Gəncənin Məhsəti qəsəbəsində 4 ədəd partlamamış hərbi sursat aşkar edilib. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, mərmilər Məhsəti qəsəbəsində yaşayış evlərinin 10 metrliyində köhnə hərbi hissənin tikanlı məftillərlə çəpərlənmiş ərazisinin kənarında tapılıb.
Sakinlərin sözlərinə görə, mərmilər artıq uzun illərdir buradadır. Qəribə burasıdır ki, nədənsə bunu bilə-bilə bu barədə aidiyyəti qurumlara məlumat verməyiblər.
Sakinlər bildiriblər ki, mərmilər aşkar edilən küçənin qarşı tərəfində yerləşən boş ərazi əvvəllər "N" saylı hərbi hissənin ərazisi olub. Lakin 2 il əvvəl həmin hərbi hissə bu ərazidən köçürülüb. Aşkar edilmiş mərmilər barəsində aidiyyəti qurumlara və Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə məlumat verildikdən sonra ANAMA-nın mütəxəssisləri və aidiyyəti qurumların əməkdaşları hadisə yerinə gəliblər.
Əraziyə baxış keçirən ANAMA mütəxəssisləri aşkarlanan sursatın 140 millimetrlik reaktiv mərmilər olduğunu müəyyənləşdirib. Mərmilərdən 3-ü qəlpəli, 1-i isə kimyəvi partlayıcıya malikdir. ANAMA mütəxəssisləri tərəfindən ərazi işarələnib, təhlükəsizliyin təmin edilməsi üçün ərazidə polis postu yaradılıb. Sabah isə partlamamış hərbi sursatlar ANAMA-nın Tərtər bazasına aparılaraq orada zərərsizləşdiriləcək.
|