəhrəmanyan arasındakı görüşdə bu məzmunda məsələlər müzakirə olunub. Əhməd Beygi bildirib ki, Ermənistanın aqrar sektorunun potensialını nəzərə alaraq bu sahəyə yatırım qoymağı düşünürlər: «Bunun üçün İranın Şərqi Azərbaycan əyalətinin texnoloji imkanları da var. Biz Ermənistanla əməkdaşlığın genişləndirilməsində maraqlıyıq».

Qəhrəmanyan isə öz növbəsində İran-Ermənistan əlaqələrinin başqa ölkələrə zərər vermədiyini və sırf iki ölkənin mənfəətlərini təmin etməyə yönəldiyini vurğulayıb. Onun sözlərinə görə, İran və Ermənistan iki dost və qonşu ölkədir: «Bu baxımdan bir çox sahədə əməkdaşlığı inkişaf etdirmək vacibdir».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 121