Muəllif:

Bayatı — nisgilin bir adı

Bayatı nədir? Belə cavablamaq olardı: bayatı — bizim insanın damarda axan qanına hopmuş, etnik tariximizlə yanaşı addımlayan mənəvi sərvət… Bədii yaradıcılıq qəribə, müəmmalı bir möcüzədir. O, görünməz əli Tanrıya yetən və ondan ilahi enerji alan barlı ağacdır. Bir ucu asiman, bir ucu torpaq… Bu ağacın çoxsaylı budaqları var, bunlarda yarpaqlar açır — yamyaşıl… Yaşıl yarpaq yaşayır, saralıb solur, ölür. Bayatılar isə ölmür. Onlar yaşarıdır.
Bayatı demək xüsusi ovqata köklənməyi tələb edir. Hər əli qələm tutan bayatı deyə bilməz. Onlarca bədii əsər müəllifi olan Salatın Əhmədli də bir gün sözünü bayatıda demək, özünü bayatıda sınamaq istəyib. Və bir toplu: «Analar köç edəndə» doğulub… Özünün qeydi:
«Birdən bayatı çağırmaq keçdi ürəyimdən. Düzüldü, səsləndi bayatılar durna qatarı kimi. Yazım, yazmayım? İndi şeir yazan da çoxdur, bayatı deyən də. Bir yandan da mən. Xeyli tərəddüddən sonra qəlbimdən süzülən bu bayatıları yazıya almağı qərarlaşdırdım…»
Bu bayatı toplusunun adına gəldikdə, Salatın Əhmədli bir ana itirib. Ürəyi sözlü, bayatılı Güləbatın nənə bu ötənlərdə yüz yaşındaykən dünyadan köçüb. Onun dediyi bayatıların ovsunu müəllifə təsirsiz qalmayıb.
Alman filosofu Hegelə görə, bədii yaradıcılığın həqiqi zənginliyi ilk növbədə şair, yazıçı, publisist şəxsiyyətinin zənginliyindən, çoxcəhətliliyindən, bu şəxsiyyətin milli təbiətindən, «mən»indən asılıdır. Bu hissin mayasında Vətən, Ana qüdsiyyəti durur. Bu iki müqəddəs məhfum yoxsa, onda heç dəyərli, bədii örnəklər də olmayacaq. Bütün bu hisslər yaradıcı fərdin təbiətində doğulur, bütövləşir. Salatın Əhmədlinin bu yaxınlarda təqdim etdiyi «Analar köç edəndə» bayatılar toplusu filosofun bu sözlərini ifadə edir özlüyündə.
Düşüncələrini bayatılarda demək ehtiyacı… Poetik məharəti bir kənara qoyaq, bu bayatılarda ən başlıcası əxlaq və tərbiyə var. Əxlaq və tərbiyə isə dünyanın cismani və ruhani gerçəkliyinin dərkində poetik bələdçi rolunu oynayır. Bu bayatılar bu əxlaqı, bu tərbiyəni aşılayır oxucusuna.
Dünyanın axarı — olum, ölüm, itkilər, sevgi, məhəbbət, həsrət… Bunlar deyilmiş bayatıların içindən süzülüb cismimizə hopur. Yaradıcı fərdin yeri, məkanı oxucuların qəlbindədir, hiss və düşüncələrində, sevinc və iztirablarındadır. Salatın Əhmədlinin bu bayatıları qəm ortağıdır oxucuya. Hər bir insanın ürəyində daşıdığı kədər payının tərcümanıdır, mürgülü xatirələri oyada, ruhumuza sığal çəkə bilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 887